İT VƏ İTİZM

0

Fəlsəfi pritça

Böyük məhəlləmiz şosse və məhəllələrarası yoldan aralı yerləşir və bu cəhətdən elə bil tamamilə uzaq bir kənddə yaşayırıq. Səs-səmir yox, dinclik və sakitlikdir. Hardasa səs-küy olanda da bu səssizlik içində əriyib-gedir. Xüsusilə gecələr bu sonsuz səssizliyi yalnız bir səs pozur: qonşu it.

Məhəllədə 18 ildir yaşayırıq, hələ bir oğurluq hadisəsi baş verməyib. Bəs bu it niyə gecə səhərə kimi yorulmadan, bezikmədən hey hürür, hürür. Bu suala kim cavab verə bilər? Yəqin ki, heç kim. Amma bilirəm o it kimə hürür. İt konkret oğruya deyil, hətta belə birisi olsa belə, onu qabaqlayıb hürür – yəni gəlmə, qoymaram!

Amma əslində bu it konkret və ümumiyyətlə hər hansı bir oğruya deyil,  mücərrəd oğurluğa, qoruduğu evin sahibini hədələyə biləcək hər cür təhlükəyə qarşı hürür. O bilir ki, oğru-zad olmasa da hürməlidir. Əks təqdirdə sahibi düşünər ki bütün gecə-gündüz səssiz-səmirsiz uzanıb yatan it nəyinə lazımdır. İt hürür, sahibi də məmnun olub onu saxlayıb yedizdirir.

Beləliklə kimi və kimlərisə, daha doğrusu kimlərinsə yığdıqlarını aydındır ki qorumaq lazımdır. Yəni hər növ sərvəti qorumaq sərvət sahibinin bir nömrəli, yəni ən zəruri qayğısıdır.

Bizə it lazım deyil. Çünki kitablardan başqa oğurlanacaq heç nəyimiz yoxdur. Kim ki it saxlayır, deməli qiymətli nəyisə var. Böyük miqyasda isə hakimiyyət də belədir. O nə istəyirsə edə biləcək səlahiyyət rəmzini qoruyub saxlamaq gücünə ehtiyac görür. Və doğrudan da bu ehtiyac var. Ona görə o insanların İTİZM xüsusiyyətlərindən istifadə edir. Bütün ölkələrdə – ən çox isə əlbəttə totalitar rejimlərdə insanların 98 faizinin ən bariz psixoloji xüsusiyyətlərindən biri də itizmdir. Məsələn mənim kimi bir neçə yüz adam tanıyıram ki heç cür qoruyucu rolunda işləyə bilməz; hər nə qədər pul versələr də. Yerdə qalan 98 faiz isə belə bir təklif olarsa, düz bir həftə çalıb-oynamağa hazırdırlar. Sonsuz səlahiyyətlər, saysız sərvətlər sahibi olan hakimiyyətlər də insanların bu xüsusiyyətindən istifadə edib özlərini və sərvətlərini qorumaq üçün faydalanırlar.

Əlisa NİCAT