Honkonqda robot Sofiya üçün əlavə proqramlar hazırlanır - Hoppana biləcək

Honkonqda robot Sofiya üçün əlavə proqramlar hazırlanır - Hoppana biləcək

Honkonq texnoloji laboratoriyasında məşhur robot Sofiya üçün əlavə funksiyaları ehtiva edən proqramlar hazırlanması üzrə işlər davam edir.

CNN xəbər verir ki, artıq robot zərif hərəkətlər – süzərək geriyə dönmə, hoppanma, klassik tərzdə heykəltəraşlıq etmə vərdişlərinə yiyələnir. Bununla yanaşı, Sofiya insanlarla təması hiss edərək onların üzündəki ifadəni də hiss edə biləcək.

Sofiyanın müəllifi olan “Hanson Robotics” firmasının rəhbəri Devid Hanson bildirib ki, hazırda robotun öz emosiyalarını büruzə verməsi ilə yanaşı, qarşısındakı insanın əhval-ruhiyyəsinə uyğun davranması üzərində işlər davam edir. Onun sözlərinə görə, Sofiya insan sifətində sevinc, kədər, heyrət, üzüntü bildirən hər bir əzələnin stimulyasiyasına malikdir. “Tətbiq etdiyimiz bəzi yeniliklər sayəsində robot sizin üzünüzdə olan hər bir ifadəni “anlaya biləcək və buna adekvat reaksiya verəcək”, -deyə Hanson əlavə edib.

Hisləri ifadə etmək proqramı ilə yanaşı, texnoloji materiallar vasitəsilə Sofiyanın üzü daha elastik hala gətirilib. Bunun üçün laboratoriyada neyrobiologiya və insanın üz nahiyəsinin bioloji strukturu dərindən öyrənilib. CNN-də dərc olunmuş məqalədə bildirilir ki, Sofiyanı icad etdiyi ilk vaxtlarda Hanson onu dünyadakı bütün məşhur qadın tiplərinə, xüsusən qədim Nefertiti təsviri, amerikan aktrisası Odri Hepbern və çinli xanımların obrazına uyğunlaşdırmağa, eyni zamanda robota xas olan davranışı qoruyub saxlamağa çalışıb. “Sofiyada insana xas olan xüsusiyyətlərin və texnologiyanın vəhdətini əks etdirmək çox vacib idi. Bu iki amilin vəhdəti sayəsində daha mükəmməl nəticə əldə etmək olar. Beləliklə, bu robot həm artist, həm maneken, həm incəsənət əsərlərinin ifaçısı, həm də mükəmməl texnologiya nümunəsinə çevrilir. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı vətəndaşlığı almış Sofiya dünyada milliyyəti olan ilk robotdur”, -deyə Hanson qeyd edib./azərtac/