Salam, xoş gəlmisiniz.

"İctimai nəzarəti gerçəkləşdirmək üçün imkanlar yetərli deyil" - OSMAN GÜNDÜZ

2020-01-14 15:05:00

"Dövlət satınalmaları ilə bağlı faydalı və ümumiləşmiş ictimai informasiyaların əldə edilməsi sahəsi daha bərbad vəziyyətdədir"

"Son zamanlar prezident tez-tez ölkədə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayır. İctimai nəzarəti gücləndirmək üçün insanların aktiv ictimai mövqe sərgiləməsi və bu mövqenin geniş auditoriyaya çatdırılması yetərli olmur.
Eyni zamanda, bu tip nəzarəti gücləndirmək üçün faydalı, ictimai əhəmiyyətli informasiyaya giriş imkanının olması, şəffaflıq və qərar qəbul edənlərlə effektiv əlaqələrin mövcudluğu mühüm əhəmiyyət kəsb edir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru hesab edir ki, sosial media ictimai nəzarət üçün hazırda ən effektiv platformalardan biridir: "Dövlət nəzarəti üçün yetərincə resurslar mövcud olmasına baxmayaraq, ictimai nəzarəti gerçəkləşdirmək üçün imkanlar yetərli deyil. Bəzi sahələrdə, ekologiya, əmlak, məhkəmə, dövlət xidmətlərin qiymətləndirilməsi kimi sahələrdə vətəndaşların iştirakı üçün müəyyən imkanlar yaradılıb, müxtəlif mobil həllər tətbiq edilib. Bununla belə, indiki halda bütün sahələrdə ictimai nəzarət üçün yetərli imkanlar olduğunu düşünmək doğru olmazdı. Məsələn, görəsən hardasa bərbad vəziyyətdə olan, qazılmış, dağılmış yol gördükdə vətəndaş bu informasiyanı aidiyyatı quruma dərhal necə çatdıra bilər? Vətəndaş yolların keyfiyyətinin qiymətləndirilməsində necə iştirak edə bilər? Bunun üçün hansı innovativ üsullar mövcuddur? Və ya tutaq ki, vətəndaş hardasa vaxtı keçmiş ərzaqla, zəhərlənmə, ümumiyyətlə qida problemi ilə rastlaşarsa bu informasiyanı müvafiq dövlət qurumuna anında çatdırmaq üçün hansısa mobil həllər varmı? DİN-nin, BNA-nın və s. dövlət qurumlarının da əlində xeyli ictimai əhəmiyyət kəsb edən informasiyalar var. Bununla belə, bu informasiyalardan effektiv istifadə üsullarını, vətəndaşların ictimai nəzarət imkanları üçün mövcud olan şəraiti yetərli hesab etmək olmaz".

Onun sözlərinə görə, əgər bu informasiyaların hansısa bir hissəsinə vətəndaş cəmiyyətinin, ekspertlərin çıxış imkanları olarsa, o zaman bu, cəmiyyət üçün daha faydalı ola bilər: "Dövlət satınalmaları ilə bağlı faydalı və ümumiləşmiş ictimai informasiyaların əldə edilməsi sahəsi isə daha bərbad vəziyyətdədir. Antiinhisar Dövlət Xidmətinin sifarişi ilə alayarımçıq bir internet resurs hazırlanıb. Vətəndaş cəmiyyətinin, jurnalistlərin və ekspertlərin bu resursdan effektiv istifadəsi, ümumiləşmiş statistik məlumatlar və infoqrafikalar əldə etməsi üçün heç bir imkan yaradılmayıb. Məsələn, bu informasiya resursuna səlahiyyətli olan dövət qurumu burada imkan yarada bilərdi ki, hansısa jurnalist və ya ekspert burada bir düyməni basmaqla bir qurumun yüzlərlə, hətta minlərlə tenderi udduğunun şahidi olsun. Müşahidə olunur ki, bəzi dövlət qurumları özlərində toplanan nəhəng informasiya ehtiyatlarından yalnız özü istifadəyə çalışır, hətta onun üzərində özəl kommersiya da qurmağı unutmur. Təbii ki, "doğma" şirkətə üstün şərait yaratmaqla. Başqasına bu informasiyaya girişi qadağan etməklə rəqabətsiz mühit formalaşdırır. Bəzən müşahidə edirik ki, bu ictimai infomasiyaları nəinki vətəndaş cəmiyyəti, heç digər dövlət qurumları da əldə edə bilmirlər. Xatırlayıram ki, bir müddət öncə informasiya təhlükəsizliyi ilə bağlı AMEA-da keçirilən toplantıda AMEA rəhbərliyi Səhiyyə Nazirliyinə məxsus olan informasiyalara giriş imkanları üçün şərait yaradılmasını istəyirdi. Hazırda ciddi problemə çevrilən eGov kordinasiya məsələsi, qurumlararası inteqrasiyanın yetərli olmamasının kökündə duran məsələ həm də dövlət qurumlarının ictimai informasiya üzərində əsassız maliyyə maraqlarıdır. Belə ki, əksər dövlət qurumları informasiya resurslarına xidmət göstərilməsini özəl şirkətlərə həvalə edir. Məhz bu səbəbdən, hansısa digər dövlət qurumu bu informasiyanı əldə etmək istədikdə informasiyaya sahib olan dövət qurumu onu həmin özəl şirkətə yönəldir. Bu şirkət isə təbii ki, dövlətə məxsus olan bu ictimai informasiyanın qarşılığında pul istəyir. Düşünürəm ki, indiki zamanda cəmiyyət üçün mühüm ictimai əhəmiyyət kəsb edən bu tip məsələlər yenidən tənzimlənməlidir. Bu tip məsələlər özəl sektora da aiddir. Hamı bilir ki, provayderlər ADSL texnologiya ilə internet alan müştəriləri çəkidə aldadır. Bu sahədə dövlət nəzarəti yetərli deyil. Amma ictimai nəzarət üçün də imkanlar yaradılmayıb".

Osman Gündüz bildirib ki, magistral operatorlar provayderlərə satılan internetin həcmini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də hər bir provayderin ADSL müştərilərinin sayını gizlədir: "Belə olan halda isə ictimai nəzarəti gerşəkləşdirmək çətin olur. İctimai nəzarətin reallaşmasına ciddi maneçilik törədən məsələlərdən biri də Açıq Məlumat bazaları ilə bağlı NRYTN və VXSİ Dövlət Agentliyi arasında səlahiyyət bölgüsünün hələ də həllini tapmamasıdır. Rəqəmsal hökumətə keçidlə bağlı prezident fərmanında hansısa bir cümlədə hansısa bir sözün qeyd edilməməsini əsas gətirən NRYTN ya özü Açıq Məlumat bazası ilə bağlı infrastrukturu inkişaf etdirmir, ya da bu səlahiyyətləri ASAN-a vermək istəmir. Nəticə isə ondan ibarətdir ki, ölkədə xeyli sayda ictimai və kommersiya əhəmiyyəti kəsb edən, dövlətə və özəl sektora məxsus məlumat bazaları formalaşmasına baxmayaraq, onlar Açıq Məlumat bazasında yoxdur və əlçatan deyil".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru