HÜCEYRƏ – II HİSSƏ

0

(Hadisələr və düşüncələr)

Epoxal roman

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/huceyr%c9%99-%c9%99lisa-nicatdan-yeni-layih%c9%99/)

Çox qəribə və anlaşılmaz bir məsələ də var ki, Yer planetində həyat əmələ gəlməmişdən çox-çox əvvəllər ümumiyyətlə bizim Günəş sistemində sanki gələcəkdə bu həyatın əmələ gələcəyini nəzərə alınıbdır. Məsələn qalaktikadakı başqa “Günəş sistemləri” kimi sistemlərdə planetlərin düzülüşü hər yerdə eynidir. Yalnız və yalnız bizim Günəş sistemindən başqa. İstisnasız olaraq hamısında onların günəşinə yaxın böyük planetlər nisbətən sonra isə kiçik planetlər düzülüb. Deməli məsələn hamısında əvvəl Yupiter, sonra Saturn, sonra Uran və Neptun bu cürdür. Bizim Günəş sistemində isə aləm biri-birinə qarışıb. Ən kiçiyi olan Merkuri lap yaxında, ondan sonra kiçikdən bir az böyük Venera, daha sonra isə elə Venera böyüklüyündə olan Yer kürəsi, sonra da Yerdən də bir az kiçik Mars və yalnız bundan sonra nəhəng planetlər düzülüb (Yalnız lap kiçik və ən uzaqda  olan Pluton istisna olmaqla). Niyə? Çünki Yer məhz indiki olan məsafədə olmasaydı, biz bu yazını yaza bilməzdik, yəni Yerdə həyat mümkün olmazdı. Yəni, nə çox yaxın, nə də bir az uzaqda olsaydı həyat mümkün ola bilməzdi. Təəccüblü deyilmi? Yaxud, Yerin öz oxu ətrafında sürətli fırlanışı yəni, biz təxminən indiki sürətlə fırlansaydıq və ya əksinə başqa planetlər kimi Günəş ətrafında ləng fırlansaydıq Yer üzündə həyat yenə mümkün olmazdı. Çünki fəsillərin sürətlə dəyişməsi və ya hədsiz uzun çəkməsi çox kövrək bir orqanizm olan həyat buna dözə bilməzdi. Eləcə Yer oxu da 23,5 dərəcə deyil, ya da başqa planetlər kimi heç əyri olmasaydı, yenə həyat yarana bilməzdi. Çünki o zaman Yerdə daim ya yay, ya da qış olar və hər iki halda hərarət ya çox isti və yaxud da çox soyuq ola bilərdi.

Yer üzündə su olmaya da bilərdi, necə ki, əksər planetlərdə belədir. Ən əsası isə suyun bu qədər qəribə xüsusiyyətləri də olmasaydı (suyun buzdan ağır olması və s.) həyat heç cür mümkün ola bilməzdi.

Fiziklər, astronomlar bu barədə niyə belə olması barədə cavab tapa bilmirlər. Axı səbəblər bir deyil, hətta sadalasaq onlarla, yüzlərlədir. İzahı isə yoxdur. Çünki təsadüf bir olar, iki olar. Doğrudur, etiraz edənlər ola bilər ki, bütün bunlar cəm halında belə olub və buna uyğun olaraq da Yerdə həyat və canlılar əmələ gəlib. Axı bu qədər təsadüf mümkün deyil. Təsadüfən Yer Günəşə nə çox yaxın, nə də uzaq oldu. Bəs niyə başqa sistemlərdə belə şey yoxdur? Yaxşı, təsadüfən bu oldu, bəs Yer oxunun əyriliyi? Bəs Günəş ətrafında fırlanmanın uyğunluğu və gözəlliyi? Bəs Yeri bürüyən okeanlar və dənizlər? Bəs suyun bu qəribə xarakteri? Və nəhayət ilk canlı hüceyrənin yaranması üçün tələb olunan saysız-hesabsız şərtlər?

Amma bununla belə şəxsən məni və yəqin ki, çoxlarını da həyatın hansı bir canlı və şüurlu bir varlıq tərəfindən yaradılması da inandırmır. Çünki mən son öyrəndiklərim içində kainatda hələlik iki trilyon qalaktikanın olması necə qüdrət sahibi olursa olsun, kainatın kim tərəfindənsə yaradılması mümkünlüyünü mümkünsüz edir.

Lakin Günəş sistemində məhz Yer kürəsində canlı varlıqların əmələ gəlməsi də təsadüfü inkar edir və beləliklə elm və mən müəmma, cavabı olmayan müəmma qarşısında heç bir cavab tapa bilmirik. Çünki bu cavab və izah yoxdur. İngilis filosofu A.Toynbi kimi “Allah bir rəngarənglik görmək istədi və canlıları yaratdı, daha sonra isə bunun uğursuz olduğunu görüb ləğv etdi” -deyə bilmərəm. Ona görə ki, bütün həyatın bu uzun yürüşü zamanı açıq-aydın görünür ki, bu qədər saysız çevrilmələrdə hansısa bir zərurətin iştirakı var. Bir daha təkrar edirəm zərurət allah deyil, zərurət hər hansı bir prosesin davamı üçün onun özünün yaratdığı şərait deməkdir.

Mən zərurəti bu əsəri yazan zaman kəşf etdim, o zərurəti ki atom və molekulların birləşməsindən nəsə yaranmalı, nəyinsə sintezinin vaxibliyi ortaya çıxıb və təsvir etdiyimiz anlaşılmaz yenilik meydana çıxmalı idi. Və çıxıb da. Çünki bunun üçün çox gözəl səbəb və şərait əmələ gəlmişdi.

Məsələnin çətinliyi və mürəkkəbliyi bunda idi ki, həyatın – canlı rüşeymlərin əmələ gəlməsi üçün mütləq zülal lazım idi, zülal molekulları isə yalnız amin turşusu müqabilində yarana bilərdi. Amin turşusu üçünsə karbon, metan, ammiyak və suyun sintezi vacib idi.

Bu qədər qəliz və mürəkkəb düyünü  kim hörə bilərdi? Təsadüfmü? Təkrar edirik təsadüf sadə zəncirlər hörməyə qadirdir. Təsadüf sadəliklər üçündür. Burada sanki kimsə inadla təbiətin pəncərəsini və qapısını döyəcləyirdi. Bu, dediyimiz əlahəzrət zərurət idi. Bəs zərurət niyə bu eşqə düşmüşdü? Üç milyard il yarım sonra formalaşacaq beyinləri, sayları mindən çox olmayan dühaları sintez etmək üçün gələcək nəhəng bir villanın ilk kərpiclərini qoymuşdu. Sən səbrə bax ki, bir neçə min gen üç milyard yarımlıq bir yol keçibki cəmi min beyin, min zəkanı kainata bəxş etsin. O kainata ki heç bir beyin vecində deyil və hardan gəlib hara getdiyini heç özü də bilmir. Çünki varlığı yoxluğundan heç nə ilə fərqlənmir. Əgər fiziki xüsusiyyətlərini nəzərə almasaq.

(ardı var)

Əlisa NİCAT