Himayədar əmisini güllələdib yerinə keçən 41 illik diktator – Nquema hakimiyyəti oğluna ötürmək istəyir

16

Hazırkı dövlət başçıları arasında rekord həddə, ən uzun müddətə hakimiyyətdə olan Teodoro Obianq Nquema 1979-cu ildən bu günə qədər Ekvatorial Qvineyanın prezidentidir. 78 yaşlı prezidentin daha bir rekordu isə dünyanın ən zəngin dövlət başçılarının onluğuna düşməsidir. 41 il hakimiyyətdə olan Nquemanın sərvətinin görünən tərəfi 800 milyon dollardır, görünməyən tərəfi isə, yəqin ki, hakimiyyətdən getdikdən sonra məlum olacaq.

Teodoro Obianq Nquema 1942-ci ildə İspaniya Qvineyasında, Akoakan şəhərində anadan olub. İspaniya Ali Hərbi Akademiyasında təhsil alıb. Daha sonra Madriddə hüquqşünas ixtisası üzrə diplom işi müdafiə edib. Təhsilini başa vurduqdan sonra Nquema zabit kimi 1968-ci ildə müstəqilliyini qazanmış Ekvatorial Qvineyanın Müdafiə Nazirliyində xidmətə başlayıb.
Qeyd edək ki, Ekvatorial Qvineyanın birinci prezidenti Fransisko Masias Nquema Teodoro Obianqın doğma əmisi olub. Bu qohumluq əlaqəsi Nquemanın hərbi karyerasında böyük rol oynayıb. O, 1970-ci ildə Müdafiə Nazirliyinin təchizat və planlaşdırma məsələlərinə rəhbərlik edib, 1976-cı ildə Müdafiə Nazirliyinin baş katibi vəzifəsinə təyin edilib, 1979-cu ildə isə müdafə nazirinin müavini vəzifəsinə təyinat alıb.

Ölkənin birinci kürsüsünə əyləşmək hərisliyi Nquemanı ən gözlənilməz və ən sərt tərdbirlərə əl atmağa vadar edib. 3 avqust 1979-cu ildə Nquema Mərakeşdən gətirilmiş 400 muzdlu döyüşçü ilə ölkədə hərbi çevriliş edərək ona etimad göstərən, vəzifə verən əmisini hakimiyyətdən devirib. Sabiq prezident məhkəmə qarşısına çıxarılıb, ona ən ağır hökm oxunub və sentyabrın 29-da güllələnib.

No description available.

Teodoro Obianq Nquema 12 oktyabr 1979-cu ildə ölkənin ikinci prezidenti kimi fəaliyyətə başlayıb. Polkovnik rütbəsi daşıyan Nquema eyni zamanda ölkənin müdafiə naziri vəzifəsini də icra edib.

Hər növbəti prezident seçkisində Nquema ən azı 97 faiz səslə növbəti “uğurlar”ını qazanıb. 1982-ci ildə onun təşəbbüsü ilə ölkədə referendum keçirilib, prezidentlik müddəti 7 ilə qaldırılıb, ölkə prezidentinin həm də hökumət başçısı və müdafiə naziri olması da qanunla tənzimlənib.

1989-cu ildə keçirilən prezident seçkilərində Nquema 99 faiz səslə qələbə qazananda müxalifət düşərgəsinin təzyiqləri ilə üzləşib. Bu təzyiqlər sayəsində o, çoxpartiyalılıq sisteminin tətbiqi ilə konstitusiyada dəyişiklik etməyə məcbur olub. Ancaq yeni sistem də Nquemanın 90+ səsinə təsir edə bilməyib.

No description available.

2011-ci ildə müxalifət qüvvələrinin təzyiqi ilə prezidentin 7 il olmaq şərti ilə iki müddətə seçilməsi ilə bağlı konstitusiyada növbəti dəyişiklik edilib. Bu dəyişikliyə baxmayaraq, Nquema 2016-cı ildə yenidən prezident kürsüsünə sahib olub, amma bu dəfə müddət sona çatdıqdan sonra hakimiyyətdən gedəcəyinə “söz” verib.

1991-ci ildə Ekvatorial Qvineyanın ərazilərində yeni neft yataqları aşkar olduqdan sonra Nquemanın şəxsi xəzinəsi saatbasaat zənginləşib. Bu zənginləşmənin fonunda isə ölkə əhalisinin yoxsulluq həddi günü-gündən artıb, adambaşına düşən gündəlik gəlirin həcmi 1 ABŞ dollarına enib.

Nquema hakimiyyətə gəldikdən sonra ölkənin ən mühüm postları onun ən yaxın qohumları arasında bölüşdürülüb.

Prezidentin birinci nikahdan olan oğlu, kiçik Teodoro müxtəlif illərdə meşə naziri, balıq təsərrüfatı naziri, infrastruktura naziri vəzifələrini tutub. 2004-cü ildən isə kənd təssərrüfatı və meşə naziri, eyni zamanda vitse-prezident kimi fəaliyyətini davam etdirir.

No description available.

Nquemanın ikinci nikahdan olan oğlu Qabriel Obianq isə 2004-cü ildən dağ-mədən sənayesi və energetika nazirinin müavinidir.

Prezident kiçik qardaşına 2004-cü ildə milli müdafiə naziri vəzifəsini həvalə edib. Bundan əvvəl isə o, milli polis idarəsinin baş direktoru olub.

Nquemanın həyat yoldaşının qardaşı nəqliyyat və rabitə nazirliyinə rəhbərlik edib.

Bacısı oğlu ölkənin iqtisadiyyat naziri, dayısı oğlu ədliyyə və dini işlər naziri, dayısı hökumət başçısının daxili siyasət üzrə müavini, xalası oğlu xarici işlər naziri vəzifələrini tutublar. Vəzifələr müxtəlif illərdə dəyişdirilib.

Bu siyahı kifayət qədər uzundur. Nəzərə alsaq ki, Nquema böyük bir nəsildən çıxıb, siyahının uzunluğuna “haqq” qazandırmaq olar.

No description available.

2016-cı ildə Nquemanın adı hannibalizmdə hallanıb. Liberiyanın “New Democrat” qəzetində prezidentin adam ətinə meyl göstərməsi ilə bağlı məqalə çap olunub. Məqalədə Nquemanın öz opponentlərini oğurlatdıraraq onların ətinin yeməsi faktı qeyd edilib. Bu məqalədən sonra qəzetin redaktoru Festusa Poko saxlanılıb. O, bir neçə saat kamerada saxlandıqdan sonra sərbəst buraxılıb.

Hazırda Nquemanın cox kəskin şəkildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi söylənilir. Ailənin əsas müzakirə mövzusu isə varis məsələsidir. Nquema ölkənin prezident postunda öz oğlunu, kiçik Teodoru görmək arzusundadır.

Kiçik Teodorun adı neçə illərdir ki, həm Avropa ölkələrində, həm də ABŞ-da böyük korrupsiya işlərində, çirkli pulların yuyulmasında hallanır. Bu faktlar isə onun prezident kürsüsünə sahib olmasını şübhələr altına salır.

No description available.

Xatırladaq ki, bir neçə il bundan əvvəl İsveçrə hakimiyyəti istintaq nəticəsində prezident oğlunun avtomobillərini müsadirə edərək hərraca çıxarıb. Avtomobil kolleksiyasının təkcə 4 avtomobili hərracda 27 milyon dollara satılıb. Bu kolleksiyanın yalnız kiçik bir qismi olub.

İlham Cəmiloğlu, Musavat.com