Heydər Oğuz Çingiz Abdullayevi erməni ilə müqayisə etdi: “O, hansı xalqın yazıçısıdır?”

23

Son zamanlar Azərbaycanda rusdilli məktəblərin aqibəti barədə müzakirələr qızışır. Rusdilli məktəblərin bağlanmasını tələb edənlərlə yanaşı, onların qorunmasını istəyənlər də az deyil. 
 
Bəs Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər Oğuz bu barədə nə düşünür?

Şair-publisistin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik.

-Heydər bəy, siz bu müzakirələrdə hansı tərəfdəsiniz?

-Bu məsələyə bir neçə aspektdən yanaşa bilərik – hüquqi, siyasi, mədəni, gələcək nəsillərimizin intellektual səviyyəsi və s. İlk növbədə ondan başlayaq ki, Azərbaycan Konstitusiyasına görə, dövlət dilimiz Azərbaycan dilidir. Dolayısıyla bizim bütün dövlət qurumlarımızın dili də Azərbaycanca olmalıdır. Xüsusilə təhsil siyasəti bütün respublikada dövlət tərəfindən müəyyənləşdirilmiş strategiya əsasında aparılır və missiyası Azərbaycan Respublikasının vətəndaşlarını yetişdirməkdir. Biz əgər rusdilində danışan, rus kimi düşünən, Rusiyanın dövlət stereotipləriylə hərəkət edən insan yetişdirəcəyiksə, onda hansı müstəqil dövlətdən və onun dəyərlərindən danışa bilərik?

Bilirsiniz ki, rusdilli məktəblərdə təhsil proqramları Bakıda yox, Moskvada hazırlanır. Rusiya Federasiyasının təhsil mütəxəssisləri tərəfindən yazılan dərslik kitabları isə onun dövlət maraqlarına uyğundur, hər bir ölkənin təhsil siyasətində olduğu kimi gələcək vətəndaşlarına milli kimlik anlayışı aşılayır, dost-düşmən ayırımı təlqin edir. Bizə özünün müstəmləkəsi kimi baxan rusların milli dəyərlərimizə münasibəti isə ortadadır. Heç uzağa getməyək, ruslar bizim torpaqları işğal etdirdiyi ermənilərə ən yaxın müttəfiq, strateji müttəfiq saydığımız türklərə isə başlıca düşmən kimi baxır. 16-cı əsrdən indiyədək 500 ildir davam edən rus-türk, Azərbaycanın işğalı nəticələn Qacariyyə-Rusiya müharibələrinə görə türklərə, o cümlədən bizə nifrətlə baxan Moskvanın hazırladığı tarix kitabları Azərbaycan gəncliyinə ancaq aşağılıq kompleksi təlqin edə bilər. Ümumiyyətlə, rusların bir millət kimi tarixə baxışını, ədəbi-bədii zövqlərini, dini-milli dəyərlərini bu dərslik kitabları formalaşdırır. Təhsil bu mənada milli özünüdərkin ibtidai əsasıdır. İnsan oğlu ilk təhsil illərində mənimsədiyi stereotiplərlə dünyaya baxır və eyni dəyərləri daşıyan fərdlərlə ünsiyyət qurur, bütünləşir və ictimai varlığa çevrilir. Bu gün bir çoxları millət məfhumunun genetik foktor olduğunu düşünür və damarda axan qanla əlaqələndirir. Halbuki, tibb elmi sübut edib ki,  bütün insanların qanı eynidir, erməni, türk, rus qanı yoxdur və qan yaddaşı deyilən şey əfsanədir. İnsan qanıyla yox, aldığı təhsil, gördüyü tərbiyə ilə yetişir və yetişdiyi çevrənin üzvünə çevrilir. Millətləşmə prosesi də məhz məktəbdən başlayır. Odur ki, dünyanın heç bir yerində, hətta Afrika cəngəlliklərində belə, dövlət nəzarətindən kənar tədris müəssisələrinin fəaliyyətinə imkan verilmir. Azərbaycanda isə rəsmi Bakı rusdilli məktəblərlə faktiki olaraq, öz nəzarətindən kənar, Rusiyanın dövlət maraqlarına uyğun vətəndaş yetişdirir. Bir növ özü Rusiyanın Azərbaycanda ən ciddi təzyiq rıçaqlarını, “yumşaq güc” deyilən strateji silahlarını hazırlayır. O silahların sabah Azərbaycana qarşı çevriləcəyinə şübhə yoxdur.

Bəzi ziyalılarımız Rusiyanın əsrarəngiz elmi potensialından danışıb rusdilli məktəblərdən imtina edərsək, bu fürsətdən yararlanmaq imkanlarını itirəcəyimizdən ehtiyatlanırlar. Halbuki, 70 illik SSRİ, 30 illik müstəqillik təcrübələrimiz göstərdi ki, rusdilli məktəblərimiz heç də Rusiyaya qarşı ideoloji mübarizədə hansısa effekt vermir. Əksinə, Azərbaycan Rusiyanın təsir dairəsindən çıxan kimi, ölkəmizdəki rus təfəkkürlü insanlar dərhal aktivləşdirilir və rəsmi Bakının üzərinə hücuma keçirlər. Heç uzağa getməyək, son müzakirələr də məhz bu səbəbdən ortaya çıxdı. Nə zaman ki, prezident İlham Əliyev rusiyalı həmkarı ilə bir qədər yüksək tonda danışmağa başladı, onu erməniləri silahlandırdığına görə qınadı, adına xalq yazıçısı deyilən, halbuki, bu xalqın dilində nəinki kitab, heç adi bir ərizə, məktub belə yazmayan Çingiz Abdullayev adlı bir nəfər peyda oldu, rusdilli məktəblərin müdafiəsinə başladı. Beləcə, indiki polemikaların əsası qoyuldu.

Yeri gəlmişkən, Çingiz Abdullayev kimi rus dilində əsərlər yazan bir adama hansı ağılla xalq yazıçısı adı verildiyi də mənə qaranlıqdır. Bayaq dediyim kimi, millətlər qanıyla yox, dili və mədəni kimlikləriylə fərqləndiyi kimi, milli ədəbiyyat da hansı dildə yazılmasıyla müəyyənləşir. Rus dilində yazan bir müəllif öz əqli əməyi nəticəsində rus ədəbiyyatını zənginləşdirir və formalaşdırır. Xalq yazıçısı adını isə milli ədəbiyyatı zənginləşdirən şəxsiyyətlər almalıdır. Çingiz Abdullayev rus ədəbiyyatını zənginləşdiyi üçün Rusiya Yazıçılar Birliyi (belə bir qurumun mövcud olub-olmadığını bilmirəm) tərəfindən bu ada layiq görülə bilər və bu, daha ədalətli olar. Azərbaycan dövlətinə ağıl öyrədən bu adama Rusiya xalq yazıçısı adını verməyibsə, bu, onun qələminə edilən hörmətin göstəricisidir. Öz xidmət etdiyi çevrələrdə belə sayqı görməyən bu adama yüksək titul vermək Azərbaycanı aşağılamaqdan başqa bir şey deyil. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim ədəbiyyatımızı bu qədər aşağıladığına, Moskvanın belə sahib çıxmadığı rus yazıçısına xalqın adından yüksək ad verdiyinə görə tarix qarşısında yarğılanacaq və “5-ci kolon”un nümayəndəsi kimi anılacaq.

-Sizə elə gəlmir ki, çox ciddi ittihamlar irəli sürürsünüz?

-Ciddi ittiham hələ həqiqətdən uzaq ittiham demək deyil. Bəzən həqiqətlər acı olur və onu bir çox adamlar dilə gətirməkdən çəkinirlər. Bugünkü reallığımız bundan ibarətdir ki, Çingiz Abdullayev Azərbaycan dilində yox, rus dilində yazıb. Onun Azərbaycan xalqının ədəbiyyatına nə dəxli var? Ümumiyyətlə AYB-nin keçmişi bu cür “qara” nümunələrlə doludur. Siz bilirsinizmi ki, Azərbaycanın ilk xalq yazıçısı əslən erməni olub? Aleksandr Şirvanzadə adlı bu adam 1910-cu ildən sovet hakimiyyəti qurulana qədər, yəni erməni-müsəlman davası gedən ərəfədə dünyanın müxtəlif yerlərində, hətta Kaliforniyada Azərbaycanın milli dövlətçilyinə qarşı mübarizə aparıb. Sovet hakimiyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Azərbaycanın ilk xalq yazıçısı adına layiq görülüb. Bu o zaman idi ki, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı və s. kimi yazıçılarımız təqid olunurdu. AYB həmin yazıçılarımız haqqında dosyalar hazırlayıb, Stalinin represiya aparatının qurbanlarına çevirirdi. Amma məşhur bir söz var; “ən ədalətli hakim zamandır”. Zamanın hökmü ilə Azərbaycan xalqının yaddaşında Aleksandr Şirvanzadə yox, Mirzə Cəlil, Ə.Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli yaşadı, yaşayır, yaşayacaqdır. İndi AYB-nin sədri Anar belə, Aleksandr Şirvanzadə adlı adamı tanımır. Halbuki, Aleksandr Şirvanzadə də milli ədiblərimizi eynilə Çingiz Abdullayev kimi “ hörmətli cahillər” adlandırırdı. Azərbaycan xalqının milli dəyərlərinə tüpürən bu adamın taleyi də Aleksandr Şirvanzadədən fərqli olmayacaq. Hələ ki, Moskvanın sözçülüyünü etdiyi üçün ona “gözün üstündə qaşın var” deyilmədiyinə baxmayın. Bu adamın fəaliyyətinə Əlahəzrət Zaman öz qiymətini verəcək. Bir yazar üçün ən böyük cəza da elə budur – fizki ölümüylə bərabər yazıçı həyatını da tamamlamaq, millətin yaddaşında heç bir iz buraxmadan silinib getmək. Buna Mütləq yoxoluş da deyə bilərik.

-Amma gəlin, razılaşaq ki, rusdilli məktəblərin saxlanılmasını tələb edənlərin də öz əsaslı arqumentləri var…

-Nədir o arqument? Rus elminin bizdən daha üstün olması?  Əvvəla, deyim ki, ruspərəstlik bu adamların qanına elə hopub ki, hələ də XX əsrin ilk illərinin təfəkküründən uzaqlaşmayıblar. Mən də etiraf edirəm ki, XX əsrin əvvəllərində Rusiya bir çox sahələrdə dünyanın inkişaf etmiş ölkələrindən idi. Hətta I Dünya müharibəsi ərəfəsində dünyanın sənayeləşmiş 3 böyük dövlətindən biri idi. Elmi potensialı da yüksək səviyyədə idi. Həmin illərdə Rusiyadan müsbət nəsə almaq olardı. Həqiqətən də təkcə Rusiya yox, indiyədək mövcud olan bütün imperiyalar insanlığa böyük uğurlar qazandırıblar. Mədəniyyətlərin formalaşması və bir-birini əvəz etməsi, millətlər arasındakı inteqrasiyalar, hətta uzunmüddətli sülhlər məhz imperiyalar sayəsində mümkün olub. Biz də bütün naqisliklərinə baxmayaraq, 200 illik rus imperiyasından bir çox müsbət qazanımlar da əldə etmişik. Bunlar əsasən mədəni, elmi tədqiqatlar sahəsində olub. Düzdür, itirdiklərimiz qazandıqlarımızdan az olmayıb. Bununla belə, dünyəvi mədəni dəyərlərin formalaşmasında, müasir Azərbaycan dünyagörüşünün ortaya çıxmasında rusdilli məktəblərin böyük rolu var. Amma indi həmin üstünlüklərdən söhbət gedə bilməz. SSRİ-nin qurulmasıyla rus mədəniyyəti, elmi, iqtisadiyyatı inkişaf etmədən yerində saydı. Təsəvvür edin ki, SSRİ dağılanda imperiya ərazisində əksər fabrik və zavodlar 1920-ci illərin texnologiyası ilə işləyirdi. Çünki sovet sistemi bütün yeniliklərə öz qapısını bağlamışdı. SSRİ də məhz buna görə dağıldı. SSRİ-dən sonra Rusiya özünü inkişaf etdirə bilmədi. Yeraltı sərvətlərini satıb qarnını doyurmaqla kifayətləndi. İndisə Rusiyanın yeraltı sərvətlərinə sanksiyalar qoyulur. Dolayısıyla bu ölkə iqtisadi cəhətdən daha da tənəzzülə uğrayacaq. İndiki şagirdlər məktəbi qurtarandan sonra dünyanın rus dilinə ehtiyacı qalıb-qalmayacağı belə bəlli deyil.

Rusiya hələ də silah, hərbi güc baxımından dünyanın ilk iki dövləti sırasına daxildir. Amma hərbi güc intellektual səviyyəni nümayiş etdirmir. Dünyanın aparıcı dövləti olmaq sahəsində iqtisadi güc əsas həlledici faktora çevrilir. Rusiya isə bu sahədə getdikcə tənəzzülə doğru sürüklənir. Bütün qeyri-demokratik sistemlərin təhsil siyasəti isə mühafizəkardır və yeniliklərə qarşı çıxır. Biz Rusiyanın təhsil sistemini olduğu kimi, həm də öz dillərində götürüb uşaqlara öyrətməklə nəyə nail ola bilərik? Bilirsiniz ki, elm və təhsil iki əsas sahəyə bölünür: hümanitar və dəqiq elmlər. Hümanitar elmlər sahəsində Rusiyadan alınmış biliklər bizim uşaqlarımıza həmin ölkənin vətəndaşlığı şüuru aşılayır. Dəqiq elmlərdə, xüsusilə kibernetika sahəsində isə Rusiya bir sıra Avropa və Asiya ölkələrinin yedəyində sürüklənir. Belə bir elmi potensialı olan ölkədən bizim alacağımız çox şey yoxdur. Üstəlik, bizdəki rusdilli məktəblərlə Rusiyadakı məktəbləri də müqayisə etmək olmaz. Rusiya ən yaxşı halda bizə öz ucqarları səviyyəsində təhsil ixrac edə bilər. Əgər dəqiq elm sahələrində ciddi qaynaqlara çıxış imkanına görə məktəblərin dilini müəyyənləşdirməliyiksə, onda belə, biz üzümüzü Rusiyaya yox, ingilisdilli dövlətlərə tutmalıyıq. Çünki əsas elmi qaynaqlar məhz bu dildədir. Digər tərəfdən, insan öz milli məktəblərində oxuya-oxuya da müxtəlif dilləri əxz edə bilər. İngiltərə, ABŞ elmi dairələrində çalışan, böyük ixtiralara imza atan şəxsiyyətlərin bir çoxu öz milli məktəblərində yetişiblər. Ümumiyyətlə, Allah Təala bəşəriyyətin yüksək intellektual şüurunu hansısa millətə yox, bütün insanlara verir, müxtəlif xalqlar arasında ədalətli şəkildə yayır. İnsan əgər o nurdan nəsibini alıbsa, harda yaşamağından hansı dildə tədris almasından asılı olmayaraq, mütləq parıldayır. Ötən əsrin, ümumiyyətlə insanlıq tarixinin ən böyük dühalarından sayılan Albert Eynşteyn düz-əməlli orta təhsil almamışdı. Amma bu onun dünya elminə silinməz damğa vurmasının qarşısını almadı. Hazırda dünyanın elmi tərəqqi mərkəzi halına gələn ABŞ bu gücünü beyin köçünə borcludur. Hansı ki, dünyanın müxtəlif guşələrindən intellektual gücü yüksək olan insanlar ABŞ-a axışaraq bu böyük uğuru ona qazandırmışlar. Onlardan bəziləri təhsillərini öz məmləkətlərində alıb, bəlkə bir çoxu heç ingilis dilini belə bilməyib, onu Amerikada öyrənib.

Rusdilli məktəblərin vacibliyini vurğulayanlar həmin təhsil ocaqlarını bitirənlərin rus mediasında Azərbaycanın xeyrinə ictimai rəy formalaşdırmaq potensialından bəhs edirlər. Halbuki, bizim rusdilli potensialımız heç vaxt ermənilərdən aşağı olmayıb. Amma bu, Rusiya mediasının mövqeyinə təsir göstərməyib. Çünki ermənipərəstlik Rusiyanın xarici siyasət strategiyasından doğur və onu kiminsə dəyişmək imkanı yoxdur. Rusiya coğrafiyamızla bağlı xarici siyasətinin əsas məqsədi Türk dünyası arasındakı əlaqələri zəiflətmək, özünün ən ciddi regional rəqibini beşikdə boğmaqdır. Rusiya bu sahədə farslarla, ingilislərlə və regionda gözləri olan digər qövmlərlə işbirliyi halında olublar. Məhz bu səbəbdən bizim rusdillilər Moskvada da böyük nailiyyət əldə edə bilməyiblər. Bilməyəcəklər də. Çünki fironlar öz qoyunlarında Musa yetişdirmək istəmirlər.

-Niyə fərqli düşüncə irəli sürənləri bu cür süngüylə qarşılayırsınız? Axı ziyalıların missiyası fərqli düşüncə ortaya qoymaqdır. Çingiz Abdullayev də məhz bunu edib…

-Səhv düşünürsünüz. Əvvəla, Çingiz Abdullayev yeni heç bir fikir irəli sürməyib. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində icad edilmiş köhnə bayatını öz aləmində zümzümə edib. Amma fərqində olmayıb ki, indiki dövrlə 100 il bundan əvvəlin vəziyyəti eyni deyil. Başqa sözlə desək, Çingiz Abdullayevin zümzümə etdiyi “bayatı” çoxdan arxaikləşib. Arxaik düşüncə nə vaxtdan novatorluq sayılır?

İkinci ona görə ki, milli ziyalı milli düşüncə irəli sürməlidir. Bu zaman təzyiqlərə məruz qalmağı onun aktivinə yazmaq olar. Çingiz Abdullayev isə Azərbaycan xalqının milli dövlətçilik prinsiplərinə qarşı çıxıb, ölkəmizi balaca görərək aşağılayıb, Rusiyanın orbitində bir peyk olmasını arzulayıb. Belə adama necə novator milli ziyalı demək olar? Bu ona bənzəyir ki, kəndin ağsaqqalı cildinə girən biri gəlib sənin evində üzünə tüpürür. Sən isə onun hərəkətinə yox, geydiyi əbasına hörmət edib sağ yanağını silir, sol yanağını ona tərəf çevirirsən ki, bu tərəfinə də tüpürsün.
Söhbətləşdi: Nuranə