Salam, xoş gəlmisiniz.

Hər dövrün öz memarına verdiyi qiymət...

2019-05-11 14:46:14

Hər dövrün öz memarına verdiyi qiymət...

Tarixdə hər xalq öz qəhrəman oğullarının fədakarlıqları ilə tanınıb. Belə qəhrəman oğullar hansı zamanda, hansı məkanda olur olsun rastlaşdıqları mövcud reallıqlar qarşısında iradə, əzm göstərib öz xalqlarını düşdükləri çətin vəziyyətdən xilas etmək üçün qətiyyətli addımlar atıblar.

Belə qəhrəmanların öz zamanlarında xilas etmək istədikləri xalqın başqa nümayəndələri tərəfindən düzgün anlaşılmasalar, düzgün qiymətləndirilməsələr də onlar səbr və dözüm nümayiş etdirərək başladıqları işin sonunu gözləmiş və gələcək üçün yaratdıqları quruluşun həqiqi və xalqının gələcəyi üçün vacib olduğuna ümid etmişlər.

Hərdən öz dövrlərində və bir qədər keçdikdən sonra qəbul edilməyən belə qəhrəmanlıq göstərən insanlar 30 – 40 il və ya daha da çox keçdikdən sonra öz xalqları və bütün bəşəriyyət üçün gördükləri işlərə görə hörmət və ehtiramla yada düşürlər və öyrənilməyə başlanılırlar. Belə bacarığa, yaradıcılığa və idarəçiliyə malik istedad sahibi olan kişilər öz xalqının bütün xırda və gərəksiz şıltaqlıqlarına dözərək başladıqları mübarizəni Vətənə sevgi, məhəbbətlə sona çatdırmağı özlərinə borc biliblər.

Mir Cəfər Bağırov başladığı işdə çətinliklərlə qarşılaşsa da bilirdi ki, bu mübarizədə ona qarşı müəyyən qarşıdayanmalar, əngəllər olacaq, hətta ona güləcəklər, ancaq inanırdı ki, sonda o qalib gələcək. Müstəqil və Bütöv Azərbaycan yaradacaq.

Azərbaycan xalqı qədim zamanlardan çox təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə məruz qalıb. Müxtəlif zamanlarda müstəqil dövlət yaratmaq uğrunda mübarizələr olub. Tarixdə bizə yaxın olanı Məhəmməd Əmin Rəsulzadənin memarlığı ilə yaradılmış Müstəqil Azərbaycan Cümhuriyyəti çox yaşamasa da Mir Cəfər Bağırov o dövrdə xəyal kimi görünən hər şeyin bir gün gerçək ola biləcəyinə inanırdı. O inanırdı ki, iki Azərbaycan birləşib güclü, yenilməz qüdrətə malik bir Dövlət qurulacaq.

Tarixdə məşhur şəxsiyyətlər haqqında yaşadıqları zamanda və ya sonralar çoxlu kitablar yazılıb, dövrlərinin məşhur keykəltəraşları tərəfindən heykəlləri yaradılıb. Bəzilərinin gördüyü işlər ziddiyyətlərlə və lazımsız əyləncələrlə əlaqəli olduğuna görə hazırlatdıqları heykəllər dağıdılmış, yazılan kitablar da itib – batmış, tarixdən silinmişdir.

Ancaq elə qəhrəmanlar da var ki, heykəli olmasa da daim ürəklərdə, qəlblərdə, arzularda yaşayacaqlar...

Mir Cəfər Bağırov onun barəsində qəzetlərdə yazı yazanları tənqid edər, əmək qabaqcıllarının işlərini və müharibə vaxtı müharibədə döyüşənləri qələmə almağı tövsiyə edərdi. Arxivdə öz şəkillərinin küçədəki divardan və iclas zallarından yığışdırtması barədə kifayət qədər sənədlər var. 25 ildən çox arxivlərdə araşdırma aparan tanınmış yazıçı – publisist, arxiv tədqiqatçısı Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitablarında Mir Cəfər Bağırovun gördüyü işlərin vacibliyi və ona qarşı edilən haqsızlıqlar haqqında çoxlu arxiv sənədləri var. İndi diqqətinizi adı çəkilən, 1-ci kitab, səhifə 29-34-dən bir parçadakı bir neçə məqama yönəltmək istəyirəm:

“Rüşvət alıb rüşvətxorluqla mübarizədən danışanlar, haqsızlıq edib haqdan dəm vuranlar, millət deyib millətin zavallılarını ehtiyac içində saxlayanlar sözsüz ki, Mir Cəfər Bağırov şəxsiyyətinə ağız büzəcəklər. Mir Cəfər Bağırov əməlisaleh şəxsiyyət idi. Heç vaxt sərvət və şöhrət əsiri, haram pul düşkünü olmamışdı. Ailə üzvləri də həmçinin. Ona görə də Bağırov dövründəki kadrların heç biri rüşvət almırdı. Mir Cəfər Bağırov üçün rüşvətxorluq ən ağır cinayət idi. Mir Cəfər Bağırov nə Kərbəlaya, nə də Həccə getmişdi. Ancaq Allah adamı idi. Haramı qəbul etmədiyi üçün haramzadələrə qarşı amansız idi.

Azərbaycan kommunistlərinin XX qurultayından bir neçə həftə keçmiş, Novruz bayramı ərəfəsində Mir Cəfər Bağırovu Kuybışev şəhərində həbs etdilər. Həmin gün onun əzizləri üçün qara bayram idi, düşmənləri isə Moskvada, Yerevanda erməni konyakı içə - içə Mikoyanın şərəfinə badələr qaldırırdılar. Azərbaycan mətbuatında isə keçmiş rəhbərə qarşı tənqidi materiallar dərc olunmaqda davam edirdi. Onu xalqın gözündən salmağa çalışsalar da, qəlbindən silə bilmirdilər.

Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümü və 1 May bayramları həmişəki kimi təntənə ilə bayram edilirdi. Şəhər camaatının ən çox maraqlandığı məsələ isə Mir Cəfər Bağırovun məhkəməsi idi. Bu məhkəmə Azərbaycan xalqına göz dağı çəkdirmək üçün qurulmuş bir tamaşa idi. Yollar kəsilmiş, binanın damında süngülü adamlar durmuşdu, pulemyot da vardı. Xruşşovlar, mikoyanlar, rudenkolar təşviş hissi ilə elə zənn edirdilər ki, Azərbaycanın hər yerindən əhali tökülüb - gələcək, Dzerjinski klubunu dövrəyə alacaq, öz rəhbərini xilas etmək istəyəcəkdir...

İkinci dünya müharibəsi illərində bəşəriyyətə bu üç ad doğmalaşdı: Stalin, Ruzvelt və Çörçil. Bu üç ölkə başçısı bir cəbhədə birləşərək Hitler faşizminin axırına çıxdı. 1959-cu ildə Stalinin anadan olmasının 80 illiyi SSRİ-də qeyd olunmadı. Adı, portretləri kitablardan, meydan və küçələrdən götürülmüşdü. Müharibənin tarixi də təzədən yazılmışdı. Stalinin adının üstündən xətt çəkilib...N.S. Xruşşov yazılmışdı.

Stalinin anadan olmasının 80 illiyi münasibətilə 1959-cu il dekabrın 21- də Çörçil isə Londonda öz çıxışında deyirdi: “Rusiya üçün böyük xoşbəxtlik idi ki, ölkənin ağır dövründə dövlət başında Stalin kimi böyük və sarsılmaz bir sərkərdə durmuşdu...

O ən yüksək dərəcəli bir insan idi. Elə bir dahi insan idi ki, düşməni öz əllərilə məhv etdi”...

Zaman göstərdi ki, Stalini tarixi şəxsiyyət kimi tənqid edib hörmətdən salmaq deyil, səhvlərindən ibrət götürmək lazım idi. Mir Cəfər Bağırov da Azərbaycan xalqının öz “Stalini” idi. Onun adını bədnam etməmək də olardı. Onu bütün varlığı ilə bağlandığı Azərbaycandan Volqa sahilinə - Kuybışevə atmamaq da olardı.

...İki ilə yaxın idi ki, Bakı intizarla yolunu gözləyirdi. Xəbər gəzirdi ki, məhkəməsi respublikanın özündə aparılacaq.

...1956-cı il sentyabrın 17-də Mir Cəfər Bağırovun altmış yaşı tamam olacaqdı. Stalinin vəfatından sonra ölkə rəhbərliyinə gələnlər də Amerika Birləşmiş Ştatlarında Ruzvelti əvəz edənlər kimi olsaydılar... Yox, yox, bu ola bilməzdi. Çünki onlar kapitalizm sistemində, biz sosializm cəmiyyətində yaşayırdıq. Hakimiyyət başında olanları ölən kimi cəhənnəmə vasil etməsəydik, irəliyə addımlaya bilməzdik. Mir Cəfər Bağırov 60 yaşına beş ay qalmış bunları düşünürdü. Yadına əlli yaşında olduğu günlər düşürdü. O vaxt beşinci dəfə Lenin ordeni ilə təltif edilmişdi. Stalin də zəng vurub onu təbrik etmişdi. Ancaq yaxın partiya həmkarlarının xahişini yerə salmışdı: heç bir təntənəli tədbir keçirməyi özünə rəva bilməmişdi. Əgər razılıq versəydi, Azərbaycanın bütün vəzifədə olan və olmayan ədibləri ona əsərlər həsr edərdilər. Radio ilə geniş verilişlər təşkil olunardı. Ünvanına göndərilən təbrik məktubları “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərinin bir neçə aylıq səhifələrində qalardı. Vərəqləyin, yalnız və yalnız bir material vardır - Şvernik və Qorkin tərəfindən imzalanmış Fərman.

SSRİ Ali Soveti Rəyasət Heyətinin bu fərmanı ilə “anadan olmasının 50 illiyi münasibətilə, partiya və sovet xalqı qarşısında böyük xidmətləri nəzərə alınaraq” Lenin Ordeni ilə təltif edilmişdi.

Mir Cəfər Bağırovun altmış yaşı ərəfəsində isə onun adı qarşısında “orden” sözünün yerində tutulması barədə “order” vardı. Yadına çox şeylər düşürdü. Xəyalından çox adamlar gəlib - keçirdi. Xatırlayırdı ki, Nərimanov vəfat edəndə Azərbaycanın bir neçə partiya xadimi onun dəfnində iştirak etməkdən imtina etmişdi. Çünki Stalinin Nərimanova mənfi münasibətini bilirdilər. O da Nərimanov əleyhinə çıxış etmişdi. Stalinin tapşırığı belə idi. Ancaq təskinliyi bunda idi ki, heç olmasa bircə dəfə Nərimanovun Kreml divarları yanındakı məzarı başına getmişdi və bunu indiyəcən Allahdan savayı heç kəs bilmirdi. V.İ. Leninin sağlığında 1923 - cü ildə Siyasi Büroda fəaliyyət göstərənlərdən 1929 – cu ildə vur - tut bircə nəfər - İ.V. Stalin qalmışdı. Sovet Azərbaycanında da köhnə və görkəmli siyasi - ictimai xadimlərin qara siyahısı Kremldə hazırlanırdı. Mir Cəfər Bağırov bunun qarşısının alınmasında aciz idi. Mir Cəfər Bağırovun həyatı çoxlarına müəmmalı görünən təzadlarla doludur. Ancaq bir həqiqət hamıya aydındır ki, ömür yolunun ən keşməkeşli çağlarında belə o, əqidəsindən dönməmişdir. Stalinin göstərişlərinin Azərbaycanda yerinə yetirilməsindən hədsiz iftixar hissi keçirmişdir. Yalançı sosializm demokratiyası pərdəsinə bürünmüş bir cəmiyyətin zorakılıq metodlarına qanuni hal kimi baxmışdır. Çünki avtoritar hakimiyyət üsulunun bundan başqa çıxış yolu yox idi.

(Ardı var)

Füzuli Baratov

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93