“Koronavirusdan sonra dünyada nizam dəyişiləcək…” – SƏRDAR CƏLALOĞLU

7 Aprel, 2020, 16:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"İstər müharibələr, istər bu cür epidemiyalar, istərsə də təbii fəlakətlərdən sonra həmişə sıçrayışlı inkişaf müşahidə olunub"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə koronavirus təhlükəsindən, Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə atdığı addımlardan, tətbiq edilən karantin tədbirlərindən, siyasi partiyaların belə bir vəziyyətdə necə fəaliyyət göstərmələri və digər mühüm mövzularla bağlı söhbətləşdik.

"Koronavirus dünyada psixoloji şok yaratdı və çox güman ki, qlobal böhrandan çıxmaq üçün ciddi bir əsas verdi"

– Sərdar bəy, belə bir iddia irəli sürülür ki, koronavirus pandemiyası dünya düzənini, siyasi və iqtisadi coğrafiyanı dəyişdirməyə hesablanıb. Yəni bunun arxasında ciddi maraqların dayandığı qeyd olunur. Sizcə, deyilənlər nə dərəcədə doğrudur?

– Təbii ki, indiyədək bu barədə çoxlu məlumatlar yayılıb. Onlardan birində deyilir ki, koronavirus kütləvi qırğın silahı, bioloji silah kimi düşünülüb. Bəziləri isə iddia edir ki, bu, düşünülmüş şəkildə insanlığın müəyyən bir hissəsini məhz etmək üçün nəzərdə tutulub. Sadəcə olaraq, bunların hamısı faktlı şərhdir. Əgər bu məlumatlar faktdan qabaq çıxsaydı, onda düşünmək olardı ki, doğrudan da belə bir şey var. Amma indi fakt baş verdikdən sonra hərə bunu müxtəlif qaydada yozur. Diqqət yetirsək görərik ki, dünyanı ağuşuna alan bu virus aşağı təbəqə ilə yanaşı, yuxarı təbəqə – nazirlər, dövlət rəsmiləri, ölkə başçıları üçün də ciddi təhlükə daşıyır. Odur ki, mən koronavirusun sadə vətəndaşlar üçün nəzərdə tutulmuş kütləvi qırğın silahı olması ilə bağlı deyilənləri şayiə adlandırıram. Düşünürəm ki, koronavirusdan sonra dünyada baş verəcək dəyişikliklərlə bağlı bəzi fikirlər reallığı deyil, hansısa dairələrin ssenarilərini özündə əks etdirir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, pandemiya bir çox məsələlərə aydınlıq gətirdi, qlobal siyasətin təhlükəli tərəfini ortaya qoydu. Məşhur qlobalistlərdən birinin belə bir sözü var ki, qloballaşmada ziyanlı işlər xeyirli işlərdən daha sürətlə bu prosesə məruz qalır. Buna görə də artıq qloballaşmanın özünün belə bir real təhlükəsinin olduğunu nəzərə alıb gələcək qlobal siyasətdə məyyən addımlar atılacaq. Bundan başqa, bildiyiniz kimi neçə ildir ki, qlobal böhran davam edir və bu böhrandan çıxmaq üçün həm iqtisadi, həm də siyasi addımlar atılsa da, hələ də heç bir nəticə verməyib. Böhrandan çıxmağın yollarından biri də psixoloji şokdur. Koronavirus isə dünyada psixoloji şok yaratdı və çox güman ki, qlobal böhrandan çıxmaq üçün ciddi bir əsas verdi. Yəqin, bundan sonra dünya nizamında, beynəlxalq münasibətlər sistemində elə bir addımlar atılacaq ki, onlar dünyanı qlobal iqtisadi böhrandan çıxara bilsin. Ümumiyyətlə, istər müharibələr, istər bu cür epidemiyalar, istərsə də təbii fəlakətlərdən sonra həmişə sıçrayışlı inkişaf müşahidə olunub. Çünki hər bir tənəzzülü bir tərəqqi izləyir.

"Hər il dünyada 2 milyona yaxın insan avtoqəzadan dünyasını dəyişir, 50 milyona qədər adamsa xəsarət alır, lakin heç kim maşın sürməkdən imtina etmir"

– Necə düşünürsünüz, koronavirusu indiyədək yayılmış digər infeksiyalardan daha öldürücü hesab etmək olar?

– Aydındır ki, biz bu infeksiyanın yalnız mənfi tərəflərinə baxırıq. Əslinə baxsaq, koronavirus bir o qədər də insan itkisinə səbəb olmayıb. Sadəcə olaraq, bu pandemiya insanlığı təhdid etdiyi üçün təhlükəlidir. Hər il dünyada 2 milyona yaxın insan avtoqəzadan dünyasını dəyişir, 50 milyona qədər adamsa xəsarət alır. Lakin buna baxmayaraq, heç kim maşın sürməkdən imtina etmir. Yaxud elə peşə xəstəlikləri var ki, hər il yüzminlərlə insanın həyatına son qoyur. Bu pandemiyaya qədər heç kimi digər xəstəliklər narahat etmirdi. İndi koronavirus insanları ona görə narahat edir ki, bu pandemiyanın yer kürəsini boşaltmağa, insanlığın böyük əksəriyyətini əhatə etməyə potensial imkanı var. Bu baxımdan, çox güman ki, pandemiyadan sonra dünyada nizam dəyişiləcək, dövlətlərarası münasibətlərə yenidən baxılacaq. Bildiyiniz kimi, pandemiyadan əvvəl ABŞ-la Çin arasında çox ciddi siyasi qarşıdurma vardı, indi onun yerini epidemioloji qarşıdurma alıb. Belə ki, ABŞ Çini koronavirusu dünyaya yaymaqda ittiham edir. Yəni faktiki olaraq, mübarizə qalsa da, müstəvi dəyişilib. Bütün bunları nəzərə alaraq, demək olar ki, dünyada çox ciddi dəyişilmələr olacaq. Eyni zamanda, dünyanın səhiyyə sisteminə yenidən baxılmalı, Ümumdünya Səhiyyə Təşkilatının işi yenidən qurulmalıdır. Çünki koronavirusun yayılması zamanı məlum oldu ki, pandemiyanın ağır nəticələri tənəffüs aparatının yetərincə olmaması, reanimasiyada çarpayının sayının az olması ilə bağlıdır. Artıq bir çox ölkələrdə təcili bu istiqamətdə istehsala başlayıblar. Ümumiyyətlə, dünya bu cür vəziyyətlər üçün hazırlıqlı olmalı, rezevrlər müəyyənləşdirilməli, səhiyyənin idarə olunmasına yenidən baxılmalıdır. Uzun illər infeksion xəstəliklər arxa planda olub. Çünki bu, 20-30 ildən bir baş verdiyinə görə, əsas vəsait ankoloji və digər xəstəliklərin öyrənilməsinə xərclənib. Buna görə də infeksion xəstəliklərə çox az diqqət ayrılıb. Düşünürəm ki, bundan sonra bu cür xəstəliklərə daha çox diqqət ayrılmalıdır. Onu da qeyd edim ki, 10 və ya 50 il arası müddətdə bu cür infeksiyalar dünyada yayılır. Maraqlısı odur ki, bəzən hava damcı infeksiyalar – qrip, çiçək və taun yayılır, bəzən isə bağırsaq infeksiyaları – vəba və qarın yatalağı yayılır. Bunların öldürdüyü adamların sayı da təxminən, eyni olub. Hər zaman infeksiyanın başlanğıcı Hind-Çin, daha geniş yayıldığı ərazi Avropa, son nöqtəsi isə Amerika olub. Hesab edirəm ki, koronavirusdan sonra iqtisadi sistemə də yenidən baxılmalıdır.

"Əgər Klintondan qabaqkı vəziyyət olsaydı, yəqin ki, ABŞ-ın yarıdan çoxu koronavirusdan məhv olacaqdı"

– Dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da, o cümlədən Avropada nədən koronavirusdan ölənlərin sayı digərlərinə nisbətən çoxdur?

– Məsələ burasındadır ki, həmin ölkələrdə səhiyyəyə ayrılan vəsait digər sahələrə ayrılan vəsaitdən 10 dəfə azdır. Yəni həmin ölkələrdə iqtisadiyyata, mədəniyyətə, təhsilə, idmana ayrılan pullar səhiyyəyə ayrılandan çoxdur. Hətta Avropanın bir çox ölkələrində əməkhaqqı aşağı olduğuna görə həkimlər iş üçün ABŞ-a üz tuturlar. Çünki orada nisbətən yüksəkdir. Lakin ABŞ standartlarına görə də həkimlərə verilən maaş, səhiyyəyə ayrılan pullar qənaətbəxş deyil. Qeyd edim ki, ABŞ-da prezidentlər seçkilərdə məhz səhiyyə proqramları ilə bağlı qalib gəlirlər. ABŞ-da səhiyyə reforması Klintonun vaxtında keçirilmişdi. Əgər Klintondan qabaqkı vəziyyət olsaydı, yəqin ki, ABŞ-ın yarıdan çoxu koronavirusdan məhv olacaqdı. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, elmi tədqiqatların həcmi artırılmalı, kütləvi qırğın silahları kimi bioloji silahların hazırlanmasına moratorium qoyulmalı, gen mühəndisliyində müəyyən məhdudiyyətlər olmalıdır. Çünki bəzən elə təcrübələr aparılır ki, onların nəticəsində çox təhlükəli miqroorqanizmlər meydana çıxa və onlar bir gün içində dünya əhalisinin yarısını məhv edə bilər. Yəni çoxlu qabaqlayıcı tədbirlər görülməlidir.

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93