“Korrupsiyanı aradan qaldırılmaq üçün idarəetmə sistemi dəyişdirilməlidir” – SƏRDAR CƏLALOĞLU / TAM HİSSƏ

14 May, 2020, 12:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Vəzifəsindən sui-istifadə edən, korrupsiyaya bulaşan məmurları həbs etməklə yanaşı, onların malik olduqları sərvətin mənbəyini də müəyyənləşdirmək lazımdır”

“İlham Əliyev doğrudan da korrupsiyaya qarşı səmimi şəkildə mübarizə aparırsa, onda xalqa müraciət etməli və bu mübarizədə xalqın dəstəyini qazanmalıdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə korrupsiya ilə mübarizə istiqamətində başlanılan tədbirlər çərçivəsində atılan addımlar, rayon icra başçılarının və digər yetkili şəxslərin həbsi, onların mənimsədikləri milyonların taleyi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Korrupsiyanın geniş şəkildə inkişaf etməsi və bütün dövlət hakimiyyəti orqanlarını bürüməsinin yeganə səbəbi ölkədə aşağı keyfiyyətli idarəetmənin olmasıdır”

– Sərdar bəy, sizcə Azərbaycanda korrupsiyanın geniş vüsət almasının səbəbi nədir?

– Əvvəla, onu deyim ki, Azərbaycanda korrupsiya ilə bağlı olduqca çoxlu faktlar vardı. Beynəlxalq hesabatlarda da Azərbaycan ən çox korrupsiyaya uğramış ölkələrdən biri kimi tanınırdı, hətta adı Afrikanın ən geridə qalmış ölkələri ilə bir sırada çəkilirdi. Eyni zamanda, ölkə mətbuatında korrupsiya ilə bağlı çoxlu faktlar vardı. Ümumiyyətlə, son illər Azərbaycanda korrupsiya açıq-açığına həyata keçirilirdi, heç kim bunu gizlətmirdi. Korrupsiya yolu ilə dövləti dağıdırdılar, xalqa çatacaq vəsaiti mənimsəyir, büdcəni talan edirdilər. Ölkədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin olmasına baxmayaraq, korrupsiyaya qarşı böyük mənada, fundamental mübarizə aparılmırdı. Azərbaycanda korrupsiyanın geniş şəkildə inkişaf etməsi və bütün dövlət hakimiyyəti orqanlarını, yəni məhkəmə və hüquq-mühafizə orqanlarını, parlamenti, icra orqanını bürüməsinin yeganə səbəbi ölkədə aşağı keyfiyyətli idarəetmənin olmasıdır. Qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdə, onun müəyyən qədər təşkilatı var idi. Lakin 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev və onun təfərdarlarının çox ciddi siyasi partiyası yox idi. Yeni Azərbaycan Partiyası da indiki kimi təşəkkül tapmamışdı, sayları çox az idi və kadrları da yox idi. Buna görə də Heydər Əliyev Xalq Cəbhəsinə müraciət etdi ki, hamı öz vəzifəsində qalsın. Onlar isə bununla razılaşmadılar. Ən böyük səhvlərdən biri məhz bu, oldu. Halbuki Azərbaycan Xalq Cəbhəsi Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdıqdan sonra onun kadrlarının böyük əksəriyyətini hakimiyyətdə saxlamışdı. Amma Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun təklifinə baxmayaraq, Xalq Cəbhəsinin hakimiyyətdə təmsil olunan nümayəndələrinin böyük əksəriyyəti vəzifələrini tərk etdilər. Bununla da Heydər Əliyev fakt qarşısında qaldı, çünki bitkin bir partiyası yox, hakimiyyəti idarə etmək üçün lazım olan kadr və prinsipləri yox. Təbii ki, bu vaxt qaçılmaz olaraq, iki prinsip – yerliçilik, tanışçılıq, qohumluq və Heydər Əliyevə sədaqət prinsipi əsas götürüldü. Heydər Əliyevə sədaqət prinsipinə əsasən, hakimiyyətə vaxtilə onunla işləmiş Kommunist Partiyasının nümayəndələri və onların övladları gətirildi. Əgər diqqətlə fikir versəniz görərsiniz ki, Heydər Əliyevin dövründə keçmiş Kommunist Partiyasının katibləri, eləcə də onların övladları hakimiyyətə gətirilib. Bir də mənşəcə Naxçıvan və Qərbi Azərbaycandan olan tamamilə yeni adamlar kütləvi şəkildə hakimiyyətə gətirildi. Nəticədə müəyyən siyasi biliyi, siyasi əqidəsi olmayan adamlardan ibarət hakimiyyət formalaşdı. Bundan sonrakı dönəmlərdə isə Azərbaycanda proseslər heç də demokratik istiqamətdə getmədi, Yeni Azərbaycan Partiyası siyasi partiya kimi formalaşa bilmədi, təsərrüfat partiyasına keçdi. Yəni kim hakimiyyətdədirsə bu partiyanın üzvüdür, kim hakimiyyətdən getdisə partiyanın üzvü deyil. Yaxud da Kommunist Partiyasında olduğu kimi, adamlar nəsə əldə etmək üçün Yeni Azərbaycan Partiyasına qoşulur. Yəni faktiki olaraq Yeni Azərbaycan Partiyası Kommunist Partiyasının bütün dəyərlərini, idarəetmə prinsiplərini mənimsədi. Beləliklə, iqtidarın tərkibində böyük sürətlə müxtəlif oliqarxlar meydana gəlməyə başladı. Xüsusən bu oliqarxların meydana gəlməsi İlham Əliyevin hakimiyyətə gəlişiylə özünün zirvəsinə çatdı. Bununla da, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikası olsa da, ölkədə faktiki olaraq oliqarxik hakimiyyət yarandı. Yəni dövlət bir neçə oliqarx tərəfindən idarə olunmağa başladı. Onlar icra hakimiyyətini, məhkəmə hakimiyyətini, parlamenti öz aralarında böldülər. Onlar bir-birinin işinə qarışmamaq şərtiylə, korrupsiya yolu ilə dövlət büdcəsini, xalqa aid olan vəsaiti, torpaqdan tutmuş neftə, qaza, tarixi abidələrə qədər hər şeyi talan etməyə başladılar. Bununla da Azərbaycanda qeyri-şəkildə yüzlərlə milyarder, minlərlə milyonçu meydana çıxdı. Əgər o pullar oğurlanmasaydı, o zaman bu gün biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri olardıq, xalqımız isə ən yüksək həyat səviyyəsinə malik olardı. Bu gün ölkədəki cəhalət, nadanlıq, savadsızlıq, əxlaqsızlıq və digər fəsadlar korrupsiyanın nəticələridir. Belə ki, elmin, mədəniyyətin inkişafına sərf edilməli pullar ayrı-ayrı oliqarxlar tərəfindən mənimsənilib xarici ölkələrə daşındı. Bununla da neftdən gələn gəlirlərin çox az bir hissəsi – 5-6 faizi Azərbaycanda zahiri cah-cəlalın yaradılmasına, hündür binaların, körpülərin tikilməsinə, yolların salınmasına sərf olundu. Lakin Azərbaycanda fundamental olaraq, dövlətin və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində heç bir iş aparılmadı.

“Belə bir vəziyyətdə artıq Azərbaycan dövlətinin mövcudluğu təhdid altına düşür”

– Necə düşünürsünüz, insan hüquq və azadlıqlarının pozulmasını da korrupsiyanı müşayiət edən səbəb kimi xarakterizə etmək olarmı?

– Təbii ki, bu da korrupsiyanın yaranmasına və yayılmasına gətirib çıxaran səbəblərdəndir.  Belə ki, Azərbaycanda ardıcıl olaraq siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması, müxalif mətbuatın sıradan çıxarılması, eləcə də qeyri-hökumət təşkilatlarına böyük zərbənin vurulması faktiki olaraq, ölkədə əlverişli korrupsiya mühiti formalaşdırdı. Belə bir vəziyyətdə artıq Azərbaycan dövlətinin mövcudluğu təhdid altına düşür. Yəni, neftdən gələn gəlir azalıb, xarici borc astronomik rəqəmlərə çatıb. Faktiki olaraq, dövlət bu problemlərin öhdəsindən gəlmək imkanına malik deyil. Bu baxımdan, ən azı bəzi oliqarxların sıradan çıxarılması, korrupsiyanın həcminin nisbətən azaldılması, dövlət büdcəsinin dağıdılmasının qarşısının alınması zərurəti meydana çıxır. Bundan sonra da korrupsiya davam edəcəyi təqdirdə, artıq korrupsionerlərin, oliqarxların özlərinin həyatı təhlükə altındadır.

“Korrupsiyaya qarşı mübarizənin yarımçıq və ya birtərəfli aparılmasının əleyhinəyəm, bunu ziyanlı hesab edirəm”

– Bildiyiniz kimi, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bu zaman nazir müavini Rafiq Bayramovla yanaşı, bir sıra məsul şəxsin saxlanıldığı deyilir. Sizcə, Əbülfəs Qarayevin Mədəniyyət Nazirliyində yaşananlardan, tabeçiliyində çalışan şəxslərin qanunazidd əməllərindən xəbərsiz olması inandırıcı görünür?

– Düşünürəm ki, artıq korrupsiyaya qarşı mübarizə prosesi başlayıb və hələlik ilkin addımlar atılıb. Təbii ki, Azərbaycanda yalnız həbs olunan icra başçıları, Mədəniyyət Nazirliyinin yetkili şəxsləri korrupsiya ilə məşğul olmur. Əgər araşdırmalar aparılsa, onda Polad Bülbüloğlundan üzü bu yana Mədəniyyət Nazirliyində nəhəng korrupsiya əməllərinə yol verildiyi aydın olar. Belə ki, onlar Azərbaycan muzeylərindəki qiymətli əşyaları xaricə satıb, onların saxta versiyalarını isə bizim muzeylərdə yerləşdiriblər. Polad Bülbüloğlunun vaxtında Şəki Tarix-Diyarşünaslıq Muzeyinin dəyəri bir neçə milyon dollar olan 190-dan artıq eksponatı xaricdə sərgi adı ilə aparılıb və geri qaytarılmayıb. Bundan başqa, muzeylərimizdə elə orijinal sənət əsərləri vardı ki, onların dünya bazarında qiyməti 90-100 milyon idi. Polad Bülbüloğlunun vaxtında onların hamısını aparıb xaricdə satdılar. Bu gün də həmin proses davam edir. Azərbaycan mədəniyyətinin bugünkü vəziyyətə düşməsinin bir nömrəli günahkarı Mədəniyyət Nazirliyidir. Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin bir neçə məsul işçisi tutulub, lakin Əbülfəs Qarayevdən haqq-hesab soran yoxdur. O hara baxırdı ki, nazirlikdə bu cür oyunlardan çıxıblar? Nə üçün Əbülfəs Qarayev haqqında cinayət işi qaldırılmır, həbs olunmur? Və ya Polad Bülbüloğlu nəyə görə cinayət məsulliyyətinə cəlb olunmur? Tutaq ki, Əbülfəs Qarayev nazir kimi Mədəniyyət Nazirliyindəki korrupsiyada iştirak etmir, lakin faktiki olaraq rəhbərlik etdiyi sahəyə nəzarət edə bilmir. Yəni qeyd olunan cinayətlər nəzarətsizlik şəraitində baş alıb gedib. Bu halda, o nazir kimi rəhbərlik etdiyi sahəyə nəzarət edə bilmədiyinə görə cəzalandırılmalıdır. Ya da onun da bu işdə payı var. Əminəm ki, Mədəniyyət Nazirliyində baş verən korrupsiyada Əbülfəs Qarayevin də payı var. Ona görə də korrupsiyaya qarşı mübarizənin yarımçıq və ya birtərəfli aparılmasının əleyhinəyəm. Bunu ziyanlı hesab edirəm.

“Bu zaman əhali arasında belə bir fikir yaranır ki, başladılan proses bir klanın başqa bir klana qarşı mübarizəsidir”

– Sərdar bəy, sizcə, rüşvət və korrupsiya yalnız həbs olunan icra başçılarının rəhbərlik etdikləri rayonlarda möcvuddur? Başladılan proses, yəni korrupsiyaya qarşı mübarizə əhatə dairəsini genişləndirə bilər?

– Qeyd edim ki, korrupsiyaya qarşı mübarizə nə qədər müsbət bir addım olsa da, bəzi məqamlar bizi düşündürür. Məsələn, Azərbaycanda demək olar ki, bütün icra başçıları koronavirusla bağlı ayrılan yardımları, sosial yardımları mənimsəyir, o cümlədən digər vəzifə cinayətləri edib. Bir neçə il öncə Quba və İsmayıllıda xalqın ayaqlanması, baş verən üsyanlar bunu sübut edir. Bu halda sual yaranır: Nədən bütün icra başçılarının fəaliyyəti yoxlanılmır? Bu zaman əhali arasında belə bir fikir yaranır ki, başladılan proses bir klanın başqa bir klana qarşı mübarizəsidir. Ona görə də hesab edirəm ki, vəzifəsindən sui-istifadə edən, korrupsiyaya bulaşan məmurları həbs etməklə yanaşı, onların malik olduqları sərvətin mənbəyini də müəyyənləşdirmək lazımdır. Onlardan soruşmaq lazımdır ki, bu qədər vəsaiti necə, hansı yolla və kimlərin vasitəsiylə əldə edib. Çünki məmurların əksəriyyətinin azı 5-6 villası var ki, onların da hər birinin qiyməti 10-15 milyon manat civarındadır. Bundan başqa, bahalı avtomobilləri, həm ölkə daxilində, həm də xaricdəki banklarda hesabları, biznes obyektləri, xaricdə mülkləri var. Odur ki, yalnız 4-5 rayonla kifayətlənmək olmaz, ayrıseçkilik etmədən bütün icra başçılarının, eləcə də digər məmurların fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır.

“Hesab edirəm ki, Azərbaycan hökuməti restitutsiya siyasəti həyata keçirməlidir, lakin hələlik biz bunu görmürük”

– Bu günədək həbs olunan rayon icra başçılarının, həmçinin Mədəniyyət Nazirliyinin yetkili şəxslərinin qeyri-qanuni yollarla mənimsədikləri vəsaitlərin, əmlakların taleyi ilə bağlı nə düşünürsünüz?

– Sözsüz ki, onların korrupsiya yolu ilə əldə etdikləri bütün vəsaitlər, əmlaklar, bir sözlə, oğurlanmış kapital birmənalı şəkildə dövlət büdcəsinə qaytarılmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti restitutsiya siyasəti həyata keçirməlidir, lakin hələlik biz bunu görmürük. Bu gün elə məmurlar var ki, onlar həbs edilənlərdən daha korrupsionerdir. Məgər, Mərkəzi Bankda, Təhsil Nazirliyində, Səhiyyə Nazirliyində və digərlərində yoxlama aparılsa, onlarda korrupsiya az olacaq?! Əgər korrupsiyaya qarşı mübarizə aparırıqsa, onda bütün sistem korrupsiya testindən keçməlidir. Hüquq-mühafizə orqanları, məhkəmələr, deputatlar və digərləri belə bir testdən keçirilməlidir. Bildiyiniz kimi, Milli Məclisin üzvləri deputat fəaliyyətindən kənar işlərlə məşğul olmamalıdır. Lakin buna baxmayaraq, onların böyük əksəriyyətinin biznesi var, özü də korrupsiya yolu ilə əldə edilib. Onların hamısı mühakimə olunmalıdır. Əks halda, başladılan proses gözlənilən effekti verməyə bilər. Yəni fundamental dəyişiklik olmayacaq.

“Nə üçün korrupsioner icra başçılarının övladları, qardaşları, yaxın adamları mütləq ya prokurorluqda, ya məhkəmələrdə, ya da polis sistemində yüksək postlarda çalışmalıdır?”

– Müxalifət düşərgəsinin hökumətin korrupsiyaya qarşı apardığı mübarizəyə, son həbslərə reaksiyası sizi qane edirmi? Sizcə, bu məsələdə müxalifət nə kimi addımlar atmalıdır?

– Hesab edirəm ki, müxalifətin tutduğu mövqedən də çox şey asılıdır. Əgər Azərbaycanda siyasi dialoq, korrupsiyaya qarşı mübarizənin inkişaf etməsini istəyiriksə, onda biz İlham Əliyevi dəstəkləməliyik. İlham Əliyev özündən aşağı bütün məmurlara qarşı mübarizəni davam etdirməlidir. Çünki korrupsiyaya qarşı mübarizə yalnız korrupsionerlərə qarşı mübarizə olamamalıdır. Bu, həm də korrupsiya şəraitinə qarşı mübarizə olmalıdır. Korrupsiyaya rəvac verən şəraitin aradan qaldırılması üçün idarəetmə sistemi dəyişdirilməlidir. Bu gün bir sıra suallar var ki, onların cavabı çox şeydən xəbər verir. Məsələn, nə üçün korrupsioner icra başçılarının övladları, qardaşları, yaxın adamları mütləq ya prokurorluqda, ya məhkəmələrdə, ya da polis sistemində yüksək postlarda çalışmalıdır? Bildiyimiz kimi, hüquq-mühafizə orqanları korrupsiyaya qarşı mübarizə aparmalıdır. Amma korrupsionerlərin yaxın adamları hüquq-mühafizə orqanlarında yüksək rütbəli vəzifələrdə olduğuna görə, onlar korrupsionerləri qoruyurlar. Odur ki, İlham Əliyev doğrudan da korrupsiyaya qarşı səmimi şəkildə mübarizə aparırsa, onda xalqa müraciət etməli və bu mübarizədə xalqın dəstəyini qazanmalıdır. Eyni zamanda, mətbuata, siyasi partiyalara müraciət etməlidir ki, kim korrupsiyaya qarşı mübarizədə maraqlıdırsa, mənim yanımda olsun. Məhz bu halda ölkədə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə təşkil etmək olar və bu problem tezliklə aradan qalxaq. Lakin siyasi partiyaların, mətbuatın korrupsioner məmurlar haqda yazılarına, bəyanatlarına əhəmiyyət verilmirsə, təbii ki, belə bir şəraitdə korrupsiya inkişaf edəcək, çiçəklənəcək. Əlinin papağını Vəlinin başğına qoymaqla, korrupsiyaya qarşı mübarizə aparmaq olmaz! Bu zaman sadəcə, korrupsionerlər dəyişiləcək, korrupsiyaya rəvac verən şərait isə olduğu kimi qalacaq. Bu isə dövlətin daha da zəifləməsinə gətirib çıxaracaq. Ona görə də korrupsionerlərə qarşı mübarizə nə qədər vacibdirsə, korrupsiya şəraitinin aradan qaldırılması da bir o qədər önəmlidir. Əgər adamlar bilsələr ki, vəzifədə 15-20 il qalmayacaq, normal vaxtında yerinə başqası gələcək, o zaman ölkədə korrupsiya bu qədər geniş vüsət almaz. Çünki biləcək ki, yeni gələn ilk iş kimi onun fəaliyyətini araşdıracaq. Lakin bu gün icra başçıları, nazirlər və digər məmurlar 20-30 il vəzifədə qalır, bu illər ərzində isə büdcəni talan etməklə, korrupsiya yolu ilə sərvətinə sərvət qatır. Odur ki, bu oliqarx, tayfa sistemi dağıdılmalıdır. Azərbaycanda uzun illərdir kriminal, yəni cinayətkarlıqla məşğul olan hakimiyyət var. Ona görə də korrupsiyaya qarşı mübarizə aparmaq istəyiriksə, mütləq dövlətdə şəffaflıq və nəzarət, siyasi plüralizm olmalı, konstitusiya və qanunlar işləməlidir. Knstitusiyada yazılıb ki, hakimiyyətdə qohumluq əlaqələrinə görə təmsil olunmaq olmaz. Ancaq buna baxmayaraq, demək olar ki, bütün dövlət hakimiyyətində qohumluq prinsipi ilə təmsil olunmalara rast gəlinir. Məsələn, bir deputatın oğlu Prezident Administrasiyasında, digərinin oğlu Nazirlər Kabinetində, başqasının övladı isə digər yüksək vəzifədədir. Korrupsiya ilə məşğul olan adamlar onları dövlət hakimiyyətində yerləşdirir. Bununla da faktiki olaraq, Azərbaycanda korrupsionerlərlə korrupsiya ilə mübarizə edənlər ailə şəklində birləşib, çox rahat, xalqın gözü qarşısında utanmadan talanlarını davam edirlər. Mən dinc, demokratik mübarizənin, cəmiyyəti islahatlarla dəyişməyin tərəfdarıyam. Rəhbər götürdüyüm bir neçə siyasi lider var ki, onlardan biri də Mahatma Qandidir. O deyirdi ki, cəmiyyətdə ən kiçik dəyişilmələr belə, cəmiyyətin xeyrinədir. Bu gün bir çoxları deyir ki, nə olsun 3-4 icra başçısı tutulub, İlham Əliyev başda olmaqla hamısı getməlidir. Bu, ya hər şey, ya heç nə prinsipi, yəni inliqabi prinsipdir. Halbuki hazırda Azərbaycanda inqilabi situasiya yoxdur. Bundan başqa, inqilab Azərbaycan xalqının xeyrinə deyil. Eyni zamanda, xarici qüvvələr Azərbaycanda hər hansı inqilabi proseslərə dəstək verməz. Çünki bu, dünya nizamını təhdid edir. Ona görə də bizim kimi dinc, demokratik, islahatlar yolu ilə dəyişilmələrin tərəfdarları daha çox qabağa çıxmalıdır. Mahatma Qandi deyirdi ki, ən kiçik dəyişilmələri belə, nailiyyət adlandırmaq lazımdır. Məhz bu səbəbdən də korrupsiya ilə bağlı 3-4 icra başçısı ifşa olunubsa, mən bunu böyük nailiyyət hesab edirəm, baxmayaraq ki, korrupsiya sistemi özü qalır. Lakin kiçik nailiyyətləri dəyərləndirməsək, onlar inkişaf edib böyük nailiyyətlərə çevrilə bilməz.

“İcra başçılarla yanaşı, onların təqdimatını verənlər də qanun qarşısında cavab verməlidir”

– Uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş Kamran Əliyevin baş prokuror vəzifəsinə təyin olunmasından sonra ölkədə korrupsiyaya qarşı daha ciddi şəkildə mübarizə aparılacağını güman etmək olar?

– Qeyd edim ki, ölkədə korrupsiyaya qarşı ən az mübarizə aparan elə prokurorluq orqanları olub. Çünki keçmiş baş prokurorun özü ən böyük korrupsionerin biri idi. Onun biznesi, xaricdəki sərvəti ilə bağlı çoxsaylı malumatlar yayımlanıb. Eyni zamanda, ölkədəki prokurorların əksəriyyətinin korrupsiya ilə məşğul olmasına dair minlərlə faktlar var. Ola bilər, Kamran Əliyev elə bir vəziyyətdə olub ki, bunlarla mübarizə apara bilməyib. Ola bilsin ki, indi əlverişli şərait var və o, korrupsiyaya qarşı mübarizə aparacaq. Bunu indidən dəqiq demək doğru olmazdı. Gözləyək, görək nələr baş verir. Hər halda yeni baş prokuror fəaliyyəti ilə özü hər şeyə aydınlıq gətirəcək.

– Sərdar bəy, necə düşünürsünüz, həbs edilən icra başçılarının təqdimatını verən şəxslər barəsində də ölçü götürüləcək?

– Həmin adamlar oliqarxlar, nazirlər, dövlətin daha yüksək postlarında çalışan siyasi rəhbərlərdir. Hakimləri, prokurorları, icra başçılarını, eyni zamanda bu və digər şəxsi general vəzifəsinə də onlar təqdim edirlər. Azərbaycanda fəxri adlardan tutmuş hərbi vəzifələrə qədər hər şeyi oliqarxlar müəyyən edir, İlham Əliyev isə sadəcə olaraq imza atır. Ona görə də artıq ölkədə oliqarxik idarəetməni dağıtmalıyıq. Bunun üçün də həbs növbəsi mütləq həmin oliqarxlara gəlib çatmalıdır. Yəni icra başçılarla yanaşı, onların təqdimatını verənlər də qanun qarşısında cavab verməlidirlər. Həmin icra başçıları ona görə uzun müddət korrupsiya ilə məşğul ola biliblər ki, korrupsiya yolu ilə əldə etdiklərinin bir hissəsini onların həmin vəzifəyə təyin olunmasına şərait yaradan oliqarxlara veriblər. Bir sözlə, oliqarx bu və digər vəzifəyə təyin olunmasına yardımçı olduğu hər kəsdən aylıq faizini alır. Ona görə də korrupsiyaya qarşı mübarizəni sistemli şəkildə bütün korrupsionerlərə və onların himayədarlarına qarşı aparmaq lazımdır.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93