Koronavirus dünya iqtisadiyyatı üçün nələr vəd edir? – EKSPERT RƏYLƏRİ

25 Mart, 2020, 15:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Məhəmməd Talıblı: “Bu virus dünya iqtisadiyyatına bir neçə trilyon dollarlıq zərərə başa gələcək”

Natiq Cəfərli: “Hazırda dünyada iqtisadi durğunluq yaşanır”

Dünyada koronavirus pandemiyasının yayılmasından hər gün yüzlərlə insan ölümü ilə yanaşı, dünya iqtisadiyyatı da iflic duruma düşüb. Bütün dünya ölkələri deməklə olar ki, virusla mübarizəyə cəlb olunub və hər bir ölkə öz büdcəsinə uyğun virusla mübarizəyə vəsait ayırıb. Üstəlik da bütün ölkələrdə sanki həyat dayanıb, insanlar karantin rejimində yaşamağa məhkum olub. Bu baxımdan, bu il dünyada həm insanlar, həm də iqtisadiyyat üçün çox ağır sınaq ilidir. Aydın görünür ki, dünya iqtisadiyyatı ciddi zərərlə uzləşib. Xatırlayırsınızsa, hələ mart ayının əvvələrində “Bloomberg” agentliyi koronavirusun dünya iqtisadiyyatına 3,5 trilyon dollar ABŞ dolları zərər vuracağını və dünya üzrə ümumilikdə 5 milyon şirkətin risk altında olduğunu açıqlamışdı. Amma dünya iqtisadiyyatına dəyəcək ziyanın bundan da çox olması ehtimalı var. Çünki Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər.

 

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərlə bağlı fikirlərini bolüşən iqtisadçı alim Məhəmməd Talıblı Hurriyyet.org-a dedi ki, ilk vaxtlar bunun miqyası hələ bu qədər geniş olmayanda çeşidli tədqiqat qrupları müxtəlif açıqlamalar vermişdi: “Oxford Economics-in təhlilçiləri proqnozlaşdırırlar ki, koronavirus geniş xarakter alsa, il ərzində dünya iqtisadiyyatına 1 trilyon dollardan artıq ziyan vuracaq. Lakin indi beynəlxalq hesabatlarla tanış olanda belə qərara gəlirəm ki, bu virusun təsir dairəsi 10 il bundan öncəki qlobal iqtisadi böhrandan daha geniş və təsirli olacaq. Qlobal ÜDM-nin 2,9%-dən, hətta 2%-dən də aşağı düşməsinə səbəb ola bilər və bir neçə trilyon dollarlıq zərərə başa gələcək”.

“Əgər yay aylarında da virus nəzarət altına alına bilməsə…”

 

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfəli isə bildirdi ki, virusun dünya  iqtisadiyyatına  vurduğu ziyan onun nə vaxt nəzarət altına alına biləcəyindən və dünya iqtisadiyyatının çarxlarının yenidən dönməyə başlaması müddətinin nə vaxta qədər davam etməsindən asılı olacaq: “Ən pis ssenaridə dünya iqtisadiyyatının iki rəqəmli həddə daralmasından söhbət gedir. Tək Amerika iqtisadiyyatından söhbət getmir. Düzdür, Amerika iqtisadiyyatı dünyanın lokomatividir, amma dünya iqtisadiyyatının iki rəqəmli daralmasından söhbət gedə bilər. Hazırda dünyada iqtisadi durğunluq yaşanır. İqtisadiyyatın bir çox- ictimai iaşə, turizim, istehsal sahələrində ciddi problemlər yaşanır və dünya iqtisadiyyatının obrazlı desək, çarxları dönmür. Baxmayaraq ki, dünyanın bütün ölkələri, o cümlədən Amerika, Avropa və digər ölkələri dünya iqtisadiyyatına ciddi şəkildə maliyyə vəsaitləri ayırırlar. Tək elə Amerikada 4 trilyon dollara yaxın FED “Təhvil alım” proqramını işə saldığını elan etdi. Senatda isə 1,8 trilyon dollara yaxın Amerika iqtisadiyyatına dəstək paketi müzakirə olunur. Bütün  Avropa ölkələri də iqtisadiyyatın çarxlarının dönməsi üçün milyardlarla dollar maliyyə vəsaiti ayrırılar. Amma bu, yetərli deyil. Çünki söhbət tək puldan getmir. O pulun işlədilməsi mexanizmlərinin dayanmasından söhbət gedir. Yəni o vəsaitlərlə bir müddət biznes çevrələrini ayaqda saxlamaq olar. Amma iqtisadiyyatın çarxları dönməlidir. Yəni yenidən təyyarələr uçmalıdır, maşınlar getməlidir, turizim canlanmalıdır, iqtisadiyyatda ictimai iaşə sektoru canlanmalıdır. Avropada da bütün kafelər, restoranlar demək olar ki, bağlıdır. Bu baxımdan, dünya iqtisadiyyatına vurulacaq ziyanın həcmi virusun nə zaman nəzarət altına alıncağından asılıdır. Əgər iyun ayına qədər bu məsələdə  ciddi irəliləyiş əldə olunsa, bir müddət ətalətlə dünya iqtisadiyyatının bərpasını gözləməli olacağıq. Çünki insanlar indiki psixoloji durumu həmən üzərindən ata bilməyəcəklər və biznes də fəaliyyətinə başlayıb, əvvəlki qaydasına dönə bilməyəcək. Bunun üçün də bir neçə ay lazım olacaq. Yox, əgər yay aylarında da virus nəzarət altına alına bilməsə, (payıza qədər bu işlərin uzanması ehtimalı da müzakirə olunur) bu zaman dünya iqtisadiyyatında iki rəqəmli daralmanı biz oktyabr, noyabr aylarında görəcəyik. Yəni bu il dünya iqtisadiyyatı üçün ciddi itirilmiş il olacaq. Gələn ildən yavaş-yavaş dünya iqtisadiyyatının bərpa olunmasından söhbət gedə biləcək. Bu  halda, gələn ildən başlayraq dünya iqtisadiyyatında müəyyən pozitiv dinamika yarana bilər”.

“İqtisadiyyatın durğunluğu bir neçə ay davam etsə, Azərbaycanda da ümumi daxil məhsulun kəskin azalmasının şahidi olacağıq”

Koronavirusun Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurduğunu qeyd edən Cəfərli bildirdi ki, bu məsələlərin getdikcə daha ciddi hal aldığını görür: “Söhbət tək neft qiymətlərinn düşməsindən getmir. Təbii ki, bu, Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Valyuta ehtiyatlarımıza, ticarət dövriyyəmizə, ümumi daxili məhsulun formalaşmasına ciddi təsir göstərir. Amma indiki şəraitdə bir çox biznes sahələri demək olar ki, durma nöqtəsinə çatıb. Söhbət qeyri-ərzaq ticarət şəbəkələrindən, ictimai iaşə, turizim obyektlərindən, istehsal sahələrindən gedir. Hətta kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər. Çünki hazırda işçi miqrasiyası da dayandırılıb. Bakıdan regionlara, regionlardan Bakıya gələn işçi miqrasiyasında da ciddi problemlər var. Bu da ümumilikdə Azərbaycan iqtisadiyyatının yavaşlamasına səbəb ola biləcək əsas amillərdən biridir. Mən düşünürəm ki, əgər iqtisadiyyatın durğunluğu bir neçə ay davam etsə, Azərbaycanda da ümumi daxil məhsulun kəskin azalmasının şahidi olacağıq. Hətta 2015/16-cı illərdəki 4 fazilik daralmadan da böyük iqtisadiyyatın daralması ilə qarşı-qarşıya qala bilərik”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93