Hərbi ekspertdən “Hürriyyət”in təklifinə dəstək – “BİZ BUNA “YAŞIL İŞIQ” YANDIRMALIYIQ”

19 May, 2020, 11:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Üzeyir Cəfərov: “Əgər sən oğru, əli əyri deyilsənsə, ictimai nəzarətdən niyə qorxursan?”

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Milli Məclisin spikeri Sahibə Qafarovaya və bütün deputatlara müraciət ünvanlayıb. Baş redaktor müraciətində bir neçə il əvvəl Milli Məclisin qəbul etdiyi Milli ordu üzərində ictimai nəzarətin qaldırılması haqda qərarın ləğv olunmasının vacibliyinə diqqət çəkərək, bu mürtəce qanunun ləğv edilməsini, ordu üzərində ictimai nəzarətin bərpasını diqqətə çatdırmışdı.

V.Məmmədovun bu müraciəti çox sayda deputat,  politoloq və ictimai nüfuzu olan şəxslər tərəfindən dəstəklənsə də, təəssüf ki, hələ də Milli Məclisin məsələyə rəsmi reaksiyası yoxdur. Amma əslində, əksər dövlət strukturlarında korrupsiyanın, rüşvətin tuğyan etdiyi bir vaxtda silahlı qüvvələrə rəhbərlik edən qurumların şəffaf fəaliyyət göstərməsi mümkünsüzdür. Bu, ordu ilə bağlı mətbuatda gedən yazılarda da dəfələrlə öz əksini tapıb. O baxımdan da orduda baş verən neqativ hadisələrin, qanunsuzluğun, özbaşnalığın,  korruspiyanın, rüşətxorğluğun ört-basdır edilməsinə xidmət edən 15 dekabr 2017-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna yenidən baxılmasına, ordu üzərində ictimai nəzarətin bərpa olunmasına ciddi ehtiyac var.

“Nəzarət mexanizmini pis məna kimi qəbul etmək lazım deyil”

Ordu üzərində ictimai nəzarətin bərpa edilməsi ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “Hürriyyət”lə fikirlərini bölüşüb: “Əgər ölkənin Ali baş komandanı, prezidenti deyirsə ki, nəzarət mexanizmi hər yerdə işləməlidir, mən hesab edirəm ki, silahlı qüvvələr də bu prosesdən kənar qalmamalıdır. “Nəzarət” sözü  sovetlərdən qalmış “obexes”lərdə olan o sözlə dəyişik salınmamalıdır. Nəzarət yaxşı mənada nəzarət kimi başa düşülməlidir. Bəziləri fikirləşirlər ki, ictimai nəzarət odur ki, (ifadəmə görə üzr istəyirəm) hamı çıxıb güc strukturlarının divarları üstündə oturub içəriyə baxır və yaxud hər qapının ağzında bir nəfər oturub güdür ki, kim nə işlə məşğuldur. Ax, bu, belə deyil. Dünyada bu nəzarət mexanizminin nümunələri mövcuddur. Nəzarət mexanizmi də işə kömək məqsədilədir. Hər şeyi fiziki cəhətdən bir adam görə bilməz. Bəzən elə məsələlər var ki, onlar onu görmürlər. Son vaxtlar ölkə başçısı özü dəfələrlə qeyd edib ki, vətəndaşların müraciətini mənə çatdırmırlar, məktubları gizlədirdilər. Yəni mən bunun tərəfdarıyam. Sözün yaxşı mənasında dost, dövlətçilik münasibəti olmalıdır, düşmən münasibəti olmamalıdır. Nəzarət mexanizmini pis məna kimi qəbul etmək lazım deyil. Bu, ümumi işin xeyrinə olan bir yanaşmadır. Hərənin öz yanaşması var, amma bundan çəkinmək, qorxmaq lazım deyil. Yəni bu işi müsbətə doğru yönəltmək lazımdır ki, ümumi işin xeyrinə olsun. Xüsusən güc strukturlarında, polis, prokurorluq orqanlarında, hərbi qurumlarda nəzarət olsa, bunun nəyi pisdir ki? Mən demirəm ki, hərbi sirrlərə kiminsə əlçatanlığı təmin olunmalıdır”.

 “Milli Məclisdə oturan deputatların əksəriyyəti qanunlara əlavə və düzəlişləri oxumadan səs verirlər”

Ü.Cəfərov Milli Məclisin qəbul etdiyi bir sıra qanunlara etirazını bildirdi: “Mən öz sahəmi deyirəm, əvvəlki illərdə hərbi qulluqçularla bağlı olan məsələləri onlar əvvəlcədən elan edirdilər və bu məsələlər yaxşı mənada cəmiyyətdə müzakirə olunurdu. Deputatlar da o məsələləri Milli Məclisdə səsləndirəndə həm ictimaiyyətin fikirlərinə istinad edirdilər, həm də özlərinin təkliflərini verirdilər. İndi isə əcaib bir vəziyyət yaranıb, qanunu qapalı müzakirəyə çıxardırlar, qəbul edirlər, sonra da elan edilər. Bu, əsla düzgün deyil. Bu həftə mən Milli Məclisin rəhbərliyinə açıq şəkildə bir məktub ünvanlayacam. Bir neçə il bundan əvvəl Hadı Rəcəbli ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ordunu dövlətdən, cəmiyyətdən narazı salan bir hərəkət ediblər. Əvvəlki illərdə hərbi qulluqçu xidmətdə olanda, yaxud xidmətdən təxris olunandan sonra, onun başına bir iş gəlirdisə, onun aldığı məvacib ailəsinə verilirdi. Bu, bütün dünyada qəbul olunmuş qərardır. Hadı Rəcəbli millət vəkili Sahil Babayevlə bir yerdə guya, dövlət büdcəsinə qənaət edirlər deyə, özbaşına bu qərarı müzakirəyə çıxardıblar, Milli Məclis də bunu qəbul edib.

Bu Xüdafərin məsələsi də elə. Bu, zarafat məsələ deyil. Milli Məclisdə oturan deputatların əksəriyyəti qanunlara əlavə və düzəlişləri oxumadan səs verirlər. Bu, çox təhlükəli bir şeydir. Hərbi qulluqçularla bağlı Hadı Rəcəbli ilə Sahil Babayevin təklifinə də elə səs veriblər. Hazırda yüzlərlə hərbi qulluqçu ailəsi bu gün faktiki olaraq taleyin ümidinə atılıb. Biz bu məsələni Milli Məclisin bir neçə üzvü ilə müzakirə etdik. Nazirlər Kabinetində şöbə müdiri ilə görüşdük, dedim ki, siz özünüzü hərbçinin yerinə qoyun, 25 il hərbçinin həyat yoldaşı hərbçiyə xidmət edir, onu dövlət üçün bəsləyir, yeməyini, içməyini həll edir və günlərin bir gün hərbçinin başına bir iş gələndə dövlət hərbçi üçün “qulluqçu” olan bir şəxsi taleyin ümidinə buraxaraq, küçəyə atır. Deməli, hərbi qulluçu dünyasını dəyişəndən sonra ailəsi nə onun pensiyasını, nə də onun məvacibinin müəyyən hissəsini alır. Yalnız bir şərt qoyublar, gərək, hərbçinin həyat yoldaşının mütləq əlilliyi ola ki, onun ya pensiyasına, ya da məvacibinin  müəyyən hissəsinə iddia edə bilsin. Görün, nə qədər axmaq bir qanundur. Sabah kim hərbçiyə qızını verəcək, yaxud kim hərbçi ilə ailə quracaq? Axı, bu yanaşma doğru deyil”.

“İctimai nəzarətdən yalnız o şəxslər ehtiyat edirlər ki, əməllərində düzgün deyillər”

Ü. Cəfərov ictimai nəzarətin vacib olduğunu dedi: “Əgər sən oğru, əli əyri deyilsənsə, ictimai nəzarətdən niyə qorxursan. Sən vətənə, dövlətə vicdanla xidmət edirsənsə, nədən qorxursan? İctimai nəzarətdən yalnız o şəxslər ehtiyat edirlər ki, əməllərində düzgün deyillər. Qorxurlar ki, sabah bir şey olan kimi ictimaiyyət bundan xəbər tutacaq, bunlar vəzifələrini itirə biləcəklər. O tutulan 5 icra baçşısının, onların müavinlərinin, yaxud həbs olunan başqa məmurların fəliyyətinə əgər normal şəkildə ictimai nəzarət olsaydı, heç bu qədər dövlət adına ləkə olmazdılar. Siz bu məsələnin kriminal tərəfinə baxmayın, əslində, bu, çox rüsvayçı bir şeydir. Təsəvvür edin ki, Azərbaycanda akkreditə olunmuş hərbi ataşşelər, səfirlər baxıb görürlər ki, dövlət strukturlarında çalışanların hansına baxırsan rüşvətxor, korrupsionerdir. Burada mili nüanslar var, azərbaycanlıya sabah xaricdə oğru kimi baxacaqlar, vəzifə etibar etməyəcəklər, azəbaycanlı ilə yanbayan oturmağa ehtiyat edəcəklər. Bunun dərin kökləri var. Biz buna elə-belə yanaşmamlıyıq ki, hansısa bir icra başçısı harınlıq etdi, yaxud hansısa bir güc strukturunun əməkdaşı nəsə etdi. Bu məsələ Azərbaycanın daxilində qalmır, bu, bütün dünyanı gəzib dolaşır. Ona görə, ictimai nəzarətdən qorxmaq lazım deyil. Biz o vaxtı dedik, sənəd hazırladıq, müzakirələr apardıq. O vaxtı müdafiə naziri Səfər Əbiyev idi. Nazir müavinləri, idarə rəisləri ilə görüşdük. İndi də Müdafiə Nazirliyinin, yaxud digər strukturların rəbbərliyi ilə görüşürük, deyirik ki, bu, sizin xeyrinizə olan bir şeydir. Sabah sizin də diliniz uzun olacaq, deyəcəskiniz ki, “biz görmürdük, ictimaiyyət hara baxırdı, bu məsələdə bizə bilgi vermirdi, yaxud dəstək olmurdu”. Ona görə də mən bu təklifi ikiəlli dəstəkləyirəm. Çünki bu, dövlətçilik nöqteyi-nəzərindən normal bir yanaşmadır və biz buna “yaşıl işıq” yandırmalıyıq, bundan qorxmaq lazım deyil. Mən hesab edirəm ki, biz bundan yalnız bəhrələnməliyik və buna can atmalıyıq”.

 “Qərarların əksəriyyəti Milli Məcslidə gizli şəkildə qəbul olunur, belə olmamalıdır”

“2017-ci ildə orduda ictimai nəzarətin aradan qaldırılması ilə bağlı qərar qəbul ediləndə mətbuatda buna reaksiyanız necə olmuşdu” sualına Ü. Cəfərov belə cavab verib: “Mən bayaq sizə Hadı Rəcəbli ilə Sahil Babayevin Milli Məclisə təklifini misal çəkdim. Guya bunlar prezidentin, xalqın qabağında qal qazanırlar, yaxud da guya, bunlar dövləti bizdən çox istəyirlər, halbuki ikisi də müftəxordur. Hadı Rəcəbli də, Sahil Babayev də həyatı boyu Azərbaycan dövləti üçün zərrə qədər xeyirləri olmayan şəxslərdir. Bütün həyatları boyu kabinetlərdə oturub, Azərbaycan üçün barmağını barmaq üstə qoyub iş görməyiblər, Hadı Rəcəbli ağzını açanda biabırçılıq idi, deyirdi “müəllim getsin dərsdən sonra daş hörsün, filan iş görsün”, pensiyanı 65 yaşa qaldırdılar. O qədər şeylər var ki. Qərarların əksəriyyəti Milli Məcslidə gizli şəkildə qəbul olunur, belə olmamalıdır. Bunun bir çıxacağı olacaq, amma çox pis çıxacağı olacaq, insanlar buna təpki göstərirlər, narazılığını bildirirlər.

Yenə də deyirəm, ictimai nəzarət sözü qorxutmamalıdır. İkincisi də sən əgər vəzifədə oturmusansa, nədən qorxursan? Səni vəzifəyə qoymayıblar ki, sən orada at oynadasan. Konstitusiya, qanunlar var, sən qanunlar  çərçivəsində hərəkət etməlisən”.

 “Çox arzu edərdim ki, indiki baş prokuror Kamran Əliyev Xanlar Vəliyevi yeni bir kadrla əvəzləsin”

Ü. Cəfərov təəssüf edir ki, hərbi prokurorun səlahiyyət müddətini uzadıblar: “Çox arzu edərdim ki, indiki baş prokuror Kamran Əliyev Xanlar Vəliyevi yeni bir kadrla əvəzləsin. Çünki o, bəzi məsələlərin şəffaf şəkildə həyata keçirilməməsinin səbəbkarıdır. Bizim hərbi sahə ilə bağlı xeyli təkliflərimiz, fikirlərimiz var ki, o fikirləri yerinə yetirmək nəinki bizim özümüz üçün, dövlət, həmin o vəzifəli şəxslər üçün yaxşı olar. Biz sadəcə olaraq ictimaiyyətdən gələn sifarişləri mətbuat vasitəsilə lazımi orqanlara çatdırırıq. Bizim işimiz budur. İctimai nəzarət mütləq mənada lazımdır və bu bütün dünyada Amerikada, Türkiyədə, digər ölkələrdə də var. Harada ki, ictimai nəzarət var, o yerlərdə işlər daha keyfiyyətli, şəffaf keçirilir, nəinki bağlı qapılar arxasında. Bağlı qapılar arxasında cinayət də, cinayətkar da özlərini çox rahat hiss edirlər”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93