“Karantin rejimi siyasi hüquqların məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır” – SƏRDAR CƏLALOĞLU

8 Aprel, 2020, 14:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Karantin dövründə bir çox sahələr, "moyka" belə, öz fəaliyyətini davam etdirə bilər, lakin siyasi partiyaların fəaliyyətlərini davam etdirmələri ilə bağlı heç bir qərar yoxdur"

"Vətəndaşların evdə qaldıqları vaxtda yaranan problemləri həll etmək dövlətin borcudur"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə koronavirus təhlükəsindən, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə atdığı addımlardan, tətbiq edilən karantin tədbirlərindən, siyasi partiyaların belə bir vəziyyətdə necə fəaliyyət göstərmələri və digər mühüm mövzularla bağlı söhbətləşdik.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/koronavirusdan_sonra_dunyada_nizam_deyisilecek__srdar_clalolu)

"Əgər həqiqətən də karantində məqsəd əhalini koronavirusdan xilas etməkdirsə, o zaman hökumət hər bir insanın xilası üçün siyasət aparmalı, sosial yardımları hər bir vətəndaşa çatdırmağı bacarmalıdır"

– Sərdar bəy, Azərbaycan dövlətinin koronavirusla mübarizədə atdığı addımlar, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı görülən tədbirlər sizi qane edirmi? Necə düşünürsünüz, daha hansı dəstək proqramları hazırlanmalıdır?

– Əvvəla, onu qeyd edim ki, hökumətin atdığı bəzi addımlarla bağlı düzgün təbliğat aparılmır, yetərincə məlumat verilmir. Yəni hakimiyyətin atdığı addımlar yetərli olsa da, təbliğat sahəsində çox ciddi qüsurlar var. Məsələn, Türkiyədə hökumət bu gün bir məsələ qəbul edir və demək olar ki, həmin andan etibarən o qərarın icrası ilə bağlı həm təbliğat aparılır, həm də nəzarət həyata keçirilir. Təəssüf ki, Azərbaycanda bu sahədə çox böyük qüsur var. Bu da öz növbəsində, hökumətin xalqın xeyrinə atdığı addımların bilinməsinə və vətəndaşlar tərəfindən təqdir edilməsinə mane olur. Hesab edirəm ki, ilk öncə bu sahədəki boşluq aradan qaldırılmalıdır. Bundan başqa, təbii ki, hökumət bütünlükdə bu problemlərin hamısını astronomik dəqiqliklə müəyyən edə bilməz. Odur ki, bəzi sahələr, müəyyən sosial qruplar diqqətdən kənarda qala bilər. Müxalifətin vəzifəsi məhz bunları aşkarlamaq, hökumətə müraciət edib bu sahədəki nöqsanların aradan qaldırılmasına çalışmaqdır. Bildiyiniz kimi, karantin rejimi vətəndaşların iradəsi əsasında tətbiq olunmayıb. Yəni insanlar məcburiyyət qarşısında qalaraq evdə otururlar. Bu səbəbdən də vətəndaşların evdə qaldıqları vaxtda yaranan problemləri həll etmək dövlətin borcudur. Bura kredit faizlərinin ləğvi, cərimələrin ödənilməsinin dayandırılması daxildir, həmçinin kommunal ödənişlərlə bağlı güzəştlər edilməlidir. Bu gün ölkədə xeyli adam var ki, onlar nə günəmuzd işçidirlər, nə də sosial yardım alırlar. Odur ki, onların evə qapanması məhv olmalarına gətirib çıxara bilər. Hesab edirəm ki, hökumət bu cür adamları araşdırıb onların yardımdan məhrum qalmamasına nail olmalıdır. Sadəcə, ümumi sosial qruplarla bağlı qərar vermək kifayət deyil. Əgər həqiqətən də karantində məqsəd əhalini koronavirusdan xilas etməkdirsə, o zaman hökumət hər bir insanın xilası üçün siyasət aparmalı, sosial yardımları hər bir vətəndaşa çatdırmağı bacarmalıdır. Xüsusən, elə sosial qruplar var ki, onlar hökumətin yardım ayırdığı qrupların heç birinə daxil deyil. Mütləq onlarla bağlı zəruri tədbirlər görülməlidir.

"Müxalifət ən azından rəhbərlik səviyyəsində fəaliyyətini davam etdirməlidir ki, mövcud olan problemləri vaxtında görüb aradan qaldırmaq mümkün olsun"

– Koronavirusla mübarizə məqsədiylə tətbiq edilən özünütəcrid qaydaları siyasi partiyaların fəaliyyətində hansı çətinliklər yaradır?

– Düşünürəm ki, bu məsələdə ən ciddi qüsurlardan biri də siyasi partiyaların fəaliyyəti ilə bağlı dövlətin qərar qəbul etməməsidir. Baxın, karantin dövründə bir çox sahələr, məsələn, hakimiyyət orqanları, rəsmi qurumlar, mətbuat, adicə "moyka" belə, öz fəaliyyətini davam etdirə bilər, lakin siyasi partiyaların fəaliyyətlərini davam etdirmələri ilə bağlı heç bir qərar yoxdur. Hüsab edirəm ki, hökumət mütləq bu barədə qərar qəbul etməlidir. Çünki indiki dövrdə siyasi partiyaların koronavirus pandemiyası ilə bağlı ölkədəki neqativ halları aşkarlaması, hakimiyyətin həyata keçirdiyi siyasətə nəzarət funksiyasını yerinə yetirməsi olduqca vacibdir. Vaxtilə İlham Əliyev də deyirdi ki, ölkədə kifayət qədər nəzarət yoxdur. Eləcə də koronavirusa qarşı effektiv mübarizə üsullarının hazırlanıb həyata keçirilməsində müxalifətin də tövsiyələri nəzərə alınmalıdır. Düzdür, indiyədək bizim dediyimiz bir çox addımlar atılıb. Amma buna baxmayaraq, karantin dövründə müxalifət ən azından rəhbərlik səviyyəsində fəaliyyətini davam etdirməlidir ki, mövcud olan problemləri vaxtında görüb aradan qaldırmaq mümkün olsun.

""WhatsApp" qrupu yaratmışıq və partiyamızın idarə heyətinin iclaslarını mütəmadi olaraq həmin qrupda aparırıq"

– Azərbaycan Demokrat Partiyası, eləcə də digər müxalif siyasi partiyalar karantin dövründə fəaliyyətini necə təşkil edir?

– Qeyd etdiyim kimi, nəcə ki, Milli Məclis, nazirliklər öz iclaslarını, tədbirlərini keçirir, fəaliyyətlərini davam etdirirlər, eləcə də siyasi partiyaların rəhbər orqanlarının fəaliyyətinə də məhdudiyyətlər qoyulmamalıdır. Hesab edirəm ki, siyasi partiyalar da karantin şərtlərinə uyğun olaraq sosial məsafə gözləməklə, qoruyucu vasitələrdən istifadə etməklə fəaliyyətlərini davam etdirməlidirlər. Ümumiyyətlə, karantin rejimi Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş siyasi hüquqların məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. "Siyasi partiyalar haqqında" Qanunda partiyaların fəaliyyətlərini dayandırması ilə bağlı birbaşa göstərilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər. Təbii ki, indiki halda kütləvi yığıncaqlar, mitinqlər, yürüşlər keçirmək, eləcə də partiyada geniş tədbirlər təşkil etmək olmaz. Lakin ən azından partiyanın rəhbərliyinin sərbəst şəkildə fəaliyyəti təmin olunmalıdır ki, epidemiya şəraitində yaranan problemlərin həllində iştirak edə, hətta müəyyən məsələlərdə hökumətə dəstək verə bilsin. Ona görə də düşünürəm ki, karantin rejimindən sui-istifadə etməmək şərtilə siyasi partiyaların fəaliyyətinə şərait yaradılmalıdır. Fəaliyyətimizin təşkilinə gəlincə, "WhatsApp" qrupu yaratmışıq və partiyamızın idarə heyətinin iclaslarını mütəmadi olaraq həmin qrupda aparırıq. Eləcə də bir çox partiya liderləri ilə aramızda belə bir qrup yaratmışıq və bir sıra məsələləri məhz orda müzakirə edirik. Fikrimcə, partiyaların fəaliyyətinin bu cür məhdudlaşdırılması doğru deyil. Açığı deyim ki, karantin rejimi təkcə müsbət nəticələr verməyəcək. Yəni özünütəcriddən çox ciddi problemlər meydana çıxacaq ki, bunların həllində isə siyasi partiyalar bu və başqa formada böyük əhəmiyyət kəsb edə bilər. Ona görə də hökumət bu barədə fikirləşib məqbul qərar qəbul etməlidir. Yenə deyirəm, biz virtual şəbəkədə fəaliyyətimizi qurmağa çalışırıq, lakin camaat da gördüyümüz işlərdən məlumatlı olmalıdır. Bilirsiniz, bu, nəyə bənzəyir? Elə bilin ki, müharibə başlayıb və ölkənin siyasi partiya liderlərinin hamısı qaçıb gizlənib. Axı, ən azından bu, xalqa da pis təsir edir. Odur ki, karantin müddətində siyasi partiyaların fəaliyyətinə dair qərarın qəbulu olduqca vacibdir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93