“Jurnalistlər üçün tikilən binadakı mənzillər koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərinə verilsin!” – ASLAN İSMAYILOV

0

“Həyatlarını riskə atan həkimlərimizə hərtərəfli dəstək lazımdır ki, ölən və virusa yoluxan tibb işçiləri və onların ailələri xəstələnəndən və ya öləndən sonra ailələrinin pis durumda qalmayacaqlarını bilsinlər”

“Ölkəmizdə koronavirus yayılan ilk günlərdən bunun ciddi bir təhlükə olduğunu bildirmişdim. Bu yazılarıma olan kütləvi iradlara, qınaqlara baxmayaraq, fikrimdən dönmədim və bunu müharibə şəraiti ilə eyniləşdirdim. Bu gün artıq hamı dərk edir ki, pandemiya bütün dünyanı, o cümlədən bizi çox çətin duruma salıb və həqiqətən müharibə şəraitidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.

Bu müharibə şəraitində həkimlərimizin ön cəbhədə olduğunu vurğulayan hüquqşünas bildirib ki, artıq çoxlu sayda yoluxanlar, hətta ölənlər də var: “Bunun nə qədər davam edəcəyi də bəlli deyil. Ona görə də bu sahədə çalışan, sözün əsl mənasında həyatlarını riskə atan həkimlərimizə hərtərəfli dəstək lazımdır ki, ölən və virusa yoluxan tibb işçiləri və onların ailələri xəstələnəndən və ya öləndən sonra ailələrinin pis durumda qalmayacaqlarını bilsinlər. Əminəm ki, ikinci Qarabağ savaşı da olacaq və biz Qarabağı azad edəcəyik. Bu, həm də həmin savaşa insanlarımızı hazırlamaq üçün lazımdır. Ona görə mən də mətbuatda səslənən təşəbbüsü dəstəkləyib təklif edirəm ki, dövlət vəsaiti hesabına jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillər və buna qədər iki binada qanunsuz olaraq verilmiş mənzillər geri alınıb bu gün koronavirusla mübarizədə fərqlənən tibb işçilərinə verilsin”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org