“Hökmündə olsaydı, dişləri ilə məni didib-parçalayardı” – ELDAR SABİROĞLU YAZIR

26 May, 2020, 15:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bekar idim. Nəsə yazıb-pozmağa mövzu axtarırdım, lakin tutarlı bir şey tapa bilmirdim. Hardansa vaxtilə çalışdığım “Sovet Ermənistanı” respublika qəzeti yadıma gəlib düşdü. İrəvanda Azərbaycan dilində nəşr olunan qəzetin keçdiyi tarixi yol və uzun illər əmək sərf etmiş istedadlı qələm sahibləri kino lenti kimi xəyalımdan keçdi.

Köhnə yerimiz Zəngi çayının üstündə məhşur “Pobeda” körpüsünün yaxınlığında dörd mərtəbəli binada yerləşirdi. Bu binada əsasən Mərkəzi Komitənin, Ali Sovetin, Nazirlər Sovetinin orqanı olan “Sovetakan Hayastan”, “Kommunist”, “Sovet Ermənistanı” və kürd dilində çıxan “Rya Təze” qəzetləri fəaliyyət göstərirdi. Dördüncü mərtəbə bizim idi. Onda mən redaksiyanın partiya-sovet quruculuğu şöbəsində ədəbi işçi vəzifəsində çalışırdım. Sovet mətbuat dönəmində mərkəzi qəzetlərdə işləyənlər bu şöbənin aparıcı şöbə olduğunu yəqin bilirlər.

Sonradan redaksiyamız sirklə üzbəüz yeni tikilən mətbuat evinin 9-cu mərtəbəsinə köçürüldü. Mərtəbənin pəncərəsindən baxdıqda bütün şəhər sanki ayaqlarımızın altında qalırdı. Artıq mən qəzetin partiya-sovet quruculuğu şöbəsinin müdiri və redkollegiyanın üzvu idim. 25-26 yaşım vardı. Hamınızın tanıdığı rəhmətlik Mahal İsmayıloğlu da şöbənin ədəbi işçisi vəzifəsində çalışırdı. Eyni zamanda həm də qəzetin partkomu idim.

Ermənilərin Azərbaycana qarşı separatist “miatsum” hərakatı şəhəri başına götürmüşdü. Hər gün mitinqlər, küçə yürüşləri keçirilir, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda ara verməyən şüarlar səsləndirilirdi. Biz də bu mənzərəni seyr edərək öz nifrət və qəzəbimizi gülüşlə ifadə edərdik. Yürüşlər SSRİ-nin xalq rəssamı, qatı daşnak İgidyan tərəfindən idarə olunurdu. Özü də ayaqyalın yürüşlərin qabağında gedirdi. Növbəti yürüşlərə isə tamaşa edə bilmədik. 9-cu mərtəbə artıq millətçilər tərəfindən hədəfə alınmışdı. Aşağıdan gələn polis bizə tapşırdı ki, bir də pəncərədən aşağı baxmayaq.

Vəziyyət mürəkkəb idi, günün birində mitinqçilər 9-cu mərtəbəyə qalxıb, bizimlə birdəfəlik haqq-hesabı çürüdə bilərdi.

Bir daha aşağı baxmadıq. Sonradan məlum oldu ki, satqın içimizdədir. “Sovet Ermənistanı”qəzetinin sonuncu baş redaktoru vəzifəsini daşıyan İsrafil Məmmədovun hamımızdan yaxşı tanıdığı, Suriya köçməni Zaven Pştikyan adlı redaksiyanın fotoqrafı xəbər ötürürmüş. O, məni xüsusi olaraq güdürdü. Addımımı nəzarətdə saxlayır və barəmdə təhlükəsizlik orqanlarına məlumatlar ötürürdü. İrəvanın mərkəzində Məşədi Əzizbəyovun büstünü dağıdan daşnakların bu cinayətkar əməli barədə Azərbaycanı ətraflı məlumatlandırmaq üçün rəhmətlik Salman Vilayətoğlu ilə birlikdə təcili Naxçıvana yola düşdük və Noraşen Rayon Partiya Komitəsinin birinci katibi Əliyevlə görüşüb, vəziyyəti ona izah etdik. Bu haqda əvvəllər geniş yazdığıma görə təkrarçılığa getmək istəmirəm.

Zavenin qulağı deyəsən, başqa şeyləri də çalmışdı. Hökmündə olsa idi, dişləri ilə məni didib-parçalayardı. Çox güman ki, Bakı ilə əlaqələrimdən də xəbər tutmuşdu. O zaman mənimlə Bakıdan “Kommunist” qəzetinin şöbə müdiri İlham Rəhimli tez-tez əlaqə saxlayar və İrəvanda baş verən proseslər barədə onu məlumatlandırardım. O, hətta bir dəfə Şeyx Hacı Allah Şükürzadə ilə telefon əlaqəsinə girməyimə də köməklik göstərmişdi. Soyadını unutsam da adını xatırladığım rəssam Firudin qardaşımızla telefon söhbətlərimə də şərait yaratmışdı. Onların hər üçü sağ-salamatdı… Artıq İrəvanda yaşamam mümkün deyildi. Baş redaktor Zərbəli Qurbanov şəhəri tərk etməkdə mənə yaxından yardım etdi.

Qələmə aldığım yazıya məni məcbur edən bir səbəb fürsət verdi. Google da axtarış verib “Sovet Ermənistanı” haqda bilgilər toplamaq istədim. Təəssüf ki, qəzetin son tarixi barədə ədalətsiz, yəqin ki, həm də qərəzli münasibətlər könlümü bulandırdı. Böyük ənənəsi olan redaksiya əməkdaşlarının təqdimatı məsələsində şişirtmələrə, bəzən də bilərəkdən istedadlı qələm sahiblərini arxa plana keçirib, bir vərəqlik yazını işləməyə belə gücü çatmayan əməkdaşlara böyük tərif verilməsini müsbət qarşılaya bilməzdim. Ad çəkmək istəmirəm. Lakin bu tarixi kinin kim tərəfindən edildiyi mənə gün işığı qədər aydındır.

Eldar SABİROĞLU


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93