Salam, xoş gəlmisiniz.

İKİ MƏKTUBUN TARİXÇƏSİ... - Nemətov sindromu və ya Vəkillər Kollegiyasına çevrilən Mədəniyyət Nazirliyi

2020-01-25 14:52:00

İKİ MƏKTUBUN TARİXÇƏSİ... - Nemətov sindromu və ya Vəkillər Kollegiyasına çevrilən Mədəniyyət Nazirliyi

“Bir əmri ilə münasibətləri soyuq olan Ələsgər Ələkbərovu işdən azad edən Ədil İskəndərov, digər əmri ilə ona tamaşaya qoyduğu Uilyam Şekspirin Otello obrazını  tapşırır və “Başqası varmı?” sualı ilə ucalığını nümayiş etdirir. Bu həmin o İskəndərovdur ki, küsülü olduğu Yusif Vəliyevin “Nəsimi” filminə çəkilməsini daha münasib bilib, Əmir Teymur roluna görə namizədliyini geri götürür...

Budur cılız hisslərə meydan oxuyan ucalıq!!! Budur xalqa, incəsənətə və ümumilikdə həqiqətə xidmət! Budur sənət yanğısı!!!

Bu gün Akademik Milli Dram Teatrında şahidi olduğumuz “Ağanəzər” siyasəti insanı dəhşətə gətirir: sözün yaxşı mənasında millətpərəst, yəni milli şüuruna qul olan və bu əqidəsinin qurbanı olan Ədil İskəndərovun sələfi Azərpaşa Nemətov səbəbsiz olaraq antipatiya bəslədiyi aktyorları (cəsarətlə demək olar ki, istedadlı aktyorları - N.İ.) nazirliyin himayədarlığı və həmin qurumun “oğulluq” qayğısı ilə işdən müxtəlif bəhanələr və haqsızlıqla azad edir. Vəziyyət o həddə çatıb ki, Nemətovun sevimliləri olan tələbələri və təhlükədən uzaq fəaliyyət göstərən aktyorlar belə onun müdafiəsinə qalxmağı lazım bilmirlər.

Ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi zərurətinin yaranması səbəbləri heç kəs üçün sirr deyildir. Həyata keçirilən bir sıra islahatlar və baş verəçək köklü dəyişikliklərin cəmiyyətin normal düzəndə inkişafına təkan olduğu bir dönəmdə, xalqı ölkə başçısına qarşı qoyan etinasızlıq, bəzənsə qərəzdən qaynaqlanan məmur ozbaşınalığına qarşı mübarizənin gücləndirildiyi zamanla üz-üzəyik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətə və eyni zamanda tamaşaçıya (yüngül desək) sayqısızlıq tüğyan edir- aktyor sənətinin layiqli təmsilçiləri bir-birinin ardınca səhnədən uzaqlaşdırılır. Artıq illərdir ki, davam edən bu soyqırım barədə dəfələrlə yazdığımız üçün təkrara yol vermədən silsilə məqalələri xatırlatmağa ehtiyac duyuruq; çünki baş verən haqsızlıqların və özbaşınalıqlar birbaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir və cəsarətlə deməliyik ki, ölkə başçısına təhrif olunmuş məlumat verilir.

Təəssüf ki, hələ də Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olaraq tamaşalar qəbul etməyə müvəkkil edilən “teatrşünas” İsmayıl Hüseynov (İncəsənət şöbəsinin müdiri) Nemətovla arasında yaranmış “ata-oğul” münasibətindən vəcdə gələrək ondan şikayətə gələnlərə utanmadan “Nemətov istəmədiyi halda orada necə işləyəcəksən?” sualını verir və göründüyü kimi, dərc olunan cavab məktubunu da o, imzalayır ki, burada haqlı ironiya “not”larını duymamaq mümkün deyildir. Belə çıxır ki, bundan sonra Azərbaycan teatr sənətinə-konkret olaraq Akademik Milli Dram Teatrına vurulan mənəvi zərbələr barədə xalq şairi Süleyman Rüstəmin sözlərilə desək: “Səndən sənə şikayətim var” üsulu ilə səslənməliyik.

Son olaraq: ümidvarıq ki, Azərbaycan incəsənətinə -rəhbərlik etdiyi Akademik Milli Dram Teatrına cəsarətlə deməliyik ki, xəyanət edərək cəzasızlıqdan bəhrələnib daxilində boğa bilmədiyi (və ya boğmaq istəmədiyi –bəlkə də boğmağa qadir olmadığı) ucuz hisslərlə qərar çıxarıb neçə aktyorun taleyini sındırmağı özünə icazə verən - tamaşaçı istəyinə, böyük səhnəyə və ədalətə-ən ümdəsi: insanlığa arxa çevirənlərə himayədarlıq edənlər- ölkə başçısının etimadından istifadə edərək təhrif olunmuş məlumatlar verən nazirlər tezliklə layiqli cəzasını alacaqlar!

Nəcibə İLKİN

P.S. Teatrla bağlı tənqidi yazılarımı davam etdirməyi özümə borc bilirəm. Bu yolda mübarizəmdən əl çəkəsi deyiləm . Bunu Azərpaşa Nemətov qulağını açıb eşitsin.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93