İsrail Azərbaycanla münasibətlərini yenidən nəzərdən keçirməlidirmi? – BİR TƏHRİKÇİ MƏQALƏYƏ YƏHUDİ YAZARDAN CAVAB

12

Aleksander Qoldenstayn

“The Jerusalem Post”, 02.06.2020

Keçən həftə Amerika Erməni Milli Komitəsi Qərb bölgəsinin rabitə direktoru tərəfindən imzalanmış “İsrail Azərbaycanla münasibətlərini yenidən nəzərdən keçirməlidir” başlıqlı bir məqalə gördüm.

Üçüncü tərəfin okeanın o tayındakı iki suveren ölkəyə nəsihət verməsi fikrini kənara qoyaraq, bu alicənaba (söhbət “Jerusalem Post”-da iyulun 21-də dərc edilmiş, Aleks Qalitskinin anti-Azərbaycan ruhlu “İsrail Azərbaycanla münasibətlərini yenidən düşünməlidir” məqaləsindən gedir – tərc.) cavab vermək istərdim.

Təqribən 10 il bir jurnalist kimi bu bölgədə baş verənləri təsvir etdikdən sonra bu əlaqəni “yenidən düşünmək” üçün səbəb olmadığını mümkün qədər qısa və sadə izah edəcəyəm.

1.Enerji

Azərbaycan neftlə zəngin Xəzər dənizi sahilində yerləşir və məlumdur ki, İsrail öz neftinin üçdə birini Azərbaycandan alır. “Qara qızıl” Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunur və Türkiyədən İsrailə göndərilir.

Düşmən qurumların əhatəsində olan İsrail enerji təhlükəsizliyinə çox önəm verir. 1973-cü ildəki neft böhranı bizə böyük bir dərs verib və bu, İsrailin ən vacib neft tədarükçülərimizdən birinə çevrilən Azərbaycanla yaxın münasibət qurmasına səbəb olub.

2.İran təhdidi

Açıq danışaq, İran – İsrail üçün real təhdiddir. İran İsraili məhv etməyə çağırır. İkinci Holokost İran rəhbərliyinin əsl istəyidir. Ayətullah rejimi İsraili və Azərbaycanı daha da yaxınlaşdırıb və bu ölkələri təbii müttəfiq edib, çünki hər ikisi İranı ekzistensial təhlükə kimi görür.

Axı, biz bu təhdidi görən yeganə dövlət deyilik. Tehran, azsaylı azərbaycanlı azlığın Bakı ilə münasibətlərinin əsasını təşkil edən müstəqillik istəyinij baş qaldıra biləcəyindən qorxur. Nəticədə, Azərbaycan yəhudi dövləti ilə münasibətləri möhkəmləndirməkdə çox maraqlıdır.

3.Silahlar və texnologiya

Dövlətlər arasındakı ittifaq yaxın hərbi əməkdaşlıqla da möhkəmlənir. Azərbaycan – İsrail hərbi texnikasının ən böyük idxalçılarından biridir. Prezident İlham Əliyevin sözlərinə görə, son bir neçə ildə Azərbaycan İsraildən ən azı 5 milyard dollar dəyərində silah və müdafiə sistemləri alıb.

Bundan əlavə, İsrail bir çox texnoloji yeniliklərini Azərbaycanla bölüşür. Bu ölkənin hər yerində onlarla (yüzlərlə olmasa) İsrailin yüksək texnologiya, tibb və kənd təsərrüfatı şirkətləri fəaliyyət göstərir. Hər iki tərəf üçün çox yaxşı işləyən qarşılıqlı faydalı tərəfdaşlıqdır.

4.Azərbaycanın güclü olması İsrailə lazımdır

Çiçəklənən və təhlükəsiz Azərbaycan təkcə İsrailin səmərəli iqtisadi tərəfdaşı deyil, həm də Tehrandakı gözlərimiz və qulaqlarımızdır.

Ancaq Azərbaycanın öz problemləri var. Ermənistanla Azərbaycan arasındakı gərginlik bir daha artıb.

İyulun 12-də Tovuz bölgəsində hər iki ölkə arasında döyüşlər baş verib və İrəvan rəsmiləri Bakını ötən həftə onlara qarşı hücum başlatmaqda ittiham ediblər. Bu məsələdə kifayət qədər neytral olmağımıza baxmayaraq, beynəlxalq hüququn açıq şəkildə Azərbaycan tərəfində olduğunu unutmamalıyıq.

1991-ci ildən bəri Ermənistan Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağa nəzarət edir. Bu münaqişəyə görə təxminən 1 milyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşüb.

Ermənilər bilirlər ki, İsrail Azərbaycanın yaxın dostu və müttəfiqi olaraq qaldıqda, Azərbaycan ordusu hər zaman öz ərazilərini qorumaq və vətəndaşlarını qorumaq gücündə olacaq.

5.Qeyri-ərəb tərəfdaşlığı

Həmişə olduğu kimi, İsrail regional çevrəsində qeyri-ərəb dostluq əlaqələrini inkişaf etdirir.

İran şahın dövründə İsrailin açıq-aşkar müttəfiqi idi. Türkiyə, bölgədəki ən böyük dostlarımızı – Yunanıstan və Kipri ​​xatırlamasaq, – İsrailin çox vacib tərəfdaşı idi və hələ də qalır. Kiçik ölkələrin əldə edə biləcəyi qədər müttəfiqə ehtiyacı var və Azərbaycan şübhəsiz vacib müttəfiqdir.

Nəticə: İsrail bu Qafqaz dövlətini 1991-ci ildə müstəqillik elan etdikdən qısa müddət sonra tanıyan ilk ölkələrdən biri olub. Azərbaycanın müstəqillik əldə etməsindən təxminən 30 il əvvəl, yəhudi dövləti ilə şiə-müsəlman dövləti arasında münasibətlər böyüyüb və inkişaf edib.

Hər ikisi İranı yaxından izləməlidir; ikisinin bölüşəcəyi şeylər var. Münasibətlər on illərdir davam edir. Bu əlaqəni “yenidən düşünmək” üçün heç bir səbəb yoxdur, çünki səmimi deyim, ən yaxşılarından biridir.

Tərcümə: Strateq.az