Koronavirus həyatımızda nəyi dəyişdi?

22

Pandemiyanın Azərbaycana mənfi və müsbət təsirləri…

Artıq yeddinci aydır ki, Azərbaycanda karantin rejimi davam edir. Uzandıqca uzanmaqda olan karantin iqtisadiyyatımıza vurduğu zərərlərlə yanaşı, insanları da depressiv vəziyyətə salıb. Düzdür, insanların bəziləri bunu Çinin Uxandakı balıq bazarında qanunsuz satılan vəhşi heyvanların, bəziləri isə çinli qadının yarasa yeməsiylə virusun yayıldığını düşünür. Hətta, pərdə arxasında “düşmən” görünən ABŞ ilə Çinin əl-ələ verib virusu yaydığını düşünənlər oldu. Hazırda isə dünya ölkələrində elə bir sektor yoxdur ki, virusun sosial, iqtisadi, psixoloji və ya digər təsirlərindən yan keçsin. Yoluxma riskini azaltmaq məqsədi ilə insanların evə qapanmaları, iş yerlərinin fəaliyyətini dayandırması, əyləncə məkanlarına girişin qadağan olunması normal həyat şərtlərinin tamamilə sırdan çıxmasına səbəb oldu. Yeganə gəlir yeri olan iş yerini itirənlər, ümumiyyətlə fəaliyyətini davam etdirə bilməyən şirkətlər, aylarla müştəri qəbul edə bilməyən ictimai iaşə obyektləri, onların maaşsız qalan işçiləri və s… Bir çox insan işsizlik problemi ilə üz-üzədir. İnsanların psixologiyalarında dərin sıxıntı var. Mövcud vəziyyətə adaptasiya olmaları bir az problemlidir. Dünyanın cənginə almış və hər gün minlərlə insanın ölümünə səbəb olan korona artıq həyatımızın parçasıdır. Açığı desəm, hər həftə bizləri təccübləndirən Operativ Qərargahın, virusun qarşısını almaqla bağlı qərarları da çox məntiqsiz və gülüncdür. “Yumşaltmağa” doğru gedirik deməklə, el diliylə desək “uşaq başı” aldadırlar. Əvvəlcə sms icazəsi tətbiq edildi. Evdə valideynlərindən icazə alıb çölə çıxmayanlar bu dəfə 8103-ün ümüdünə qaldı.  Düşündük ki, bir aylıq məhdudiyyətlər tətbiq etməklə, müəyyən qədər də olsa yoluxma sayını azalda biləcəklər. Amma hər şey əksi oldu. Yəni yoluxma sayı daha daç oxaldı, hətta ölü sayında gözlənilməz artımlar oldu. İlk vaxtlarda yoluxanlar məxfi saxlanılsa da, sonradan bunun mümkün olmadığını hiss etdilər. Bununla da insanların virusun olub-olmamağıyla bağlı inamına “şübhə toxumu” səpmiş oldular.

Şənbə və bazar günü “evdə qal” qadağası zamanı baş verən xoşagəlməz hadisələr də yəqin ki, hamının xatirindədir. Yasamalda insanlar etiraz olaraq, bir neçə polis əməkdaşına yuxarıdan zibil atmasıyla başlanan münaqişə, sonda polis alayının binanın mühasirə alması və evlərə daxil olub, bir neçə şəxsi mənzilindən lüt çıxarmasıyla nəticələndi. Və bununla da qanunları tapdalamış oldular.

“Zibil atanları saxlama əməliytanı” əks etdirən video görüntüdə isə Azərbaycan polisinin “sənin ərində dovşandır, sən də dovşansan” deməsiylə bir daha ölkədə demokratiyanın tapdalandığı əks etdirildi. Daha sonra polisin adının müsbətə çıxarılması istiqamətində atılan addımlar da bir nəticə vermədi. Sosial şəbəkələrdə Yasamal rayonunda polisə dəstək olmaq üçün eyvanlardan mahnı oxuyan gənclərin kadrı isə geniş müzakirə mövzusu oldu. Aldıqları xırda-xuruş qonararla bunu dönər yeməklə qeyd edən gəncləri tənqid və hətta təhqir edənlər də oldu.

Ən maraqlısı isə, bilirsiniz, nə oldu? Pandemiya dövründə dünyada avtomobil qəzalarının sayında azalma müşahidə olunub. Əksinə, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, qəzaların sayında artım müşahidə olundu. Axı, niyə biz xalq olaraq, həmişə dünyanın əksinə getmək istəyirik?… Maraqlıdır…

Hər şeyi lağlağaya salan xalqımız bu dəfə “COVİD 19”-u məsxərəyə qoydu. Whatsapp-da bir-birlərinə səs atan qadınlar “COVİD 19” virusunu “19 yaşlı Cavidlərlə” bağlayıb “yumor”larını göstərməyə çalışdı. Hətta, tandığı bir şəxsə bilərək və ya bilməyərəkdən yalan informasiya verib, səsləri istəmədən yayılan şəxslərin saxlanılması pandemiya dövründə yadda qalan hadisələrdən oldu. Karantin rejimi qaydalarını pozaraq, çölə çıxamaq üçün saxta hərbi forma geyinənlər də oldu.

İşsiz insanlara 190 manatın verilməsini düzgün icra edə bilməyən Sosial Müdafiə Nazirliyi isə, altında lüks maşını olanlara yardım verməklə, depressiv vəziyyətdə olan kütləni daha da qızışdırmış oldu. Ən üzücüsü isə odur ki, heç yerdən gəliri olmayan və oğlu ötən il dünyasını dəyişmiş bir anaya mesaj olaraq “oğlunuz işlədiyinə görə sizə 190 azn düşmür” deyə cavab verildi. Digər tərəfədən, heç yerdə işləməyən şəxslərin adına saxta vöenlərin açıldığı məlum oldu.

İşsizliklə bağlı isə çox təəssüf edirəm ki, məşğulluq idarələrində işsiz kimi qeydiyyata düşənlərin sayı 40 min civarındaydısa, pandemiya dövrünün ilk günlərində bunu 80 minə qaldırmışdılar. Xatırlayırsınızsa, Prezidentin sərəncamıyla, müxtəlif koteqoriyalı vətəndaşlarımıza dövlət yardımı elan olunan zaman, bunu bir qədər də qaldıraraq işsizlərin sayını 600 minə çatdırdılar. Anaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edənlərin sayı 2 milyondan yuxarı idi. Heç kimi bu gün ölkədə işsizliyin 4,7 və ya 5 faizə qədər olmasına inanmır. Pandemiya dövründə 190 azn-in iki ay rəzində müəyyən edilməsi və bunun üçün 80 milyon manata yaxın vəsaitin ayrılmasında müəyyən yanlışlıqlar oldu. Hökümət isənilən bəhanələri etdi ki, vətəndaşları 190 manatdan məhrum etsin. Belə təcrübəyə çox az ölkələrdə rast gəlinir. Hökümət pandemiya dövründə vətəndaşın yanında olmadı və ona arxa durmadı. Vətəndaşı aclıqla baş-başa buraxdı. Eyni zamanda “evdə qal” adıyla qadağalar tətbiq edərək, evdə saxladı.

Bütün bunlar heç də xoş olan hallar deyil. Nəticə etibarilə Nazirlər Kabineti bu sınaqdan üzü ağa çıxa bilmədi. Qeyri-rəsmi rəqəmlərə görə, 70 000-dən çox insana cərimə yazılıb. Əvvəl evdən çıxmağa görə cərimə yazılırdısa, daha sonra bu maska taxmamağa, toy və yas məclisi keçirməyə, restoranda yeyib-içməyə görə və s. cərimələr peyda oldu. Cərimələr peyda olmaqla yanaşı, cərimələrin miqdarında da qərarlar qəbul edildi. Təbii ki, pandemiya dövründə işsiz bir şəxsin o cəriməni ödəməyə imkanının olmadığını anlamaq çətin deyil.

Xülasə, qərargahın metronu bağlayıb, insanları toplu şəkildə avtobusdan istifadəyə məcbur etməsinin isə tamamilə məntiqsiz olduğunu düşünürük. Əgər insanları ara məsafəsinə riayət etməyə dəvət edirsizsə, niyə insanları toplu şəkildə avtobusa yığırsınız? Bəlkə avtobusda virus yayılmır, cənab yetkililər?… SMS icazəsi ləğv edilirsə, metronun da açılması mütləqdir.

Bakı, Abçeron və Sumqayıt sakinlərinin rayonlara buraxılmaması isə, ümumiyyətlə başa düşülən deyil. İnsanları Bakıya yığmaqla virusun qarşısını almağamı çalışırsınız? Sizin məntiqsiz qərarlarınızdan təngə gələn xalq, əgər məmurları kef məclislərində görürsə, niyə qərarlarınıza inansın? Hətta, qoyduğunuz qərarlar da düzgün icra olunmur. Rayonlara giriş-çıxış qadağası qoymağınıza rəğmən, polis postlarında pul müqabilində buraxılmasından yəgin ki, xəbəriniz olmaz. Axı sizin başınız məntiqsiz qərarların verilməsinə qarışıb…

Yayın bitməsinə yaxın çimərlikləri açmaqla xalqa olan “qayğınızı” göstərməyə çalışdınız. Amma havalar soyuyandan sonra bu qərarı verməyiniz ümumiyyətlə gülüncdür. İcazəylə çölə çıxan xalq, indi icazəylə çimərliyə gedir.

Pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib. Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, tele-dərslər, online dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi. Online keçirilən dərslərin heç bir nəticəsi ola bilməz.

15 senytabrda dəsrlər növbəli və müəyyən qrafikə uyğun fəaliyyətə başlayacaq. Lakin şagirdlər dəsrlərə hazırdırmı? Buna geyim və kitab vəsaitləri daxildir. Əgər təhsil müssələri fəaliyyətə başlayacaqsa, məktəbli formalarını hardan əldə edəcəyi hamıya maraqlıdır… Axı, ticarət mərkəzləri bağlıdır…

Pandemiya idman sahəsinə də təsirsiz ötüşməyib. İdman sahəsiylə yanaşı, idman mediasına da təsir edib. Hazırda idman xəbərləriylə bağlı saytlarının oxucuları yox səviyyəsindədir.

Əlbəttə, pandemiyanın müsbət tərəfləri də oldu. Dövlətdə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev əsl simasını ortaya qoymuş oldu. Və bir vaxtlar ona yaltaqlanaraq, müəyyən vəzifələrə gəlmiş məmurlar bu dəfə onu tənqid, hətta təhqir etməkdən belə çəkinmədilər. Pandemiyaya görə, insanları toy və mərasimi keçirməyə icazə verməyən hökümət, bəzi məmurların övladlarına toy keçirməyindən xəbərsiz olur, hətta Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bu toyu sıradan bir “toplantı” adlandırır.

Ramiz Mehdiyev, karantin qaydalarını pozaraq, nəvəsinə toy etməsi və Siyavuş Novruzovun “mən kişiyəm, toya getməməliydim ki?”, – deməsiylə bəlkə də istəməyərəkdən həyatının ən böyük səhvini etmiş oldu.

Yəqin kimsənin ağlına gəlməzdi ki, vaxt gələcək və “boz kardinal”ın kürəkənin qoluna qandal vurulub məhkməyə gətiriləcək. Hansı ki, onun polis bölməsində şəkillərinin çəkilərək cərimə olunması xalqın ürəyindən az da olsa tikan çıxarmış oldu. Ardınca Siyavuş Novruzova töhmət elan edildi, daha sonra o, Yeni Azərbaycan Partiyasında tutduğu vəzifədən istefa verdi. Nədənsə, Ramiz Mehdiyev və toyda iştirak edən insanların hüquqlarının müdafiəçisi olan ombudusman Səbinə Əliyeva tutduqları vəzifədən istefa vermədi. Üstəlik, “Boz kardinal” ümumiyyətlə cərimə edilmədi. Əksinə, Elmlər Akademiyasının rəsmi saytından bəyanatlar verib, dövləti və ona “xəyanət” edənləri günahlandırdı. Növbəti dəfə isə təhdid etdi.

İnsanların depressiv vəziyyətində və ticarət mərkəzlərinin bağlı olduğu anda Gömrük Komitəsinin təklifi iləverilən qərar isə, sadecə xalqı dövlətinə qarşı qızışdırlmaqdır. Maraqlısı budur ki, qərarı imzalayan baş nazir Əli Əsədovdur. O Əli Əsədov ki, pandemiya dövründə tətbiq edilən qərarlara qol çəkir. Ticarət mərkəzlərinin bağlı olduğu anda, insanların xaricdən özlərinə mal sifariş verməsi əslində müsbət bir nəticədir. Bunu analmaqda çəitinlik çəkən Əli Əsədov və öz xeyirini hər yerdə güdən Gömrük Komitəsinin qərarıyla vətəndaş internet üzərindən 1000 dollara qədər məhsul sifariş etdiyi zaman gömrük rüsumu ödəmirdisə, indi bu limit 300 dollara endirilib. Yəni artıq karqo şirkətləri və “Azərpoçt” daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməli olacaq. Qərarın verilməsi dünyada gedən trendlərin əleyhinədir. Çünki dünya artıq online ticarətə keçir və online sifarişlər üzərində qurulur. Pandemiya bu prosesi daha da sürətləndirdi. Keçən ilin eyni 8 ayını, bu ilin 8 ayını götürdükdə dünyada online ticarət dörd dəfə artıb. Yəni, bu dünyanın tutduğu yoldur. Azərbaycan höküməti və Gömrük Komitəsi hər zaman olduğu kimi dünyada gedən aktiv trendlərin əksinə hərəkət edir. Bu işi təşviq etməkdənsə və şəffaflığı artırmaq əvəzinə, müəyyən məhdudiyyətləri artırmaqla məşğuldur. Əsas hədəf də təbii ki, bunu indiki işsizlik şəraitində edilməsi oldu. Ayda bir dəfə olmaqla 1000 dollarlıq mal sifariş verib, müəyyən kiçik biznes quran yüzlərlə vətəndaşımız var ki, onlar bu işi görməklə, dövlətin üzərində olan sosial yükünü azaldırdılar. Özlərinə kiçik də olsa iş qururlar. Bunu təşviq etməkdənsə, əksinə bunun qarşısını alırlar.

Sonda bildirim ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının dünya iqtisadiyyatına və onun ayrı-ayrı sahələrinin inkişafına mənfi təsir göstərməsini inkar etmək mümkün deyil. Sərt karantin rejimi bir çox insanın psixoloji və həm də maddi durumuna ciddi təsir edib. Bunların baş verəcəyi gözlənilən idi. Ümid edək ki, karantin rejimi yumşaldıqca bu problemlər də yavaş-yavaş həllini tapacaq. Amma hələ ki, karantin rejimi bəzi şəhərlərdə sentyabrın 30-a kimi uzadılıb. Ümid edək ki, 2020-ci il bitməmiş koronavirus insanların həyatını ömürlük tərk edib gedəcək…

YƏHYA