“Koronavirusun həm də bir siyasi silah olduğu göz önündədir” – SƏRDAR CƏLALOĞLU

2

“Yasamalda baş verən polis-vətəndaş insidentində heç bir təxribat yoxdur”

“Əslində bu insidentin özü dövlətin koronavirusla bağlı qəbul etdiyi qərarların düzgün olmadığını göstərir”

“BMT-nin işgəncələr haqqında qətnaməsində vətəndaşın təcrid olunmuş şəkildə yaşaması işgəncə sayılır”

“Əgər biz hər insident zamanı “bu, xarici ölkələrin işidir” desək, o zaman xarici qüvvələrin Azərbaycana qarşı apardığı təxribatları digər proseslərdən heç vaxt ayırd edə bilmərik”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə iyunun 7-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki binanın sakinləri ilə polis əməkdaşları arasında yaşanan insident, iyunun 8-də həmin binada keçirilən əməliyyat zamanı 11 nəfərin saxlanılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıyla sərtləşdirilmiş karantin rejiminin tətbiqi və bunun koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasındakı rolu, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Vətəndaşlar polisə tabe olmalı, hörmət etməli, polis isə Konstitusiyaya və qanuna uyğun davranmalı, vətəndaşların şərəf və ləyaqətini alçaltmamalıdır”

– Sərdar bəy, Yasamalda polis əməkdaşları ilə vətəndaşlar arasında yaşanan məlum insidenti necə dəyərləndirirsiniz?

– Əvvəla onu deyim ki, bu insidentin iştirakçısı olan hər iki tərəfin davranışı yanlışdır. Belə ki, vətəndaşlar polisə tabe olmalı, onlara hörmət etməlidir. Polis isə öz növbəsində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanuna uyğun davranmalı, vətəndaşların şərəf və ləyaqətini alçaltmamalıdır. Cinayət-Prosessual Məcəlləyə zidd olan hər hansı bir addım atmamalıdır. Bir məqamı da qeyd edim ki, yaranmış insidenti həm də koronavirus infeksiyası, evdə qalmaq, təcrid edilmə halının fövqündə müzakirə etdikdə, vətəndaşların, həmçinin polisin atdığı addımlara normal vəziyyətdə olan insanların davranışına verilən qiymət kimi qiymət verilə bilməz. Çünki hamı psixoloji şok yaşayır. Biz bəzən evdə qalmağın nə qədər sıxıcı və təhlükəli olduğunu başa düşmürük. Halbuki Birləşmiş Millətlər Təşkilatının (BMT) işgəncələr haqqında qətnaməsində vətəndaşın təcrid olunmuş şəkildə yaşaması işgəncə sayılır. Yəni, hökumət adamlara deyəndə ki, evdə qalın, bu, faktiki olaraq işgəncənin bir forması kimi çıxış edir. Çünki insan üçün ünsiyyətin olduqca böyük əhəmiyyəti var. Digər tərəfdən, Azərbaycanda sosial infrastrukturun, kommunal xidmət sahələrinin vəziyyəti hamıya bəllidir. Hökumət isə deyir ki, evdən çölə çıxma, zibili belə, atma. Sərtləşdirilmiş karantin rejimində isə vətəndaş iki gün evdə qalır, bəzən suyu, qazı, ya da işığı gəlmir, mənzildə zibil yığılıb qalır. Su gəlmirsə, vətəndaş tualetə necə gedəcək, gigiyena qaydalarına necə əməl edəcək?! Belə çıxır ki, vətəndaş antisanitar, üfunətli şəraitdə yaşamalıdır. Odur ki, dövlət bu cür tədbirlər həyata keçirərkən yarana biləcək problemlərin həlli ilə də bağlı xüsusi qərarlar qəbul etməlidir. Məsələn, zibillərin evlərdən yığılması, mənzillərə su, işıq və qazın verilməsi, yaxud da çörək, ərzaq məhsulları ala bilməyən vətəndaşlara dərhal ərzağın çatdırılması təmin olunmalıdır. Əgər bütün bunlar nəzərə alınarsa, o zaman biz bu cür insidentlə rastlaşmayacağıq. Amma tələm-tələsik, yanlış “evdə qal” əmri verib, sonra da polisə “kim küçəyə çıxsa cərimələ, döy” göstərişi verərsənsə, təbii ki, ölkədə narazılıqlar meydana çıxacaq. Məsələn, ABŞ-da camaat əlinə silah alıb küçələrə çıxdı. Hətta silahlı dəstə bir sıra dövlət qurumlarının binasını tutdu, insanlar dükan və mağazaları dağıtdılar. Bu davranışların mahiyyəti ondan ibarətdir ki, insanlar evdə qalmağa olduqca acınacaqlı reaksiya verirlər. Bu, çox ciddi məsələdir. Ona görə də vətəndaşın zibil atmasını onun evdə qalma psixologiyasıyla izah etməlisən. Polisin isə prokurorluğun və məhkəmənin qərarı olmadan vətəndaşın mənzilinə girməsi, onu çıl-çılpaq götürməsi, arvadına “sənin ərin də, sən də dovşansan” deməsi, təhqir etməsi polisin səlahiyyət həddini aşması, vəzifəsindən sui-istifadə etməsi, vəzifə cinayətindən başqa bir şey deyil. Odur ki, hər iki tərəfin hərəkətinə bu baxımdan yanaşmalıyıq ki, bu, həm psixoloji vəziyyətlə, həm də onların qanunu pozması ilə bağlıdır.

“Təxribatı bu cür etməzlər, çünki bu hadisə elə bir ciddi sosial nəticələrə gətirib çıxarmadı, kütləvi ixtişaşlara keçmədi”

– Belə bir fikir səsləndirilir ki, burada hər hansı xarici qüvvələrin, yaxud da həmin qüvvələrə işləyən daxildəki bəzi ünsürlərin barmağı var. Bu səbəbdən də baş verənləri təxribat kimi qələmə verməyə çalışanlar da var. Bu fikirlə razısınızmı?

– Əsla belə deyil. Təxribatı bu cür etməzlər. Çünki bu hadisə elə bir ciddi sosial nəticələrə gətirib çıxarmadı, kütləvi ixtişaşlara keçmədi. Ona görə də mən bunun arxasında hər hansı bir xarici qüvvənin durduğunu görmürəm. Və mən üstünə basa-basa deyirəm ki, burda hər hansı bir xarici qüvvənin iştirakı yoxdur. Əgər biz hər insident zamanı “bu, xarici ölkələrin işidir” deyək, o zaman xarici qüvvələrin Azərbaycana qarşı apardığı təxribatları digər proseslərdən heç vaxt ayırd edə bilmərik. Ona görə də hər şeyi öz adıyla demək lazımdır. Yasamalda baş verən polis-vətəndaş insidentində heç bir təxribat yoxdur. Burda sadəcə olaraq, dediyim kimi, bir psixoloji şok var. Əslində bu insidentin özü dövlətin koronavirusla bağlı qəbul etdiyi qərarların düzgün olmadığını göstərir. Yəni hökumət zəruri məqamları nəzərə almayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu bu dərəcədə şişirtməsi, dövlətlərə müraciət etməsi müəyyən plana xidmət edir”

– Necə düşünürsünüz, sərtləşdirilmiş karantin rejimi hələ nə qədər davam edəcək? Ümumiyyətlə, bunun müsbət yöndə təsirini gözləməyə dəyər?

– Mən bu cür kəskin təcridetmələrin koronavirus infeksiyasının qarşısının alınmasında əhəmiyyətli rol oynamadığı fikrindəyəm və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın idarə edilməsində çox ciddi nöqsanlara yol verdiyi qənaətindəyəm. Həmin təşkilatın qüsurlu addımlarından biri infeksiyanın yayıldığı ölkələrdən xarici ölkə vətəndaşlarının çıxarılmasının qarşısının alınmamasıdır. İkincisi, sağlam insanları təcrid etməkdir. Belə ki, xəstələri təcrid etmək əvəzinə sağlam adamları təcrid edirlər. Bu, çox məntiqsiz addımdır. Üçüncüsü isə mütəmadi olaraq ictimai rəyi “yeni dalğa olacaq”, “ikinci dalğa gələcək” və s. kimi fikirlərlə təlaşlandırmaqdır. Bilirik ki, indiyə qədər dünyada 6-7 dəfə vəba pandemiyası olub. Eyni zamanda, taun pandemiyası olub və milyonlarla insan ölüb. Yəni bütün infeksiyalar düvrü olaraq təkrarlanırlar. Bu, yalnız koronavirusa xas deyil. Digər tərəfdən, koronavirus nəticəsində ölənlərin, xəstələnənlərin sayı demək olar ki, ən yüngül infeksiyalardan çox azdır. Məsələn, malyariya ildə 450 min adam öldürür və milyonlarla adam yoluxur. Adi qripdən minlərlə adam ölür. Bundan başqa, elə infeksiyalar var ki, çoxu onu adi infeksiya kimi qəbul edir. Lakin həmin infeksiyalar koronavirusdan daha ağır nəticələr verir. Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu bu dərəcədə şişirtməsi, dövlətlərə müraciət etməsi müəyyən plana xidmət edir. Hamıya bəllidir ki, koronavirus səbəbindən bir çox iri şirkətlər, banklar bankrot oldu, ABŞ dünya iqtisadiyyatında bir nömrəli ölkə idi, indi gəlib Çindən sonraya düşdü. Çin qalxdı yuxarı və s. Yəni koronavirusun açıq-açığına həm də bir siyasi silah olduğu göz önündədir. Belə ki, koronavirusdan istifadə edib müəyyən bir siyasi oyunlar gedir. Odur ki, ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına münasibətdə tamamilə haqlıdır. Çünki Ümumdünya Səhiyyə Təşkilatı bu məsələdə müəyyən oyunlar oynayır.

– Qeyd etdiniz ki, koronavirus həm də siyasi silahdır. Bəs, bu silah kimin, hansı dövlətin əlindədir?

– Kim bundan effektli idarə edə bilirsə onun əlindədir. Məsələn, necə oldu ki, infeksiya Çindən çıxsa da, bu ölkə qısa müddətdə infeksiyanı başa vurdu?! İndi deyirlər ki, ikinci dalğa gələ bilər, lakin buna baxmayaraq, Çin əvvəlki tədbirləri görmür. Amma Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan bir nəfərin öldüyü ölkədə belə, bütün əhalinin evdə qalmasını, ciddi karantin rejimini tövsiyə edir. Bunun da nəticəsində bir çox ölkədə iqtisadiyyat çökdü, ağır itkilərə məruz qaldı.

– Belə çıxır ki, koronavirus pandemiyası birbaşa Çinin mənfəətinə xidmət edir.

– Bəli, ya Çinin, ya da pərdəarxası hansısa qüvvələr var ki, dünya iqtisadiyyatında müəyyən yerdəyişmədə maraqlıdır, dünyanı yeni nizama hazırlamaq istəyir. Odur ki, bütün baş verənlər onların atdığı addımlardır. Ancaq bu, o demək deyil ki, xəstəlik, infeksiya yoxdur, koronavirus təhlükəli, ölümcül deyil. Bunlar hamısı var və bunlar barədə düşünməliyik. Lakin bütünlükdə koronavirus şişirdilmiş şəkildə təqdim olunur. Bəli, ölüm var. Qeyd edim ki, appendisiti olan hər 100 nəfərdən 1-nin ölümü normal sanitar itki sayılır. Koronavirus nə qədər adam öldürüb?! Koronavirusdan 10, hətta 100 dəfə təhlükəli, ağır nəticəsi olan infeksiyalar olub ki, o infeksiyalar bu gün də var, amma heç kimə demirlər ki, qapımı bağla, evdə otur. Yəni demək istədiyim odur ki, nəticələrlə tətbiq edilən tədbirlər arasında bir disproporsiya görünür. Bu halda, gəldiyimiz qənaət odur ki, burda başqa bir məqsədlər ola bilər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org