Salam, xoş gəlmisiniz.

"Çində yayılan koronavirus Azərbaycanı da təhdid edir" - ŞAHİN CƏFƏRLİ

2020-01-25 11:18:00

"11 milyon əhalisi olan Vuhan şəhəri karantin zonası elan edildikdən bəri "Brent" markalı neft 4 dollardan çox ucuzlaşıb"

"Çində yayılan koronavirus Azərbaycanı da təhdid edir. Söhbət virusun (2019-nCoV) ölkəmizə sıçraması ehtimalından yox (bu risk də var), enerji bazarını "vurmasından" gedir". Hurriyyet.org xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, yanvarın 22-də 11 milyon əhalisi olan Vuhan şəhəri karantin zonası elan edildikdən bəri "Brent" markalı neft 4 dollardan çox ucuzlaşıb: "Çin hökuməti ümumilikdə 46 milyon əhalinin yaşadığı 16 şəhərin ətraf aləmlə əlaqəsini kəsib. Bu cür radikal tədbir belə fikirlərə əsas yaradıb ki, real vəziyyət əslində daha pisdir. Artıq Çin ordusu hərbi həkimləri səfərbər edərək virusun baş qaldırdığı Hubei əyalətinə göndərir. Rəsmi məlumata görə, indiyədək ölənlərin sayı 41 nəfər, virusa yoluxanların sayı isə 1300-ə yaxındır".

Şahin Cəfərlinin fikrincə, virusla neftin qiyməti arasındakı əlaqə budur ki, insanların sərbəst hərəkəti, səyahəti, gediş-gəlişi məhdudlaşır: "Nəticədə aviabenzin başda olmaqla, yanacağa tələbat azalır. Çinin gündəlik neft idxalı 9 milyon barel təşkil edir. Təsadüfi deyil ki, Çinin bəzi hava limanlarının və aviaşirkətlərinin səhmləri ucuzlaşmaqdadır. Səyahət edənlərin azalması turizmə də zərbə vurur, bu isə öz növbəsində ticarətə mənfi təsir göstərir və bütövlükdə iqtisadiyyat zərər çəkir. Bir sözlə, 2019-cu ili son 30 ilin ən aşağı rəqəmi olan 6,1 faizlik artım tempi ilə başa vuran Çin iqtisadiyyatı üçün koronavirus yaxşı xəbər deyil. Şübhəsiz ki, virus qısamüddətli problemdir və qarşısı alınacaq. Amma Çin və ümumilikdə dünya iqtisadiyyatında artım tempinin yavaşlaması fundamental problemdir. Bu, o deməkdir ki, yanacağa tələbat daha az artacaq. Digər fundamental faktor ABŞ-da hasilatın "fontan vurmağa" davam etməsidir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ilin birinci yarısı Çində yayılan atipik pnevmoniya epidemiyası (SARS) nəticəsində neftin qiyməti 34 dollardan 23 dollara qədər geriləmişdi".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93