Salam, xoş gəlmisiniz.

"HEYDƏR ƏLİYEVİ ERMƏNİPƏSTLİKDƏ GÜNAHLANDIRANLARA..." - ELDAR SABİROĞLU

2020-03-26 19:15:00

Bu dedi-qodulardan, yersiz və mənasız atmacalardan doğrudan yoruldum. Xəta edirsən ki, bir status yazıb bölüşəsən. Dünən yumurtadan çıxanlar qarğa-quzğun kimi üstümə tökülüşərək mənə ağıl öyrədirlər. Yenə əxlaqlı, mənəvi dəyərlər çərçivəsində, hədə-qorxu gəlmədən mövqe ortaya qoyularsa, dərd yarıdı. Son statuslarımdan birində Heydər Əliyevə böyük tarixi şəxsiyyət kimi önəm verdiyim "dahi" siyasət adamlarında qıcıq yaratdığından məni yarınmaqda, yaltaqlıqda, şəxsi həyatımda hakimiyyətin açdığı yaralara göz yumaraq bu qədərdən sonra yenə onu müdafiə etdiyimə görə məni təqsirli bilib təhqirdən çəkinməyənlərə deyəcək sadəcə bir sözüm var: nə qədər ki, özünüzdən başqa ağıllı, vətənsevər, dürüst kimsəni görməyəcəksiniz, gözləntilərinizin sıfırın altından çıxmayacağına əmin ola bilərsiniz. Dünya tarixində səhvi olmayan elə bir hökmdar yoxdur. Bu mənada bəşəriyyəti lərzəyə gətirən Kreml xanədanlığına qədər gedib çıxan bir soydaşımızın səhvlərdən tamamilə xali olması fikrində deyiləm. Lakin onun dahiliyini inkar edənlərlə, onu yerdən-yerə vuranlarla da qətiyyən razılaşa bilmərəm. O, Azərbaycan tarixinə daxil olmuş istisna siyasi liderlərdəndir. Bir daşı bir daşın üstünə qoymayan birilərinin onun adını pozmağa, qaralamağa calışmaları doğrudan heyrətləndiricidir. Hətta bütün sərhədləri keçərək Heydər Əliyevin vətənə xəyanətdə, milli təəssübkeşlikdən uzaqda dayanan bir şəxs olmaqda suçlanmasını təmiz vicdanın səsi kimi qəbul etmək elə vicdansızlığın özü deməkdir.
Heydər Əliyevi Azərbaycan siyasətində kimsə ilə, nə də indiki hakimiyyətin sahibi ilə qətiyyən müqayisə aparmaqdan uzağam. Ünvanıma atılan daşları dəf etməyə aciz deyiləm. Lakin söyüş söyməyə, kimsənin şəxsiyyətini alçaltmağa alışqanlığım yoxdur.
Necə barışa bilərik, axı bu gün Heydər Əliyevi ermənipərəst, erməniəsilli olmaqda ittiham edənlərin böhtan və yaramazlıqlarına. Heydər Əliyevə ermənilərin nifrət və qəzəbi sonsuz idi. Mən bunu İrəvanda hər addımbaşı hiss etmişəm. Siyasi Büronun üzvü kimi portretləri hər gün cırılıb atılar, təhqir olunardı. Onu Şaumyanın qohumu kimi qələmə verənlərə də sözüm var. Görəsən, hansı ağılın yiyəsi olduqlarını dərk edə bilirlərmi? Hər şeyi açıq danışmadıqca uzanıb gedir. Guya Heydər Əliyev Şaumyanın Satanik adlı bacısından dünyaya gəlmişdir. Bu şəri deyənlərə demək istərdim ki, Satanik sözünün tərcüməsi şeytan deməkdir. O zaman gorbagor Stepanın gorbagor dədəsi qızına şeytan adını necə qoya bilərdi?!
Bu dərəcədə rəzilliyə əl atmaq kişilikdən deyil. Nə sözünüz olacaqsa buyurun...

 

Eldar SABİROĞLU

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93