İki dəfə prezident seçilən Alan Qarsia – tərs danışan gənci şillə ilə vuran prezident axırda özünü güllə ilə vurub

8

Adətən, gecədən xeyli keçmiş, yaxud da hələ səhər aşılmamış döyülən qapılardan, zəng gələn telefonlardan xoş xəbər eşidilmir və bu, gözlənilməz olur. Amma sabiq prezident qapısının döyüləcəyini, telefonunun zəngini hər an gözləyib, günün istənilən vaxtında. Əvvəlcədən hazırlığını da görüb, şəxsi silahını işlək vəziyyətdə saxlayıb, intihar öncəsi qeydlərini yazmağa da macal tapıb. Nəhayət, 17 aprel 2019-cu ildə, səhər tezdən 06.30-da arzuolunmaz qonaqlar təşrif buyurublar. Kifayət qədər çılğın və emosional olan Alan Qarsia Peres “qonaq”larını sakit və təmkinlə qarşılayıb, bir neçə dəqiqədən sonra isə atəş səsləri mürgüləyən şəhərin sükutunu pozub.

Prezident kürsüsünü tərk edib və neçə illərdən sonra yenidən həmin kürsüyə sahib olmaq hər siyaətçiyə nəsib olmur. Bu baxımdan iki dəfə ayrı-ayrı dövrlərdə Perunun prezidenti olmuş Alan Qarsia Peresi şanslı siyasətçi saymaq olar. O, birinci dəfə 1985-cı ildə, 36 yaşında seçkilərdə qələbə qazanaraq ölkə prezidenti seçilib. İkinci dəfə isə 2006-cı ildə hakimiyyətə gəlib. Amma şanslı siyaətçi olmaq heç də uğurlu prezident olmaq deyil. Əgər bu gün bir çoxları Alan Qarsianın prezidentlik fəaliyyətini yüksək qiymətləndirirsə, digərləri onun hakimiyyətdə olduğu dövrü Perunun uğursuz illəri kimi xatırlayırlar.
Alan Qarsia 1949-cu ildə Perunun paytaxtı Lima şəhərində anadan olub. 1973-cü ildə Limada San-Markos Universitetini bitirib. Daha sonra İspaniyada və Fransada təhsil alıb. Gənclik illərindən Peru Aprist Partiyasının üzvü olan Qarsia partiyanın fəaliyyətində fəallığı ilə fərqlənib. Onun atası Karlos Qarsia uzun illər bu partiyanın katibi olub. Qarsia 1982-ci ildə atasını da qabaqlayaraq partiyanın baş katibi sçilib. O, həmçinin 1980-ci ildən parlamentin üzvü olub.

Gənclik illərindən siyasi karyerasında uğurlar qazanan, fəal siyasətçi kimi tanınan Alan Qarsia 1985-ci ildə keçirilən prezident seçkilərinə qatılıb və rəqiblərinə səs çoxluğu ilə qalib gələrək Perunun 44-cü prezidenti seçilib.

Alan Qarisanın birinci prezidentlik dövrü qalmaqallı hadisələrlə və uğursuz islahatlarla yadda qalıb. Məhz bu ərəfədə ölkədə inflyasiyanın həddi 1100 faizə qalxıb, ərzaq məhsullarının qiyməti 40-170 faiz, yanacağın qiyməti 125 faiz artıb. Böhran milli valyutanın 100 faizlik devalviasiyası ilə nəticələnib.

Hələ prezident olmağının bir ili tamam olmamış Alan Qarisanın Beynəlxalq Valyuta Fonduna qarşı sərt fikirlər söyləməsi nəticəsində fondun nümayəndəliyi Peruda fəaliyyətini dayandırıb.

Bunlarla yanaşı Qarsianın prezident olduğu 1985-1990-cı illərdə ölkədə kriminal silahlı qrupların fəallaşması və onalara qarşı heç bir tədbirin görülməməsi böyük narahatlıq və narazılıq yaradıb. Prezidentlə bu qruplar arasında gizli sövdələşmələrin olması iddiaları da səsləndirilib. Məhz bu qrupların terror, dağıdıcılıq, antihakimiyyət fəaliyyəti nəticəsində Peruya dəyən zərər 15 milyard dollar həcmində dəyərləndirilib ki, bu da Alan Qarsianın səriştəsizliyi, yaxud da onlarla əlbir olmaları kimi qiymətləndirilib.

011-1.jpg (80 KB)

Təbii ki, ölkənin belə bir vəziyyətə düşməsindən sonra Alan Qarsianın 1990-cı ildə növbəti prezident seçkilərində qələbəsi mümkünsüz olub.

Peru konstitusiyasına görə bir müddət prezident vəzifəsini daşıyanlar ömürlük senator seçilirlər. Alan Qarsia da 1990-cı ildən fəaliyyətini senator kimi parlamentdə davam etdirib.

1992-ci ildə Peru parlamenti Alan Qarsianın prezidentlik dövründə fəaliyyətini araşdarmaq üçün məsələ qaldırıb. Sabiq prezident korrupsiyada ittiham olunub. Araşdırmalar nəticəsində məlum olub ki, Braziliya tikinti şirkətləri ilə bağlanan tək bir müqavilədə Qarsia 100 min dollar pul mənimsəyib. Ümumiyyətlə isə Braziliya tikinti şirkətləri ilə sövdələşmələrdə sabiq prezident dövlət büdcəsindən 15 milyon dollar vəsaiti həmin şirkətlər vasitəsi ilə öz şəxsi büdcəsinə köçürüb. Həmin şirkətlərlə sorğu sual zamanı şirkət rəsmiləri Peruda gördükləri işlərə görə Qarsianın yaxın adamlarına böyük məbləğlərdə pul ödədilkərini etiraf ediblər.

630_360_1555517406-186.jpeg (65 KB)

İttihamların böyüdüyünü və onun nə ilə nəticələcəyini anlayan Alan Qarsia 1992-ci ildə Perunu tərk etmək məcburiyyətində qalıb və o, əvvəlcə Kolumbiyaya, sonra isə Fransaya mühacirət edib.

2001-ci ildə ittihamlar üstündən götürüldükdən sonra, Alan Qarsia yenidən Peruya qayıdıb və böyük siyasətə qayıtmaq üçün yenidən mübarizələrə atılıb. Onun siyasi mübarizəsi nəticəsiz qalmayıb, 2006-cı ildə keçirilən prezident seçkilərində Qarsia qələbə qazanaraq Perunun 47-ci prezidenti elan olunub.

Köhnə səhvlərini bir daha təkrar etməmək üçün Alan Qarsia bir sıra iqtisadi islahatlar həyata keçirsə də, arzuolunacaq dərəcədə uğur qazana bilməyib.

İkinci prezidentliyi dövründə Alan Qarsia ilk dəfə 2007-ci ildə siyasi məğlubiyyətə uğrayıb. Onun “Parlaq yol” təşkilatının qiyamçı üzvlərinə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı təklifi konqresdə qəbul edilməyib. Qeyd edək ki, 1970-ci ildən fəaliyyət göstərən bu təşkilat ölkənin Kommunist Partiyasına məxsus olub və terrorçu təşkilat kimi tanınınb.

Alan Qarisanın ikinci prezidentliyi dövründə də adı korrupsiya işlərində, Braziliya şirkətləri ilə işbirliyində yenə də hallanıb.
Daha sərt rejimlə ölkəni idarə etmək istəyən Alan Qarsia kütlələr qarşısında çıxış edərkən öz emosiyalarını, çılğın hisslərini gizlədə bilməyib. 2010-cu ildə paytaxt Limada xəstəxanaların birini ziyarət edən zaman 27 yaşlı Peru vətəndaşı Emilio Lion onu korrupsioner adlandıranda Alan Qarsia əsəblərini cilovlaya bilməyərək ona şillə vurub. Prezidentdən şillə alan bu gənc “siz söz azadlığını belə anlayırsınızmı” dyəndə, Qarsia ona ikinci şilləni vurmağa da imkan tapıb. Yalnız mühafizəçilərin müdaxiləsindən sonra prezidenti sakitləşdirmək mümkün olub.

Alan Qarsia 2016-cı ildə növbəti prezident seçkilərinə qatılsa da o, cəmisi seçicilərin 5.8 faiz səsini toplayaraq 5-ci yerdə qərarlaşıb.

2018-ci ildə Alan Qarsiaya qarşı yeni ittihamlar irəli sürülüb. Onu Braziliyanın “Odebrecht” şirkəti vasitəsi ilə dövlət büdcəsindən böyük məbləğdə vəsaitlərin mənimsəməsində ittiham ediblər. Başının üstündə qara buludları yenidən hiss edən sabiq prezident bu dəfə çıxış yolu kimi Uruqvayın Perudakı səfirliyinə üz tutub, sığınacaq istəyib. 2018-ci ilin noyabrın 17-dən dekabrın 3-nə qədər Uruqvay səfirliyində qalan Qarsia sığınacaq xahişinə imtina cavabı aldıqdan sonra səfirliyin binasını tərk etmək məcburiyyətində qalıb.

Bundan sonra Alan Qarsiaya 18 ay ərzində ölkəni tərk etmək qadağan edilib.

crop.jpg (100 KB)

2019-cu ilin aprelin 17-də səhər saat 06.30-da polis onun yaşadığı evə gəlib, həbs olunması ilə bağlı ona order təqdim edib. Qarsia yalnız vəkilin iştirakı ilə evini tərk edəcəyini bildirib və öz otağına keçib. Bir neçə saniyədən sonra otaqdan atəş səsi eşidilib. O, şəxsi tapançası ilə boyun nahiyəsinə atəş açaraq intihara cəhd edib. Yaralı vəziyyətdə olan sabiq prezidenti dərhal xəstəxanaya çatdırıblar. 69 yaşlı Qarsianın həyatını xilas etmək mümkün olmayıb.

Alan Qarsianın siyasi fəaliyyətinə baxış birmənalı olmayıb. Elə bu səbəbdən də onun izdihamlı dəfn mərasimində köks ötürənlər də olub, onu lənətləyənlər də.

Dəfn mərasimdə Alan Qarsianın qızı atasının intihar öncəsi yazdığı məktubu oxuyub. Məktubda bu sətirlər də yer alıb:
“Mən siyasətdə öz vəzifələrimi yerinə yetirərək xalqım naminə digər ölkələrin və xalqların çata bilmədiyi bütün məqsədlərimə çatmışam. Qəbul etdiyim qərarlarla ailəmin və həmkarlarımın xatirəsində hörmət izləri qoymuşam. Cəsədim isə düşmənlərimə hörmətsizliyimin ifadəsi olacaq…”// Musavat.com