Salam, xoş gəlmisiniz.

"İndiki parlamentin cəmiyyətdə nüfuzu olmayacaq" - NATİQ CƏFƏRLİ

2020-02-15 12:32:00

"Bəzi seçki dairələrində nəticələrin ləğvi seçkilərinin ictimaiyyətdə yaratdığı böyük qəzəbin soyudulmasına hesablanmış addımlardan biridir"

"Əgər Azərbaycan özünün önünü açmaq, imicini yeniləmək, hətta Dağlıq Qarabağ məsələsində üstünlük qazanmaq istəyirsə, o zaman 9 fevral seçkilərinin nəticələrinin tamamı ləğv olunmalıdır"

"Hər kəs vətəndaşlıq borcunu həm seçkidə, həm də kütləvi aksiyalarda dinc konstitusion şəkildə yerinə yetirməli, mövqeyini bildirməlidir ki, siyasətçilər də bundan ürəklənsin"

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. Həmin qərarlara əsasən Hüseynbala Mirələmovun qələbə qazandığı deyilən 33 saylı Xətai Birinci Seçki Dairəsi, Rauf Arifoğlunun qalib gəldiyi bildirilən 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, Hadı Rəcəblinin qələbəsi elan edilən 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və Çingiz Qənizadənin lider namizəd olaraq açıqlandığı 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub. Bununla da həmin dairələrdə təkrar seçkilərin keçirilməsi qərara alınıb.

Bir sıra dairələr üzrə seçkilərin nəticələrinin ləğvi hakimiyyətin seçki texnoloqlarının əvvəlcədən hazırladığı ssenarinin bir hissəsidir

Bu arada, məsələ ilə bağlı yayılan informasiyalarda o da qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası daha 10 seçki dairəsi üzrə seçkinin nəticələrinin ləğv edilməsi haqda qərar verəcək. Belə ki, jamaz.info-nun iddiasına görə, 91 saylı Ucar, 81 saylı Beyləqan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 125 saylı Zəngilan-Qubadlı, 15 saylı Yasamal birinci, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli və 60 saylı Salyan-Neftçala seçki dairələrinin də nəticələrinin ləğv olunma ehtimalı var. Siyasi şərhçilərin böyük əksəriyyəti isə bu qənaətdədirlər ki, bir sıra dairələr üzrə seçkilərin nəticələrinin ləğvi hakimiyyətin seçki texnoloqlarının əvvəlcədən hazırlamış olduğu ssenarinin bir hissəsidir. Deyilənlərə görə, hakimiyyət bu yolla həm narazı insanları, həm də beynəlxalq təşkilatları sakitləşdirməyi planlaşdırır. Lakin ekspertlərin fikrincə, bunun elə də ciddi effekti olmayacaq. Çünki vətəndaşlar növbədənkənar parlament seçkilərinin nəticələrinin tamamilə ləğv edilməsini və yenidən seçkilərin keçirilməsini tələb edirlər.

"Təbii ki, sözügedən seçki dairələrində nəticələrin ləğvində bizim mitinqlə bağlı verdiyimiz qərarın da ciddi rolu oldu"

Картинки по запросу "NATİQ CƏFƏRLİ"

Mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən millət vəkilliyinə keçmiş namizəd Natiq Cəfərli hesab edir ki, sözügedən seçki dairələrində nəticələrin ləğvi prosesi 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərinin ictimaiyyətdə yaratdığı böyük qəzəbin soyudulmasına hesablanmış addımlardan biridir: "Bildiyiniz kimi, REAL və Müsavat partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə qərar qəbul edib. Təbii ki, sözügedən seçki dairələrində nəticələrin ləğvində bizim mitinqlə bağlı verdiyimiz qərarın da ciddi rolu oldu. Bundan başqa, insanların çox qəzəbli olduğu da sosial şəbəkələrdə açıq şəkildə göründü. Belə ki, insanlar növbədənkənar parlament seçkiləri ilə bağlı öz narazılıqlarını ifadə edirlər. Odur ki, bu məsələnin geniş ictimai müzakirəyə və ciddi qınağa səbəb olması hakimiyyəti müəyyən addımlar atmağa sövq etdi. Lakin söhbət ondan getmir ki, 4-5 və ya 10 dairə üzrə nəticələrin ləğvi bu məsələni yumşaldacaq".

"Növbədənkənar parlament seçkilərinin yaratdığı ab-hava ondan ibarətdir ki, formalaşan parlament artıq insanların hörmətinə layiq olmayacaq"

REAL-ın icra katibi bildirdi ki, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində növbədənkənar parlament seçkilərinin total saxtakarlıqla keçirilməsi, seçici aktivliyinin çox aşağı olması, ümumiyyətlə, bu seçkilərin nədən önə çəkilməsi məsələsi ciddi müzakirə mövzusudur: "Əgər buraxılmış parlament islahatlara mane olurdusa, həmin parlamentdəki insanları yenidən ora təyin etmək nə anlama gəlir? Bu suallar ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyəti də düşündürür. Sizi inandırım ki, son 3 gündə dünyanın nüfuzlu beynəlxalq media nümayəndələri hər gün mənimlə əlaqə saxlayır, müsahibə alırlar. Mənsə onlara bu suallarla bağlı məntiqli izah verməkdə çətinlik çəkirəm. Çünki özüm bu proseslərin bu tipdə baş verməsinin məntiqini tapa bilmirəm. Ona görə də düşünürəm ki, 4 seçki dairəsində nəticələrin ləğv olunması həm yaranmış ab-havaya cavab idi, həm də hökumətin səhv etdiyinin dolayı etirafı idi. Ancaq bu da yetərli deyil. Çünki növbədənkənar parlament seçkilərinin yaratdığı ab-hava ondan ibarətdir ki, formalaşan parlament artıq insanların hörmətinə layiq olmayacaq. Hakimiyyət hüquqi cəhətdən legitim parlament yaratdığını söyləyə bilər, amma söhbət tək hüquqdan getmir. Söhbət həm də mənəvi gücdən və nüfuzdan gedir. Yəni indiki formada formalaşan parlamentin cəmiyyətdə mənəvi nüfuzu olmayacaq. Mənəvi nüfuzu olmayan parlamentin isə ölkə gündəmində, ölkənin problemlərinin həllində mühüm rol oynaya biləcəyi ehtimalı çox aşağıdır".

"Çox güman ki, bu gün-sabah bir neçə dairənin də ləğv olunacağı xəbərini eşidəcəyik"

Növbədənkənar parlament seçkilərinin nəticələrinin tamamilə ləğv ediləcəyini düşünmədiyini deyən Natiq Cəfərlinin fikrincə, əgər Azərbaycan özünün önünü açmaq, imicini yeniləmək, hətta Dağlıq Qarabağ məsələsində üstünlük qazanmaq istəyirsə, o zaman 9 fevral seçkilərinin nəticələrinin tamamı ləğv olunmalıdır: "Yəni seçkilər yenilənməli, Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Amma bunun ehtimalı çox aşağıdır. Hər halda bundan sonra daha 4-5 dairə üzrə nəticələrin ləğv olunması ehtimalı çox yüksəkdir. Çox güman ki, bu gün-sabah bir neçə dairənin də ləğv olunacağı xəbərini eşidəcəyik. Lakin bu da məntiqsizlik ortamı yaradır. Çünki seçkidən həmən sonra bütün dövlət qurumlarının rəhbərləri, prezidentin özü seçkilərin çox yaxşı keçdiyini söyləyib. Amma 10-12 dairənin ləğv olunması az qala 10 faizə gəlib çatır. Belə çıxır ki, hətta rəsmi etirafla 10 faiz dairələrdə saxtakarlıq olubsa, digərlərində də bu ehtimalın yüksək olduğunu mıntiq sübut edir. Ona görə də mənə elə gəlir ki, seçkilərin yenilənməsi dövlət və gələcəyimiz üçün ən doğru, pozitiv addım olardı".

"Mitinqin izdihamlı olub-olmaması insanların özünün verəcəyi qərardan asılıdır"

REAL və Müsavat partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin fevralın 16-da keçirəcəyi birgə mitinqə toxunan Natiq Cəfərli qeyd etdi ki, həmin mitinqin izdihamlı olub-olmaması insanların özünün verəcəyi qərardan asılıdır: "Biz sözümüzü tutduq, seçkilərə getdik, gözəl kampaniya da apardıq və insanları seçkilərə cəlb etməyə çalışdıq. Lakin açığı, seçkilərə də çox az adam gəldi. Yəni reallıqda ölkə üzrə maksimum 10-12 faiz seçici aktivliyi var idi. Ancaq sonradan bunu 4 dəfə artırdılar. Mitinqə gəlincə, bununla da bağlı sözümüzü tutduq. Belə ki, seçki saxtakarlığı ilə bağlı Müsavat Partiyası, D 18 təşkilatı və müstəqil namizədlərlə birgə belə bir təşəbbüsün altına girmişik. İndi vətəndaşlar öz səsinin oğurlanaraq təhqir olunduğunu düşünürlərsə, onda mütləq mitinqə gəlməlidirlər. Bu mitinqlər davamlı şəkildə getməlidir ki, bütün ölkə üzrə seçkilərin nəticələri ləğv olunsun. Lakin indidən mitinqə nə qədər insanın gələcəyini demək mümkün deyil. Çünki sosial və iqtisadi problemlərlə Azərbaycan vətəndaşını elə bir vəziyyətə salıblar ki, insanların seçkiyə, siyasi aktivliyə marağı qalmayıb. Bu isə öz növbəsində, apatiya, yəni ehtirassızlıq, laqeydlik yaradıb ki, bu da çox təhlükəlidir. Buna görə də iqtidar anlamalıdır ki, belə apatik cəmiyyətdə gec-tez partlayışlar ola və nəticədə xaotik vəziyyətə gətirib çıxara bilər. Bu isə dövlətə, ictimaiyyətə, cəmiyyətə, eləcə də iqtidarın özünə heç cür sərf edə bilməz. Bu səbəbdən də vətəndaşlarımız da bir balaca məsuliyyət hiss etməlidirlər. Yəni hər kəs vətəndaşlıq borcunu həm seçkidə, həm də kütləvi aksiyalarda dinc konstitusion şəkildə yerinə yetirməli, öz mövqeyini bildirməlidir ki, siyasətçilər də bundan ürəklənsin".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93