Salam, xoş gəlmisiniz.

İRANDA REJİM DAXİLİNDƏ ZİDDİYƏTLƏR BÖYÜYÜR

2020-01-14 13:07:00

İRANDA REJİM DAXİLİNDƏ ZİDDİYƏTLƏR BÖYÜYÜR

"Vaşinqtonla Tehran arasındakı hərbi-siyasi konflikt İran daxilində parçalanmaya səbəb olub"

Məhəmməd Əsədullazadə: "İslam İnqilabı Keşikçiləri Korpusu Ruhani hakimiyyəti ilə ciddi fikir ayrılıqlarına malikdir"

Zaur Məmmədov: "İranın daxilindəki qüvvələr siyasətlərində yekdil deyillər, qruplar arasındakı mübarizə, eyni zamanda xarici ölkələrin maraqları gələcəkdə yaşanacaq hadisələrdə özünü büruzə verəcək"

“İranın daxilindəki qüvvələr öz siyasətlərində yekdil deyillər, qruplar arasında olan mübarizə, eyni zamanda xarici ölkələrin maraqları gələcəkdə İranda yaşanacaq hadisələrdə özünü büruzə verəcək"

Bildiyiniz kimi, Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" sərnişin təyyarəsinin Tehran yaxınlığında qəzaya uğramasında əsas şübhəli tərəf məhz İran idi. Lakin rəsmi Tehran ilk öncə, bunu ciddi cəhdlə təkzib edir, təyyarənin onlar tərəfindən vurulmadığını bildirirdi. Lakin beynəlxalq təzyiqlərin artdığını görən İran rəsmiləri hadisədən üç gün sonra sərnişin təyyarəsinin İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Belə ki, artıq İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif bunu təsdiqləyiblər. Zərifin sözlərinə görə, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. XİN rəhbəri həmçinin, faciənin "ABŞ avantürizminin səbəb olduğu böhran" zamanı baş verdiyini qeyd edib.

Nəzərinizə çatdıraq ki, bu barədə gunaz.tv-də yer alan məlumata görə, təyyarə qəzasının əsl səbəbini gizlətməyə çalışan, qəzanın təyyarədə yaranmış texniki nasazlıq ucbatından baş verdiyi israr edən İran hökuməti ABŞ, Kanada, Ukrayna və "Boeing" şirkətinin işə qarışmasından sonra fakt qarşısında qalaraq sərnişin təyyarəsinin raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb. Bununla bağlı İran Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda deyilir ki, Tehran-Kiyev sərnişin təyyarəsi səmaya qalxandan sonra "Sepah"ın həssas hərbi mərkəzlərindən birinə yaxın məsafədə uçduğuna görə, səhvən düşmən hədəfi kimi nəzərə alınaraq, bilməyərəkdən "Sepah"ın yer-göy raketi ilə vurulub". İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami də öz növbəsində, Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin vurulmasına görə üzr istəyib: "Həyatımda heç vaxt bu qədər xəcalət çəkməmişdim. Biz elə bir səhv etdik ki, çoxsaylı vətəndaşımız öldü. Ancaq bunu qəsdən etmədik, üzr istəyirik".

İranda əhali Xamneyinin və "Sepah" rəhbərliyinin istefasını tələb edir

Bu arada, onu da qeyd etmək lazımdır ki, İran rəsmilərinin sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsindən sonra onun "Sepah" tərəfindən vurulduğunu rəsmən etiraf etməsinin ardınca yanvarın 11-i axşam saatlarında ölkənin müxtəlif şəhərlərində qəzəbli xalq kütlələri küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər. Belə ki, Tehranın müxtəlif ali təhsil ocaqlarından, o cümlədən də "Əmir Kəbir" və "Şərif" Universitetlərindən başlanan etirazlar qısa zaman içində paytaxtın əsas küçələrinə yayılıb. Tələbə fəallarının və hadisə qurbanlarının ailələrinin sosial şəbəkələrdə çağırışından sonra paytaxtdan başqa, Şiraz, Urmiya, İsfahan, Babil, Sari, Rəşt, Həmədan, Kirman və daha bir neçə şəhərdə yüz minlərlə etirazçı küçələrə axışaraq İran rəhbərliyinə qarşı şüarlar səsləndirərək, ölkə diktatoru Əli Xamneyinin istefasını tələb ediblər. Əllərində plakatlar gəzdirərək, "Bütün silahlı qüvvələrin baş komandanı (Xamneyi-red) istefa, istefa", "Xamneyi qatildir, vilayəti batildir", "Uzun illərin cinayəti yetər artıq, Vəliyyi-fəqihə ölüm olsun", "Xamneyi utan xəcalət çək, məmləkədən əl çək", "Sepah" cinayət edir, rəhbər də dəstək verir", "Süleymani qatildir, rəhbəri də cahildir" və digər bu kimi şüarlar səsləndirən etirazçılar polis qüvvələrinin hücumuna məruz qalıb. Polis və mülki geyimli təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, Tehranda polislə etirazçılar arasında qarşıdurmalar yaranıb. Etiraz aksiyalarında onlarla etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin təhdidinə baxmayaraq, Tehranda və bəzi digər şəhərlərdə xalq etirazları gecə yarısına qədər davam edib. Hazırda paytaxtda vəziyyətin gərgin olduğu bildirilir.

İran parlamentinin sabiq sədri ölkənin ali dini liderini ifşa etdi və onun sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyət daşıdığını bildirdi

İran parlamentinin sabiq sədri Mehdi Kərrubi də öz növbəsində, "Sepah"ın sərnişin təyyarəsini raketlə vurmasına görə Əli Xamneyiyə məktub ünvanlayıb və onun konstitusiyada nəzərdə tutulmuş dini liderlik xüsusiyyətlərindən, şərtlərindən heç birinə sahib olmadığını bildirib. Kərrubi qeyd edib ki, bir müddət əvvəldən Xamneyiyə ölkənin acınacaqlı vəziyyəti barədə ətraflı məlumatları ehtiva edən məktub yazmağa başlayıb. Onun sözlərinə görə, mövcud acınacaqlı vəziyyət dini liderin yarıtmaz siyasəti və ölkənin bütün işlərinə yersiz müdaxiləsi nəticəsində yaranıb. Kərrubi hazırki məktubu Xamneyiyə göndərməklə bağlı qərarı "Sepah"ın sərnişin təyyarəsini vurması və ilk günlərdə bunu hayasızcasına inkar etməsindən sonra qəbul etdiyini deyib. Kərrubi həmçinin vurğulayıb ki, silahlı qüvvələrin ali baş komandanı olaraq təyyarənin vurulmasına görə bütün məsuliyyəti Əli Xamneyi daşıyır. Kərrubi məktubunda həmçinin, Xamneyidən "Sepah"ın təyyarəni raketlə vurmasından yanvarı 8-də, ya 11-də xəbərdar olması barədə sual soruşub: "Təyyarənin vurulmasından məlumatlı idinizsə, deməli, bilərəkdən hərbi və təhlükəsizlik rəsmilərinə, eləcə də media orqanlarına xalqa yalan danışmağa icazə vermisiniz. Bununla da konstitusiyaya əsasən, dini liderlik vəzifəsini daşımaq üçün xüsusiyyətlər və şərtlərdən heç birinə sahib deyilsiniz! Deyin görək, siz necə silahlı qüvvələrin ali baş komandanısınız ki, onlar sizinlə və ölkə ilə belə oyun oynayırlar! Bu da isbat edir ki, dini liderlik üçün tədbir, şücaət, idarəçilik və güc kimi xüsusiyyətlərdən də məhrumsunuz!". Kərrubi hesab edir ki, bundan başqa Əli Xamneyinin birbaşa məsuliyyət daşıdığı kifayət qədər hadisələr var. O, bunlara misal kimi "silsilə qətllər", 2009-cu il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması və buna qarşı keçirilmiş etirazlarda xalqın qətliam edilməsi, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində baş tutmuş xalq nümayişlərinin qan bahasına yatırılması, eləcə də 2019-cu ilin noyabrında benzinin qiymətinin artırılmasına qarşı etirazlarda dinc insanların qanına qəltan edilməsi kimi halları misal çəkib. Kərrubi bütün bu cinayətlərə görə məsuliyyəti Xamneyinin daşıdığını bəyan etməklə yanaşı, bu kimi hallardan xalqın boğaza yığıldığını da bildirib.

"Tehran Ukrayna təyyarəsini vurmasıyla bağlı səhvini etiraf etməsinə baxmayaraq, İran üzərindən uçuşlar təhlükəlidir"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, son vaxtlar ABŞ-la İran arasında başlanan hərbi-siyasi konflikt İran daxilində də parçalanmaya səbəb olub. Onun sözlərinə görə, İran ətrafında baş verən proseslər regionda ümumi təhlükəsizliyi təhdid edir: "ABŞ-ın İrana qarşı sanksiyaları və Suriyada, İraqda hərbi obyektlərə hücumlar Tehranın aqressiv siyasət yürütməsinə gətirib. Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması da bu siyasətin tərkib hissəsidir". İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") İran hakimiyyəti daxilində böyük qüvvəyə malik və prezidentə tabe olmayan qurum olduğunu deyən politoloq bu qənaətdədir ki, "Azərbaycan Hava Yolları" (AZAL) İran ətrafında gərginlik səngiməyənə qədər təhlükəsizlik səbəblərinə görə İran üzərindən bütün aviareysləri ləğv etməli və alternativ yollardan istifadə etməlidir: "Rəsmi Tehran Ukrayna təyyarəsini vurmasıyla bağlı səhvini etiraf etməsinə baxmayaraq, İran üzərindən uçuşlar təhlükəlidir: "İranda paralel dövlət sistemi var. İran silahları qüvvələri və "Sepah" ayrı-ayrı qurumdur. Yəni "Sepah" dövlət içində dövlətdir və prezidentə tabe deyil. İslam İnqilabı Keşikçiləri Korpusu Ruhani hakimiyyəti ilə ciddi fikir ayrılıqlarına malikdir. Çünki mötədil Ruhani hakimiyyəti daim Qərblə dialoqun tərəfdarı olub, lakin "Sepah" buna qarşı getmək istəyir. "Sepah" hətta İranın nüvə müqaviləsi bağlamasına da öz etirazını bildirmişdi. Ona görə də mühafizəkarların əlində olan "Sepah" mötədil Ruhani hakimiyyətinə qarşı təxribatlar edəcək. Buna görə də İran üzərindən uçuşlar "Sepah"ın nişangahına gəlmək deməkdir. Hazırda nüvə müqaviləsi də artıq fiaskoya uğrayıb. ABŞ-la İran arasında dialoq da demək olar ki, gündəmdə deyil. Bu isə İran hakimiyyət elitasında, yəni mühafizəkarlarla islahatçılar arasında ciddi parçalanmaya səbəb oldu".

"Ukraynaya məxsus sərnişin təyyarəsinin "Sepah" tərəfindən vurulmasını bilərəkdən atılan addım kimi qiymətləndirirəm"

İranda mühafizəkarların ölkənin ali dini rəhbərinin kurasiyasında olduğunu və "Sepah"a onların nəzarət etdiyini vurğulayan Məhəmməd Əsədullazadə qeyd etdi ki, islahatçılar qanadı isə prezident administrasiyasında mövqeyə malikdirlər: "Göründüyü kimi, bu gün İran baş verən proseslər səbəbindən həm xarici təhlükə ilə üz-üzədir, həm də hakimiyyət daxilindəki fikir ayrılıqları ölkəni dərin böhran vəziyyətinə gətirib. Ukraynaya məxsus sərnişin təyyarəsinin "Sepah" tərəfindən vurulmasına gəlincə, İran tərəfi ciddi səhvə yol verdiyini desə də, bunu bilərəkdən atılan addım kimi qiymətləndirirəm. Çünki İran silahlı qüvvələri müəyyən modern silahlara sahibdir. Əsasən də "Sepah" güclü havadan müdafiə sistemlərinə malik hərbi qurumdur. Odur ki, onlar xüsusən Tehran yaxınlığında naviqasiya sistemlərinin necə işlədiyini, sərnişin təyyarəsini ayırd etməyi yaxşı bilirlər. Hesab edirəm ki, bu məsələdə beynəlxalq ictimaiyyətə açıqlanmayan bir sirr var. Həmin sirri ABŞ da, İran hakimiyyəti də bilir". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirdi ki, sərnişin təyyarəsinin "Sepah" tərəfindən vurulması Ruhani hakimiyyətinə ciddi beynəlxalq təpkilərin yaranmasına, hətta İranda rejim dəyişikliklərinə gətirib çıxa bilər: "Yəni bunu İranda islahatçıların hakimiyyətdən devrilməsinə, "Sepah"ın iqtidarı ələ almasına gətirib çıxaran bir proses kimi də qiymətləndirmək olar. Bildiyiniz kimi, hazırda İranda kütləvi etirazlar baş verir və proses "Sepah"ın planlaşdırdığı kimi cərəyan etmir. Belə ki, əhali Ruhani hakimiyyətinin deyil, mühafizəkarların, ali dini rəhbərin istefasını tələb edirlər. Bir sözlə, hazırda İran daxilində "Sepah"a qarşı etirazlar yaşanır. Bu, onu göstərir ki, "Sepah"ın ya səhvən, ya da bilərəkdən vurduğu təyyarə məhz onun özünün əleyhinə işləyir. Bundan başqa, Böyük Britaniyanın səfirinin də saxlanılması mühafizəkarların əleyhinə işləyən addım kimi qiymətləndirilməlidir. Təyyarənin səhvən vurulması, səfərin səhvən saxlanılması onu göstərir ki, İranın hakim elitasında ciddi parçalanma, zidziyyətli məqamlar var. Bütün bunlar düşünülməmiş addımlardır və İranın əleyhinə işləyir. Hesab edirəm ki, sərnişin təyyarəsinin vurulması müəyyən dərəcədə yüksək səviyyədə razılaşdırılmış plan idi. Bunu İranın ali dini rəhbəri də bilirdi".

Politoloqun sözlərinə görə, baş verən hadisələr İranın siyasi, o cümlədən iqtisadi izolyasiyasına gətirib çıxaracaq: "Artıq ABŞ və Avropa İttifaqı İrana qarşı iqtisadi sanksiyaları yenidən masa üzərinə gətiriblər. Amerika artıq İraq və Suriyada İranın dəstəklədiyi qüvvələrə aviazərbələr endirir. Düşünürəm ki, təyyarə olayı İran hakimiyyəti daxilində parçalanmaya səbəb olacaq, iqtidarın zəifləməsinə, İranın etibarlı dövlət kimi nüfuzuna xələl gətirəcək".

"İran xarici siyasətində bir qədər dəyişikliklər etməlidir, yəni artıq Tehran başa düşməlidir ki, Azərbaycan arxadan zərbə vuran ölkələrdən deyil"

Картинки по запросу Zaur Məmmədov

İranın tarixən çox böyük nüfuza və gücə sahib olan dövlətlərdən olduğunu qeyd edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə "Hürriyyət"ə açıqlamasında dedi ki, Azərbaycan türklərini İran dövlətçiliyi ilə bir çox məsələlər bağlayır: "Məsələn, 10-cu əsrdən 1925-ci ilə qədər Azərbaycan türkləri İran dövlətinin başında dayanıb. Bu gün də İranda Azərbaycan türklərinin hakimiyyətin ən böyük postlarında olduqlarını görürük. Bu o deməkdir ki, məsələyə elmi və tarixi yanaşdıqda, Azərbaycanla İranın bir-birinə nə dərəcədə bağlı dövlətlər olduğunu görürük. Nə qədər poradaksal səslənsə də, ABŞ-ın İraqa girməsindən sonra İran Yaxın Şərqdə - İraq, Suriya, Livan, Yəmən və digər ölkələrdə güclənmişdi. İranın əsas fəlsəfəsi olan şiə ayparasını hətta Aralıq dənizinə qədər uzatmışdı. Bu, ondan xəbər verir ki, hadisələri heç də birtərəfli şəkildə şərh etmək və İranı kiçiltmək sadəlövhlük olardı. İran qapalı ölkə olduğundan, bu gün orada baş verən hadisələrlə bağlı o qədər də geniş məlumatlar yoxdur. Lakin tələbələrin universitetlərin həyətlərində etirazlarını bildirmələri, Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması və bu ətrafda baş verən hadisələr, eləcə də "Sepah"ın "Qüds" briqadasının komandanı Qasım Süleymaninin qətli də bir sıra məqamlara toxundurur. Hər bir halda, Azərbaycan üçün İranda sabitliyin olması vacibdir. Azərbaycan qonşu İrana hər zaman öz dəstəyini bildirib. Ermənistan isə Nikol Paşinyanın qismində Süleymaninin qətlində və son hadisələrlə bağlı ABŞ-a dəstəyini bildirib. Bütün bunlar onu göstərir ki, İran xarici siyasətində bir qədər dəyişikliklər etməlidir. Yəni artıq Tehran başa düşməlidir ki, Azərbaycan arxadan zərbə vuran ölkələrdən deyil. Baxmayaraq ki, Qərb ölkələri 2000-ci illərin əvvəllərindən başlayaraq, bir sıra təsir və təzyiq alətlərindən istifadə etmək istədilər. Onlar həmçinin, Azərbaycanın da İrana qarşı çıxış etməsini istəyirdilər. Lakin bu, baş vermədi. Bu gün Azərbaycan və Türkiyə İranın yeganə qonşularıdırlar ki, İranda sabitlikdə maraqlıdırlar, orada baş verənləri ölkənin daxili işi hesab edirlər".

Böyük Britaniyanın İrandakı səfərinin saxlanılmasına gəlincə, Bakı Politoloqlar Klubunun rəhbəri burada bir sıra qaranlıq məqamların olduğunu bildirdi: "Əslində, diplomatik protokola görə, səfir saxlanıla bilməz. Lakin Böyük Britaniya Xarici İşlər Nazirliyi məsələyə olduqca sakit yanaşdı. Bu isə o deməkdir ki, Britaniya birmənalı şəkildə İrandakı hadisələrə qarışır. Ümumiyyətlə, 20-ci əsrdə də İrandakı bütün hadisələrdə Londonun izini görmüşük. Əslində, müasir İran dövlətini tam olaraq ABŞ və İngiltərəyə qarşı gələn kimi də qəbul edə bilmərik. Məsələ əslində çoxşaxəlidir. Düşünürəm ki, İranın daxilindəki qüvvələr də öz siyasətlərində yekdil deyillər, qruplar arasında olan mübarizə, eyni zamanda xarici ölkələrin maraqları gələcəkdə İranda yaşanacaq hadisələrdə özünü büruzə verəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru