Hüseyn Salami: “İsraili məhv etmək üçün potensialımız formalaşıb”

Hüseyn Salami: “İsraili məhv etmək üçün potensialımız formalaşıb”

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami yenidən İsraili “yer üzündən silmək”lə hədələyib.

O, “Sepah”ın ölkəboyu fəaliyyət göstərən şöbələrinin rəhbərləri və məsulları ilə keçirilən assambleyada İran üçün “İsraili xəritədən silməyin reallaşa bilən hədəf” olduğunu iddia edib.

“Biz 2-ci addımda dünyada islamın səfərbər edilməsini düşünürük. İnqilabın 2-ci addımı qüdrət bürcünü alt-üst etmək olacaq və İran islam inqilabı onun səmasında parıldayacaq”- deyə Salami əlavə edib.

Bundan öncə “dini lider” Əli Xamneyi də İsraili Tel-Əviv və Hayfanı “məhv etmək”lə təhdid etmişdi. O, həmçinin “İsrailin 2040-cı ili görməyəcəyini” iddia etmişdi.

Bütün bunlara baxmayaraq, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə ay öncə ölkəsinin heç bir rəsmisinin İsraili məhv etməklə təhdid etmədiyini demişdi.

Digər tərəfdən, 2 ildən artıqdır ki, İsrail “Sepah”ın “Qüds Briqadası”nın Suriyada olan mövqeləri və İrana bağlı yaraqlılara qarşı hava hücumları keçirir. Bu hücumlar nəticəsində yüzlərlə “sepahçı” və yaraqlı məhv edilib, İrana məxsus bazalar dağıdılıb.

Son aylar ərzində isə İsrail Hərbi Hava Qüvvələri İraqda İranın dəstəklədiyi “Həşdəş-Şəbi” yaraqlılarına qarşı bir neçə dəfə hava əməliyyatı keçirib. Bu hücumlar nəticəsində də çoxlu sayda silahlı öldürülüb və onlara məxsus hərbi obyektlər dağıdılıb. İran bütün bu hücumların qarşılığında yalnız daxili auditoriyaya hesablanmış kəskin bəyanatlar səsləndirməkdən başqa heç bir addım ata bilməyib.

Ə.A