Salam, xoş gəlmisiniz.

İLK QADIN PİLOTUMUZUN MÜƏMMALI ÖLÜMÜ

2018-04-24 12:22:32

İLK QADIN PİLOTUMUZUN MÜƏMMALI ÖLÜMÜ

Dilarə Əliyevanın ölümünə həkimlərin səhv diaqnozu səbəb olub?

Atası Aydın Babayev: “Xəstənin diaqnozu bilərəkdən, yaxud yanlışlıqla zəhərlənmə kimi təqdim olunduğundan, müalicə düzgün aparılmayıb”

“Hürriyyət”in ötən saylarından birində oxucularımıza Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu Dilarə Babayevanın yarım qalan həyat hekayəsini anlatmışdıq. Bu gün isə nakam taleli xanım pilotumuzun atası, Sumqayıt şəhərinin sakini Babayev Aydın Arzuman oğlunun redaksiyamıza ünvanladığı məktubu sizə təqdim edirik.

Aydın Babayev məktubunda yazır ki, qızı, 11.12.1986-cı il təvəllüdlü Dilarə Babayeva Sumqayıt şəhər “Təfəkkür” liseyini bitirdikdən sonra, hərbi-silahlı qüvvələrdə xidmət etmək arzusu ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. Raket qoşunları və artilleriya xidməti heyətində hərbi qulluq etmək üçün idarəetmə mühəndisüliyi ixtisası üzrə bakalavr dərəcəsi almaqla 2008-ci ildə oranı bitirib.

2012-ci ildən DSX-də “N” saylı hərbi hissədə xidmətdə olub. Hərbiçi kapitan rütbəsinə qədər yüksəlib. Respublika Avasiya Akademiyasında hərbiçi pilot kimi idarəetmə kursu keçib, şturman kimi xidmətdə olub. Hərbi təlim və uçuşlarda iştirak edib. DSX-nin ilk qadin hərbi-pilotu kimi yaddaşlarda qalıb. 2016-cı ilin 30 avqustunda milli həkimlərimizin səhlənkarlığı nəticəsində körpəsi və özü dünyasını dəyişib.

Ata yazır ki, 2015-ci ilin dekabr ayında ailə quran Dilarə 8 aylıq (36 həftəlik) hamiləlik dövrünə kimi sistematik Sumqayıt həkimlərinin nəzarətində olub və səhhəti ilə bağlı heç bir problem aşkarlanmayıb. 36-cı həftədə gözlənilmədən qan təzyiqinin yüksəlməsi, analizdə zülalın çoxluğu, tibbi dildə desək, ağır preeklampsiya diaqnozu ilə Bakıda fəaliyyət göstərən Respublika Perinatal Mərkəzinə (Respublika Doğuşayardım Mərkəzi) göndərilib. 30 dəqiqə ərzində başdansovdu müayinə olunub, analizləri alınıb və ilkin diaqnoza etiraz edən həkimlər: Sevinc Məmmədova, Hamlet Mustafayev, Ruslan Şamilov, Kifayət Əzimova və Zəhra Cabbarovanın iştirakı ilə konsilium keçirilərək xəstənin ağır, gərgin vəziyyəti araşdırılmadan, xəstə sahibinə lazımi məlumat çatdırılmadan, saxta zəhərlənmə diaqnozu ilə KTM-1-ə (keçmiş “Semaşko” xəstəxanasına) göndərilib.

Zərərçəkmiş Dilarə Babayevanın hüquqi varisi Aydın Babayevin iddiasına görə, xəstəyə açıq-aşkar birbaşa yardım göstərilməsindən imtina edilib. Xəstə tibbi personalın yarıtmaz işi səbəbindən, ya da hansısa başqa səbəblərdən dəqiq ünvana çatdırılmaq əvəzinə, KTM-1-in binaları arasında təyinatsız olaraq həkimlərarası gəzdirilib, 18:30-da “yoluxucu xəstəliklər” şöbəsinə qəbul edilib, ilk qıcolmadan sonra isə doğuş ginekologiyası şöbəsinə gətirilib.

Həkimlər: İslam Mahalov, Maisə Heybətova, Minurə Kazımova, Natavan Nəbiyeva və Yaqut Musayevanın iştirakı ilə keçirilmiş gizli, saxta konsiliumdan sonra gecəyarı əməliyyat edilib. Bundan sonra ölmüş körpə ana bətnindən çıxarılıb, 2016-ci ilin 30 avqustunda isə körpəsini itirən ana - Babayeva Dilarə Aydın qızı da dünyasını dəyişib. Ölümündən sonra ilkin qoyulmuş ağır preeklampsiya diaqnozu tam təsdiq olunub.

Zərərçəkmiş xanım pilotumuzun atası Aydın Babayevin iddiasına görə, 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabrına kimi aparılan cinayət işi saxta ittihamlarla bərabər Nəsimi məhkəməsinə təqdim olunub. Övladını itirmiş ata dəfələrlə Nəsimi rayon Prokurorluğuna, Bakı şəhər prokuroru na, Respublika Prezidentinə, Birinci vitse-prezidentə, Baş nazirə, MM sədrinə, Din-ə, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa, DSX-ya, Ədliyyə Nazirliyinə, Ana, Qadın və Uşaq problmləri Komitəsinə, MM deputatları T.Mirkişiliyə və Q.Paşayevaya, Respublika Məhkəmə Hüquq Şurasına, İnsan hüquqları üzrə Müvəkkilliyə müraciətlər edib.

Aydın Babayev iddia edir ki, cinayət materialları ilə tanışlıq və məhkəmə proseslərindən sonra ona məlum olub ki, qızının ölümündə günahkar bildiyi yüksək səviyyəli tibbi kadrların cəmləşdiyi və fəaliyyət göstərdiyi, böyük imkanları olan Respublika Perinatal Mərkəzi, ən yüksək 3-cü səviyyəli Dövlət statusu olan Doğuşayardım Komissiyası və KTM-1 həkimləri cinayət məsuliyyətindən azad edliblər və naməlum səbəblərdən hərtərəfli toxunulmaz müdafiə ilə təmin olunublar. Bunu şifahi və yazılı şikayətlərində qeyd edib, adıçəkilən məsələ ilə bağlı şübhələrini bildirsə də, heç bir nəticəsi olmayıb. Belə ki, hadisənin araşdırılması məqsədi ilə heç kəsdən ifadə alınmayıb, heç bir üzləşdirmə aparılmayıb, sanki belə bir dövlət müəssisəsi heç yoxmuş kimi davranılıb. Halbuki, Sumqayıt həkimləri tərəfindən əsaslandırılmış şəkildə təsdiq etdikləri xəstəlik diaqnozu (preeklampsiya) Respublika Perinatal Mərkəzinin baş həkimi və onun vicdansız qrupu tərəfindən təsdiqlənməyib, ört-basdır edilərək gizlədlib. Xəstənin diaqnozu bilərəkdən, yaxud yanlışlıqla zəhərlənmə kimi təqdim olunduğundan, müalicə düzgün aparılmayıb, bu isə böyük vaxt itkisinə səbəb olub və ana bətnində dölün ölümü, həyat əhəmiyyətli daxili orqanların növbə ilə sıradan çıxması ilə sonuclanıb.

Qəlbidağlı ata iddia edir ki, köməksiz vəziyyətdə qalan qızı qəddarcasına öldürülüb(Şikayətçinin qeydi: preeklampsiya qarşısı alına bilinən və müalicə olunan xəstəlikdir. Faktiki olaraq respublika xəstəxanalarında yüzlərlə adam preeklampsiyadan müalicə olunub sağalır).

Daha sonra Aydın Babayev qeyd edir ki, ölüm aktından sonra Pataloji Anatomiya və Tibbi Ekspertizada Sumqayıt həkimlərinin mərhum Babayeva Dilarə Aydın qızına qoyduqları diaqnoz təsdiqlənib, Perintal Mərkəzin saxta zəhərlənmə diaqnozu qətiyyətlə təkzib edilib. Cinayət işini sığortalamaq məqsədi ilə xəstəliyə ildırım sürəti ilə preeklampsiya adı qoşulub, sənədlər təcili qaydada yenidən tərtib olunub və diaqnozun dəyişdirilməsi xahişi ilə Sumqayıta müraciət olunub.

Aydın Babayev məktubunda hüquq mühafizə orqanlarını da günahlandırır. Onun dediyinə görə, baş verənlərə göz yumub, faktları gizlədən hüquq mühafizə orqanları cinayətkarları aşkarlayıb hadisələri araşdırmaq əvəzinə, Perinatal Mərkəzi və KTM-1-i qoruyublar, diqqəti onlardan yayındırıblar. Əsl suçluların əvəzinə, poliklinikada çalışan adi sahə həkimi Gülnar Məmmədlini ittiham edib, şikayətçi tərəfin etirazına baxmayaraq, ölümün səbəbkarı kimi məhkəməyə təqdim ediblər.

Aydın Babayev məktubunda onu da bildirir ki, ağır vəziyyətdə olan xəstəni öz şəxsi mülkiyyəti hesab edən Respublika Perintal Mərkəzinin həkimləri onun və anasının yalvarışlarına məhəl qoymadan dövlət müalicə ocağından zorla çıxarıblar. Bununla da faktiki olaraq, xəstəyə tibbi yardım göstərməkdən imtina ediblər. Əslində isə hamilə xəstə həmin müəssisədə əməliyyat edilib, müalicəyə cəlb olunmalı idi. Çünki RPM-i məhz bu cür xəstələrin müalicəsi üçün nəzərdə tutulub.

Aydın Babayev hazırda məhkəmədə təqsirləndirilən sahə həkimi Gülnar Sabir qızı Məmmədlinin əslində xəstəyə düzgün diaqnoz təyin etdiyini, ilkin yardım göstərib onu lazımi istiqamətə yönləndirdiyini, ona qarşı qaldırılan ittihamın əsassız və qərəzli olduğunu, dəfələrlə bu haqsızlığa qarşı şifahi yə yazılı surətdə etiraz etsə də, etirazlarına əhəmiyyət verilmədiyini bildirir.

Məktubunun sonunda şikayətçi bu vaxta qədər həyata keçirilən istintaq hərəkətlərindən, qızının öldürülməsi faktına soyuqqanlı münasibətdən tamamilə narazı olduğunu yazır. Şikayətçi cinayət işi ilə tanışlıqdan və məhkəmə proseslərindəki üzləşmələrdən belə qənaətə gəlib ki, qızı Dilarə Babayevanın ölümündə təqsiri olunan şəxslər gizlədilib.

A.Babayev zərərçəkmiş şəxs kimi hüquqlarının pozulduğunu, cinayət işinin açılmasına xidmət edə biləcək faktların kimlərinsə mənafeyinə görə əhəmiyyətsiz sayıldığını iddia edir. O, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova və onun rəhbərliyi altında çalışan həkimlər qrupu - Hamlet Mustafayev, Ruslan Şamilov, Kifayət Əzimova və Zəhra Cabbarova- haqqında cinayət işi qaldırılmamasından, KTM-1-in xəstəyə qarşı biganə münasibətindən gileylənir.

Dərdli ata qızının ölümündə təqsirli olan şəxlərin cəzalandırılmasını, cinayət işinin aparılmasında yol verilmiş kobud səhvlərin və özbaşınalıqların aradan qaldırılmasını, dövlətin öz zabitinə sahib çıxmasını, cinayətin ört-basdır edilməsinə son qoyulmasını, hakimiyyət orqanları tərəfindən onun şikayətinə müsbət reaksiya verilməsini, baş verənlərin təkrar araşdırılmasını xahiş və tələb edir.

Banu Oğuz

P.S. Aydın Dadaşov məktubuna Dövlət orqanlarına ünvanladığı şikayət ərizələrinin surətlərini də əlavə edib.

P.P.S. Ümid edirik ki, əlaqədar qurumlar qəlbidağlı atanın bu ürəkağrıdan müraciətinə biganə qalmayacaq və DSX-nin ilk qadın pilotunun müəmmalı ölümü ən tez zamanda ciddi şəkildə araşdırılacaq, baş verən faciədə həqiqətən cinayət tərkibi varsa, günahkar şəxslər aşkar edilib cəzalandırılacaq.

Biz isə öz növbəmizdə işin gedişatı haqda oxucularımıza məlumat verməyə, həmçinin qarşı tərəfin münasibətini işıqlandırmağa hazırıq.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93