Salam, xoş gəlmisiniz.

Həmdulla əfəndi Əfəndizadə - 150

2020-02-13 14:59:00

Həmdulla əfəndi Əfəndizadə - 150

(Quba qəzası - 1870 (kiçik çillənin-fevralın əvvəli) Qələgah, Bakı quberniyası - 3 iyul 1929, Nargin adası)

Azərbaycan Milli İstiqlal Hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Demokratik Respublikası (AXC) Parlamentinin üzvü, Sovet hakimiyətinin ilk aylarında baş vermiş Quba üsyanın (1920) başçısı Həmdulla əfəndi məşhur alim və övliya İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur.

Həmdulla əfəndi 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirib (1906) ərəb, fars və rus dillərini öyrənmişdir. Həmdulla Əfəndiyev ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən biri olub. O, Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində səfərbəredici nüfuz sahibi olaraq savaşmışdır.

1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırım törətməyə başladıqda, Həmdulla əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı igidliklə vuruşmuşdur. Əfəndiyevlər Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, "İttihad" partiyasının fəal üzvlərindən olmuşdur. Həmdulla əfəndi Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş və İttihad fraksiyasının üzvü olmuşdur. 1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndi öz silahdaşları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdular.

Ümumiyyətlə Həmdulla əfəndi 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraam Velnutsun, 20-ci illərdə isə İ.Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür. Azərbaycanda rus-bolşevik işğalçıları Sovet hökuməti qurduqdan bir neçə il sonra təqib edilən Həmdulla əfəndi 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 1929 il 3 iyul tarixində Nargin adasında güllələnmişdir.

Bəzi qaynaqlar isə ayağına daş bağlanaraq Nargin adasından dənizə atıldığını söyləmişlər. Yazıçı-tədqiqatçı Kərim Dünyamalının bu olayları da əhatə edən "Bir soyun taleyi" adlı sənədli-bioqrafik kitabı marağlananlara yaxın və şərəfli keçmişimiz barədə əhatəli bilgi verməkdədir. Allah bütün dövrlərdə yaşamış türk-müslüman böyüklərinə, istiqlal mücahidlərinə qəni-qəni rəhmət eləsin. Onların qəhrəmanlıqları qədirbilən yaddaşlara həkk olunaraq gələcək nəsillərimizin də milli ruhiyyəsini diri saxlar inşallah.

Hazırladı: C.A.Albantürk

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93