Salam, xoş gəlmisiniz.

İSRAİLİ ÇİNİN MÜSTƏMLƏKƏSİ OLMAQ GÖZLƏYİR: yəhudi dövlətinin suverenliyi sarsılmağa doğru gedir - Araşdırma

2019-08-10 12:38:03

İSRAİLİ ÇİNİN MÜSTƏMLƏKƏSİ OLMAQ GÖZLƏYİR: yəhudi dövlətinin suverenliyi sarsılmağa doğru gedir - Araşdırma

İqor Subbotin

Nezavisimaya gazeta, 09.08.2019

Pentaqon İsraildə strateji önəmli infrasrtuktur layihələrinə Çin yatırımlarının artmasının yolverilməzliyi haqda xəbərdarlıq edib. Müdafiə idarəsi məmurlarının fikrincə, ÇXR-in hədsiz qoyulan mayası ABŞ-ın Yaxın Şərq müttəfiqinin milli təhlükəsizliyinə təhlükə təşkil edir. Bundan savayı, iqtisadi asılılıq problemi suverenlik probleminə bağlıdır. Amma, görünür, İsraildə Səmalar ölkəsi ilə tərəfdaşlığa fasilə verməyə hazır deyillər. Analitiklər deyirlər – bir qayda kimi Çinin iqtisadi layihələrinin arxasında isə həmişə hərbi maraqlar gizlənir.

Müdafiə nazirinin Yaxın Şərq üzrə müavini Maykl Malroy deyib: “Biz İsraildən Çinlə münasibətlərdən tam boyun qaçırmağı xahiş etmirik, amma ən yaxın bütün müttəfiq və tərəfdaşlarımızla ÇXR yatırımlarının nəticələri haqda açıq müzakirələr aparırıq”. Onun sözlərinə görə, iqtisadiyyatın açıqlığı İsarlin də, ABŞ-ın da güclü tərəfidir. Amerika müdafiə qurumunun yüksəkməqamlı təmsilçisi deyib: “Lakin ehtiyat tədbirləri görməsək, pisəməllilər bundan faydalana bilər”.

Ehtimal ki, gözlənildiyi kimi, Təl-Əvivin mərkəzində İsrail Baş Qərargahının binasının və hətta İsrailin Aşdoddakı hərbi-dəniz bazasınını yanından keçəcək yüngül rels nəqliyyatına Çinin yatırımları belə bəyanatlar üçün yeni impuls olub. Bu, ABŞ-da qəzəbli etiraz doğurub.

Çin şirkətlərinin İsrailin Hayfa və Aşdod limanlarındakı layihələrə qatılması artıq qabaqlar Amerika tərəfdən xəbərdarlıqlara səbəb olub. İsrailin Hayfanın terminallarından birinin 2021-ci ilədək istismarı üçün Şanxay hökumət beynəlxalq liman qrupuna 2 milyard dollar həcmində saziş bağlamağa icazə vermək qərarı daha böyük qəzəb dalğası doğurub. ABŞ HDQ Altıncı donanmasının gəmiləri məhz ora tez-tez girir. Amerikanın “RAND” analitik korporasiyasının siyasi eksperti Şira Efron deyir: “Əlbəttə, İsrailin Çinlə tərəqqi edən biznesinin olmamasına səbəblər yoxdur, amma əsas məsələ budur – sizin infrastrukturun yad ölkə tərəfindən yönəldilməsini istəyirsinizmi?”

Ekspertlərin fikrincə, Çinlilər İsrailin sayəsində Amerika gəmilərinin hərəkət və xidmətini izləmək imkanı əldə edə bilərlər. Çinin iştirakı kibertəhlükəsizlik üçün də təhdid yaradır.

İsraillilər hələ bir neçə il əvvəl Hayfa limanındakı terminalı icarəyə götürməyə və xidmət etməyə icazə veriblər. Səbəb trafik çətinlikləri və yerli işçilərinn sıxlaşan tətilləri olub. Təxmin edilirdi ki, çinlilərin tikdiyi yeni obyektlər köhnə limanın işini yüngülləşdirər, Səmalar ölkəsindən gələn müəssisələr isə İsrailin dövlət liman şirkətinin inhisarını pozar. Bu da Hayfaya yeni həyat verər. Amma Amerikanın yeni Təhlükəsizlik Mərkəzinin bu yaxınlardakı hesabatında deyilir ki, İsraildə bu tip ən böyük qurğuya çevriləcək Hayfa terminalı yəhudi dövlətinin “suverenliyini sarsıdacaq”. Bundan savayı, analitiklərin gözləntisinə görə, Şanxay beynəlxalq liman qrupu rəqabətli təkliflərin yoxluğu üzündən limanın icarəsini uzada bilər. Və bu zaman yəhudi dövlətinin hökuməti uzun müddətə asılı duruma düşər.

“Çin çox vaxt bir şey deyir, amma başqasını edir, – Brukinqs İnstitutunun ÇXR silahlı gücləri üzrə eksperti Raş Doşi deyir. – Məsələn, Çin deyirdi ki, heç vaxt xarici bazası olmayacaq, indi də Cibutidə bazsı var”. Analitikin dəyərləndirdiyinə görə, Cənubi Çin dənizində militarizasiya da sözlə əməlin bir olmadığına örnəkdir. Doşi əmindir: “Çinin iddiaları və davranışı tez-tez onun ritorikasına qarşı çıxanda düşünməyə vadar edir”.

Öz növbəsində Pentaqonda diqqət yetirirlər ki, Çin Yaxın Şərq ölkələrinə 2018-ci ildə 23 milyard dollar həcmində kredit və yardım verməyi öhdəsinə götürüb. Son illərdə Çinin Yaxın Şərq ölkələrinin infrastrukturuna yatırımları, doğrudan da, çoxalıb – 2012-2017-ci illərdə 1700%. Yəhudi dövləti kəşfiyyatının hesablamaları bundan danışır. İsrailin kəşfiyyat cəmiyyətində diqqət yetirildiyi kimi, Çin hökuməti, əsasən, energetika sektoruna maya qoyur (150 milyard dollar). Sonra sənaye (113 milyard ), nəqliyyat (103 milyard), müdafiə texnologiyası (68 milyard dollar) sahələri gəlir. Ayrıca İsrail götürülsə, onda 1992-2017-ci illərdə ÇXR-lə ikitərəfli ticarətin həcmi 50 milyondan 13.1 milyard dollaradək artıb ki, bu da Çini Asiyada yəhudi dövlətinin ən böyük və dünyada Avropa Birliyi və ABŞ-dan sonra kəmiyyətcə üçüncü ticarət tərəfdaşı edir. Və bu, israillilərin Qərb müttəfiqlərini narahat etməyə bilməz.

Tərcümə Strateq.az-ındır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru