İKİ DAMLA GÖZ YAŞI

2 Aprel, 2020, 15:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mən tarixin toz basmış köhnə səhifələrin araşdırdım. Üstündə illərin izi düşən çox səhifəli tarixin səhifələrində məgərsə bir qəhrəmanın qəhrəmanlığı iz salıbmış. Mən indiyə qədər bu qəhrəmanı tanımadığım üçün səhvi olan uşaqlar kimi pörtüb qızardım. Utanılacaq bir hərəkət etmişdim. Azərbaycana can verib özü yarımcan olan qəhrəmanın tarixdə qoyduğu izdən, hər zaman igidliyini izah edən sözdən xəbərsiz idim. Hələ əlinin, ayağının "düz" olduğu zamanlarda ayağı onu vətən səngərinə aparmışdı. O səngər ki, Naxçıvanın qədim tarixini düşməndən müdafiə edirdi.Hər tacın ən dəyərli bir qaşı olduğu kimi, Naxçıvanın da ən dəyərli qaşı Sədərək idi. Parıltısı düşmən gözünü "cıvıldadan" bu gözəl torpağa  düşmənlər göz dikdilər. Bəs vətən oğlu vətəndən pay verərmi? Namusu bildiyi torpağa erməninin təcavüz etməyinə izin verərmi? Yox, bu vətən oğlunun göz yumacağı bir şey deyil. Bəli, vətən oğlu. Düz eşitdiniz. O vətən oğlu ki, şəhadətin bircə addımlığından dönüb. O vətən oğlu ki, 24 il hər gün, hər saniyə ölüb. Sədərəyi, namusunu, anasını, ana vətənini canı bahasına, əzaları bahasına qoruyan bu qəhrəman hələ də rahatlıq tapa bilmirdi. Çünki onun vətəni tək Naxçıvan, tək Sədərək torpağı deyildi. Onun Qarabağı hər gün düşmənin çirkli əllərinin "sığalına", "hərarətli nəfəsinə" tuş gəlirdi. Bu minvalla özünün daha harayına yetə bilmədiyi vətən torpaqlarını düşmənin əzabından qurtarsın deyə övladlarının tez böyüməsini istədi vətən oğlu. Qeyrətli atanın belindən qeyrətli oğul gələr. O oğul ki, atasını özünə müəllim, örnək götürdü. Atanın getdiyi vətənin  azadlığa yönələn yolunu addım-addım irəlilədi. Addımları vətən oğlunun oğlunu səngərə gətirdi. Harda düşmənin torpağa uzanan əllərini gördüsə orda o əlləri sındırdı. Atasının gecələr yuxularında gördüyü imdad diləyən vətən torpağının harayına bu oğul hay verdi. Tək vətən harayına deyil, atasının vicdan harayına da səs verdi. 24 il yatağa məhkum olub, hər gün Qarabağ deyib qara bağlayan ata bir gün zəfər sədasını eşidib sevincdən ağlayacağı günü illərlə xəyal etdi. Bir hərbiçi çox gözəl bilir ki, azadlıq sözlə qazanılmır. Azadlıq, zəfər qanla qazanılır. Bu ata da bir gün zəfərin qazanılmasına ümid edərkən oğlunu vətənə qurban edə biləcəyini də yaxşı bilirdi. Ancaq vətən eşqi ilə şəhadətə ucalmağın hər kəsə nəsib olmadığını da düşünürdü. Arzuların uzandığı yollara addımlar tez çatdı. İllər sonra vətənin sükutu pozuldu. Dünyanın kar olan qulaqları, kor olan gözləri bir gecədə açıldı. Dünya susqun Azərbaycanın daha dilə gəlib necə zəfər nəğməsini oxuduğunu eşitdi. Anaların ağı səsləri zəfər nəğməsinə qarışdı. Ataların göz yaşları illər sonra azadlıq qazanan vətən torpağına sancılan bayrağa damladı. İllərlə bu zəfəri yuxularında görən vətən oğlu ən böyük arzusuna çatdı. Ürəyində 24 il əvvəl Sədərəkdə qazandığı zəfər zamanı yaranan hisslər yarandı. Sədərəyi sağlamlığı bahasına qoruyan vətən oğlu, Lələtəpənin övladının qanı, canı bahasına düşməndən azad olduğunu duydu. Qazi ata bir də şəhid atası adı ilə mükafatlandı. Gözlərindən iki damla yaş düşdü vətən oğlunun, biri zəfər üçün biri şəhid üçün. Elə o iki damla göz yaşının düşdüyü iki göz kimi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində bir təpə başında iki məzar var. İndi o məzarları ziyarət edənlər iki damla göz yaşı axıdır,biri illərlə vətənə xidmət edib 24 il yatağa məhkum olan qazi Əbdül Məmmədov üçün, biri 20 il vətənə xidmət edən tabor komandiri şəhid mayor Rasim Məmmədov üçün.

MANYA SƏXAVƏTQIZI

Ər kişinin Ər oğlu - Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ ...

Şəhid mayor Rasim Məmmədovun xatirəsinə həsr edilmiş film çəkilib ...

 

Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTOLAR » www ...


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93