“Karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır” – RÖVŞƏN AĞAYEV

0

“Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir”

 “Operativ Qərargahdan bəyan ediblər ki, uzunmüddətli sərt karantin rejimi bərpa edilə bilər. Aprel-may aylarını əhatə edən məhdudiyyətlər əsasən turizm, ictimai-iaşə, topdansatış və qeyri-ərzaq ticarətinə ağır zərbə oldu. Artıq karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

“Meyvə-tərəvəz məhsulları gündəlik dərilib bazara çıxarımadıqda itkilər baş verir”

Ağayevin fikrincə, nəzərə alınmalıdır ki, aqrar sektor daha böyük sayda əhali kütləsi üçün dolanışıq və həyatda qalma mənbəyidir: “Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir. Məsələn, indiki təcrübədə 2 günlük sərt rejim tətbiq olunursa, bu, o deməkdir ki, fermerlər ən azından 3 gün böyük bazarlara məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı isə giriş-çıxışı tam bağlanan iri şəhərlərdir. Xüsusilə də meyvə-tərəvəz məhsulları gündəlik dərilib bazara çıxarımadıqda itkilər baş verir. Hələlik hökumətin davranışından belə görünür ki, sanki virusun təsirləri elə 2 aylıq imiş və birbaşa maliyyə dəstəyi mexanizmləri də elə 2 ayla yekunlaşdı”.

Ağayev hesab edir ki, əgər TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa, iqtisadi strukturlar da uzunmüddətli iqtisadi dəstək mexanizmləri, potensial risk sektorları ilə bağlı özlərinin yeni planlarını ortaya qoymalıdırlar.

Şamo EMİN, Hurriyyet.org