“Kontakt Home”dan Əmək Məcəlləsinin tələblərinə ZİDD ADDIM

18 Aprel, 2020, 14:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Şirkət koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasını bəhanə gətirərək işçilərini ödənişsiz məzuniyyətə göndərib

Bildiyiniz kimi, koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçəvəsində bir sıra dövlət orqanları, qurumlar, eləcə də özəl müəssisələrin əməkdaşları əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək və bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq. Lakin təəssüf hissilə də olsa, qeyd etməliyik ki, bir sıra müəssisələr, özəl şirkətlər bu vəziyyətdə belə, şəxsi maraqlarını düşünür, əlavə qazanc əldə etmək üçün Əmək Məcəlləsinin tələblərinə zidd addımlar atırlar.

Belə ki, məsələ ilə bağlı Hurriyyet.org-a daxil olan informasiyaya görə, mobil telefon, televizor, planşet, kompyuter və ofis texnikası, fotoaparat, videokamera, audio və video texnika, o cümlədən böyük və kiçik məişət texnikaları satışı ilə məşğul olan, sözügedən bazarda kifayət qədər pay sahibi olan “Kontakt Home” şirkəti koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasını bəhanə gətirərək işçilərin demək olar ki, hamısını ödənişsiz məzuniyyətə göndərib. “Koronavirusla əlaqədar karantin elan edilməmişdən bir qədər əvvəl şirkətin işçilərini yığıb, onlara öz hesablarına məzuniyyətə çıxmaları ilə bağlı sənədə imza atmaları ilə bağlı göstəriş verilib” deyən məlumatlı şəxs bildirib ki, “Kontakt Home” şirkətinin əməkdaşları bir aya yaxındır əmək haqqı almadan evdə oturublar: “Yəni onlar işsiz kimi evdə oturublar və heç bir qazancları yoxdur. Bu səbəbdən də onlar işsizlərə verilən 190 manat məbləğində yardımı əldə etmək məqsədiylə müraciət ediblər. Lakin “Kontakt Home”un əməkdaşlarına “yox” cavabı verilib. Bildirilib ki, siz faktiki işçi kimi qeydiyyatdasınız, adınıza əmək müqaviləsi var. Bu halda işçilər şirkətə müraciət ediblər. “Kontakt Home”dan isə deyiblər ki, siz öz hesabınıza məzuniyyətə çıxmaq haqda sənədə imza atıbsınız, buna görə də məzuniyyət dövründə sizə əmək haqqı düşmür. Beləliklə, hazırda yüzlərlə işçi evdə pulsuz, çıxılmaz vəziyyətdə qalıb”. Hurriyyet.org-u bilgiləndirən şəxs iddia edir ki, əgər müvafiq qurumlar köklü və obyektiv araşdırma aparsalar, o zaman bir çox şirkətlərdə eyni mənzərənin yaşandığının şahidi ola bilərlər: “Nəzərinizə çatdırım ki, hazırda bu şirkətin Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 25 mağaza var. Bundan başqa, “Kontakt Home” rəqəmsal, məişət texnikaları bazarının böyük bir hissəsinə nəzarət edir. Yəni şirkətin gəliri heç də az deyil. Bu səbəbdən də “Kontakt Home” əməkdaşlarını əmək haqqı saxlanılmaqla 1 aylıq məzuniyyətə göndərə bilərdi. Çünki şirkətin buna yetərincə maddi imkanı çatır. Lakin şirkət rəhbərliyi daha asan yola baş vuraraq, işçiləri ödənişsiz məzuniyyətə göndərməklə koronavirusdan bəhrələnərək əlavə qazanc əldə etməyə üstünlük verdi”.

Şübhəsiz ki, “Kontakt Home”un işçilərinə qarşı sərgilədiyi münasibət Əmək Məcəlləsinin tələblərinin pozulması deməkdir. Çünki Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, işçinin günahı olmadan boşdayanma halı olursa, bu zaman işçilərə tarif maaşının üçdə ikisindən az olmayan həcmdə ödəniş edilməlidir. Məcəllənin 146-cı maddəsində isə deyilir ki, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərdə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmçinin, qeyd olunur ki, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Yeri gəlmişkən, bugünlərdə sözügedən mövzuya toxunan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sahibkarlar işçilərini ixtisar etməməli, onların əmək haqlarını ödəməli, hətta işçi məzuniyyətdədirsə belə, onların məvacibləri verilməlidir: “İqtisadi dəstək tədbirləri ilk növbədə öz işlərini şəffaf qurmuş, indiyə kimi vergi öhdəliklərini yerinə yetirmiş, əmək münasibətlərini leqallaşdırılmış sahibkarlara şamil olunacaq. Təbii ki, bu istiqamətdə sahibkarlar öz məsuliyyətlərini artırmalıdır. İşçilərini ixtisar etməməli, əmək haqlarını ödəməlidir, hətta işçi məzuniyyətdədirsə belə onların əmək haqqı ödənilməlidir. Nazirliyin 195-2 nömrəli “qaynar xətt”i mövcuddur, şirkət əməkdaşları hər hansı qanunsuzluq, hüquqlarının pozulma halı gördükdə bu nömrə ilə əlaqə saxlaya bilər. Bu zaman şikayət əsasında məsələ aydınlaşdırılacaq”.

Hurriyyet.org

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93