Keçmiş məhkum 9 saylı cəzaçəkmə müəssisəsindəki qanunazidd əməllərlə bağlı prezidentə müraciət etdi

20 İyun, 2020, 12:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Tural Hüseynov: “Dedilər ki, 1000 manat verməlisən, ya da işçilərin ayaqyolunu təmizləməlisən, pul vermədiyim üçün döydülərsonra 3 sutka kars verdilər

“Əgər müvafiq qurumlar araşdırma aparsalar, onda görərlər ki, indiyə qədər Məmmədov Yunis Ələddin oğlunun adına poçtlardan milyonlarla pul vurulub”

Ötən gün redaksiyamıza müraciət edən Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində qeydiyyatda olan, Xətai rayonu Rüstəm Məzahirov küçəsində yaşayan Tural Hüseyn oğlu Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində üzləşdiyi haqsızlıqlardan, orada yaşanan qanunazidd proseslərdən söhbət açdı.

“Müəssisədə məhkumların saçının kəsilməsi pulladır, bundan başqa, saat vurmaq, ağ geyinmək istəyirsənsə, 10 manat verməlisən”

Belə ki, 2017-ci ilin may ayının 17-dən 2019-cu ilin dekabr ayının 12-nə qədər, Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşadığını vurğulayan şikayətçinin sözlərinə görə, adıçəkilən müəssisədə ondan 1000 manat istənilib, vermədikdə isə döyülüb: “İndiyə qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində baş verənlərlə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən ölkə başçısına, Mehriban xanım Əliyevaya teleqram vurmuşam, şikayət etmişəm. Lakin mənə hədə-qorxu gələrək məktubları geri çəkiblər. Qeyd edim ki, 9 saylı cəzaçəkmə müəssisəsində olduğum müddətdə 1000 manata görə məni döydülər. Dedilər ki, karantində 1000 manat verməlisən, ya da işçilərin ayaqyolunu təmizləməlisən. Pul vermədiyim üçün məni döydülər. Bundan sonra 3 sutka kars verdilər. Orda olmazın əziyyətlər gördüm, zülm çəkdim. 2017-ci ilin may ayının 30-da, yəni karantin və kars qurtardıqdan sonra isə məni müəssisəyə buraxdılar. Nəzərinizə çatdırım ki, müəssisədə məhkumların saçının kəsilməsi pulladır. Yox, əgər saçını qırxdırmırsansa, onda cəzaçəkmə müəssisəsinin əməkdaşlarına, daha dəqiq desəm, Vaqif müəllimə 10 manat verməlisən. Bundan başqa, saat vurmaq, ağ geyinmək istəyirsənsə, 10 manat verməlisən”.

“Kim 150 manat verirsə, ailəsi ilə təmirli otaqda görüşür, kimin pulu yoxdursa, o, bərbad otaqda görüşməlidir”

Tural Hüseynov iddia edir ki, 9 saylı cəzaçəkmə müəssisəsində hər bir məhkum elektrik enerjisindən istifadəyə görə ayda 2 manat ödəməlidir: “Hər bir məhkum ayda 2 manat işıq pulu verir. Müəssisədə 7 “barak” (məhkum yataqxanası-red.) var və hər bir “barak” 20 manat zibil pulu verir. Orda ailəvi görüş otaqları var, sayı 5-dir. Onlardan 3-ü qəşəng təmirlidir, 2-si isə bərbad gündədir. Kim 150 manat verirsə, ailəsi ilə təmirli otaqda görüşür, kimin pulu yoxdursa, o, bərbad otaqda görüşməlidir. Onu da qeyd edim ki, qısa, yəni bir günlük görüş 35 manatdır. Telefonla danışıq da pulladır. Belə ki, buna görə məhkum 2 manat ödəməlidir. Adam var ki, pulu olduğu üçün gün ərzində 5 dəfə telefonla danışır, adam da var ki, pulu olmadığı üçün evi, ailəsi ilə ongünlərlə danışa bilmir. Bundan əlavə, nüəssisədə 50 otaq var. Həmin otaqların 20-25-i ayda 40 manatdır, əlavə də 20 manat işıq puludur. Yerdə qalanları isə ayda 100 manatdır, əlavə yenə də 20 manat işıq puludur. Bu pulların hamısını yığan cəzaçəkmə müəssisəsinin rəisinin əməliyyat-rejim işləri üzrə müavini Samir adlı şəxsdir. Yeri gəlmişkən, Məmmədov Yunis Ələddin oğlu müəssisədə telefonçudur. Bakı şəhəri Mərkəzi Poçtunda onun adına pullar vurulur. O isə pulları poçtdan götürür və məhkuma gətirir. Məsələn, 2017-ci ilin iyun, ya da iyul ayında Beyləqan rayonunun Yuxarı Aran kəndindən yeznəm Abbasov Rauf Firudin oğlu onun adına 1000 manat pul vurub. Yunis həmin pulu mənə gətirdi və buna görə ona 50 manat verdim. Bundan əlavə, yer pulu, otaq pulu, zibil pulu, işıq pulu verdim. Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, onda görərlər ki, indiyə qədər Məmmədov Yunis Ələddin oğlunun adına poçtlardan milyonlarla pul vurulub. Bunlar hamısı məhkumlara gələn pullardır. Məlum məsələdir ki, məhkumlara deyəndə bildirəcəklər ki, pulu mənə gətirib. Amma heç də elə deyil. Yunis məhkuma göndərilən pulu götürüb müəssisəyə gətirir və həmin pul orda yeyilir. Məhkum da qorxusundan heç nə deyə bilmir. Çünki əli-qolu bağlı adamdır”.

“Xahiş edirəm ki, 9 saylı cəzaçəkmə müəssisəsində mövcud olan haqsızlıqlara, qanunazidd əməllərə son qoyulmasından ötrü lazımı tədbirlər görəsiniz”

Qəzetimiz vasitəsiylə ölkə başçısına, birinci vitse-prezidentə, eyni zamanda güc strukturlarına müraciət edən Tural Hüseynov onlardan 9 saylı cəzaçəkmə müəssisəsində mövcud olan haqsızlıqlara, qanunazidd əməllərə son qoyulması məqsədiylə lazımı tədbirlər görmələrini xahiş etdi: “Prezidentimiz cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan, ədliyyə naziri Fikrət Məmmədovdan, prokurorluq orqanlarından, Daxili İşlər Nazirliyindən və digər müvafiq qurumlardan xahiş edirəm ki, 9 saylı cəzaçəkmə müəssisəsində mövcud olan haqsızlıqlara, qanunazidd əməllərə son qoyulmasından ötrü lazımı tədbirlər görəsiniz. O cümlədən, xahiş edirəm ki, orda mənə verilən əziyyət, işgəncə ilə bağlı zəruri addımlar atasınız, haqqımı yerdə qoymayasınız. Bu işdə əli olan hər bir şəxsin cəzalandırılmasını xahiş edirəm”.

Valeh TÜRKSOY, Hurriyyet.org

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93