“İqtidarın yaranmış vəziyyətdən neçə çıxmaqla bağlı aydın təsəvvürü yoxdur” – XAQANİ CƏFƏRLİ

27 İyun, 2020, 11:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

“Müxalifətin də ölkə qarşısında duran problemlərin öhdəsindən gələ biləcəyinə dair cəmiyyətin əksəriyyətində əminlik yoxdur”

“Koronavirus pandemiyası və neftin qiymətinin kəskin ucuzlaşması ölkəmizdə islahatların nə qədər gecikdiyini çox aydın şəkildə üzə çıxarmaqla, kəsb etdiyi həyati əhəmiyyəti də gözlər önünə sərdi. Prezident İlham Əliyevin son açıqlamalarından aydın görünür ki, iqtidarın yaranmış vəziyyətdən neçə çıxmaqla bağlı aydın təsəvvürü yoxdur”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, müxalifətin də ölkə qarşısında duran problemlərin öhdəsindən gələ biləcəyinə dair cəmiyyətin əksəriyyətində əminlik yoxdur: “Bunun əsas səbəblərindən biri cəmiyyətin islahatların necə həyata keçiriləcəyi haqqında aydın təsəvvürü yoxdur. Bəzi hallarda isə islahatlar çox çətin bir iş kimi görünür. Rusiyanın ən yaxşı iqtisadçısı hesab olunan Sergey Quriyev Rusiya iqtisadiyyatının sağlamlaşdırılmasının yollarının nədən ibarət olması ilə bağlı suala verdiyi cavab çox diqqətçəkicidir: “İqtisadi islahatlar həllini gözləyən riyazi düstur deyil. İslahatların nədən ibarət olması hər bir azad iqtisadiyyat tərəfdarına aşağı-yuxarı aydındır”. Gürcüstandakı islahatların memarı hesab olunan mərhum Kaxa Bendukidze müsahibələrindən birində islahatlar üçün nə lazımdır sualına belə cavab vemişdi: “İslahatlar üçün üç nəfər lazımdır. Biri islahatlar proqramın yaza, digəri bu proqrama xalq dəstəyini təmin edə, üçüncü də islahatlara mane olanları həbs edə”. Mərhum Kaxa Bendukidze Gürcüstanda həyata keçirilən islahatlarla bağlı daha sonra deyirdi: “Mən islahatlar proqramını yazırdım, Saakaşvili xalqın dəstəyin təmin edirdi, Merabişvili də mane olanları həbs edirdi”. Hörmətlə andığım mərhum Kaxa Bendukidzenin lakonik ifadəsinin açılımı belədir. Totalitar keçmişindən qurtulmaq üçün libertarianis zəka sahibi, xalqın dəstəklədiyi və islahatlara inanan xarizmatik lider, islahatlara əsas mane olan korrupsioner və cinayətkarları həbs edəcək iradə sahibindən ibarət üçlük cəmiyyət üçün qəliz görünən islahatları çox effektli şəkildə həyata keçirə bilər. Gürcüstanın nümunəsi buna sübutdur”.

Xaqani Cəfərlinin sözlərinə görə, ixtisasca bioloq olan, Rusiyada bizneslə məşğul olan Kaxa Bendukidze libertarianis zəka sahibi idi. Politoloq bildirib ki, məhz onun sürətli islahatları nəticəsində Gürcüstan əlverişli biznes mühiti üzrə reytinq cədvəlində 137-ci yerdən 11-ci yerə qalxdı: “Bu isə Gürcüstan iqtisadiyyatının 2005-2007-ci illərdə müfaviq olaraq 9,10,12 faiz artımına səbəb oldu. Saakaşvili “Buldozer” ləqəbli Bendukidzenin islahatlardakı rolunu belə xatırlayır: “Bizim islahatlar haqqında aydın təsəvvürümüz yox idi. Kaxa özünün nüfuzundan istifadə edərək bizi islahatlara təhrik edirdi”. Saakaşvili iqtidarında iqtisadi islahatların kordinasiyası naziri vəzifəsini tutan Bendukidze libertarianis fəlsəfədən çıxış edərək dövlətin iqtisadiyyata müdaxiləsinin ən aşağı səviyyə salınmasına çalışırdı və bu sözləri təkrar etməyi sevirdi: “Vicdanınızdan başqa hər şeyi satın”. Keçmiş sovet ittifaqının ən kriminal respublikası, “qanuni oğru”ların vətəni hesab olunan Gürcüstanın çox qısa müddətdə postsovet məkanında cinayətkarlığın ən aşağı olduğu ölkəyə çevrilməsi bu gün də bir çoxlarına möcüzə kimi görünür. “Qızıl gül” inqilabından sonra iqtidara gələn Saakaşvili Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin vaxta kimi bir gün də olsun polis orqanlarında işləməmiş, ixtisasca dağ-mədən mühəndisi olan Vano Merabişvilini gətirir. Eyni zamanda, nazirin müavinləri də polis orqanları ilə heç bir əlaqəsi olmayan şəxslər idi və Merabişvili polis sistemində həyata keçirdikləri islahatın uğurlu olmasını bu məqamla əlaqələndirmişdi. İslahatda məqsəd isə cinayətkarlıqla daha effektli mübarizə aparmaq idi. İslahatlar gözlənilən bəhrəsini verdi və qısa müddətdə Gürcüstan dünyanın ən təhlükəsiz ölkələrinin reytinq cədvəlində Sinqapur və Cənubi Koreyadan sonrakı pilləni tutaraq üçüncü oldu. Bundan sonra belə bir ifadə yarandı ki, Gürcüstanın MOSAD yaratmağa ehtiyacı yoxdur, çünki onun Vano Merabişvilisi var. Gürcüstanın kriminal postsovet respublikasından cinayətkarlığın, korrupsiyanın və məhdudiyyətlərin ən aşağı olan bir Avropa ölkəsinə üç nəfər çevirib və onların heç birinin “dövlətçilik təcrübəsi” yox idi. Gürcüstanın nümunəsi dünyada ilk hadisə deyil. Gürcüstan nümunəsi Sinqapur nümunəsinin təkrarıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93