“Karantin tədbirləri sərt yox, ünvanlı olmalıdır” – SAMİR ƏLİYEV

10

“Sərtləşmə maska istifadə edilməməsinə böyük məbləğdə cərimənin tətbiqini yox, ondan istifadənin məcburiliyi ilə bağlı olmalıdır”

“İstər sərt, istərsə də yumşaq karantin dövrü yoxulmadan mübarizə üsullarında bəzi korrektələrin edilməsi ehtiyacını ortaya çıxartdı. Fikrimcə, seçim sərt və ya yumşaq karantin arasında yox, yumşaq karantinin metodları arasında olmalıdır. Aprel ayındakı statusumda karantinin yumşaldılmasının tərəfdarı olmaqla yanaşı, davranış qaydalarının (sosial məsafə, maska istifadəsi və s) sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirmişdim”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert qeyd edib ki, sərtləşmə maska istifadə edilməməsinə böyük məbləğdə cərimənin tətbiqini yox, ondan istifadənin məcburiliyi ilə bağlı olmalıdır: “Ancaq havaların istiləşməsi maskadan istifadənin reallıqda çətinliyini üzə çıxardı. Deməli, nəzəri biliklərlər praktiki təcrübəni tutuşdurub yeni yanaşmaların tətbiqi barədə düşünməliyik. Bir daha qeyd edim ki, həftəsonu sərt karantin tətbiqi qısamüddətli effekt verəcək. Bir sözlə, karantin tədbirləri sərt yox, ünvanlı olmalıdır”. Samir Əliyev hesab edir ki, karantin tədbirlərini yumşaq şəkildə saxlamaqla aşağıdakı sahələrin fəaliyyətini dayandırmaq olar: “Parklardakı uşaq əyləncə yerləri (karusellər, uşaqların toplaşdığı yellənçəklər və s.), əhalinin, xüsusən də uşaqların kampakt şəkildə olduğu fastfood (MCDonalds, KFC) restoran şəbəkələri və sairə, metro nəqliyyatı, avtobus sərnişindaşıması (şənbə-bazar günləri). Bununla yanaşı, əhaliyə ictimai xidmətlər göstərilən obyektlərdə (məsələn, ASAN), supermarketlərdə, banklarda, poçt idarələrində sosial məsafənin qorunmasının təmin edilməsi vacibdir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org