Korrupsiyaya qarşı mübarizə Komissiyasının fəaliyyətini zəruri edən səbəblər…

9

Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Sentyabrın 15-də komissiyanın yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev komissiyanın sədri seçilib.

S.Nuriyev çıxış edərək bildirib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir”.

 

Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib | Report.az

 

Samir Nuriyev

Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, planın layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Bundan əlavə, iclasda komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq olunub.

Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən  yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

Komissiyanın 15 üzvündən 5-i Prezident, 5-i Milli Məclis,  5-i isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyanın səlahiyyətləri isə 2005-ci ildə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Əsasnaməyə görə, komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurmalı, korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Prezidenti, Milli Məclisi və Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırmalıdır.

Komissiyanın həyata keçirdiyi əsas vəzifələr:

–           korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;

–           korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;

–           Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək;

–           maliyyə xarakterli məlumatları qəbul etmək;

–           maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;

–           korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək;

–           korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etməkdir.

Bu vəzifələri yerinə yetirmək üçün komissiyaya geniş hüquqlar verilib. Bunların arasında korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələrin hazırlanması, onların həyata keçirilməsi üçün tədbirlərin görülməsi; korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlərin görülməsi; qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlərlə əməkdaşlıq etmək və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb etmək; daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirmək, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə etmək və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Baş Prokurorluğa göndərmək; korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərmək hüquqlar da var.

Əsasnaməyə görə, komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilməlidir.

Nəzərə çatdıraq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi olduğu halda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətinə ehtiyac olub-olmaması ilə bağlı ara-sıra müzakirələr açılır. Komissiyanın yaradılması hansı zərurətdən irəli gəlib və onun indiyə qədərki fəaliyyəti nə qədər səmərəli olub?

Əliməmməd Nuriyev: “Bütün korrupsiya sxemləri oxşardır”

Əliməmməd Nuriyev: “Cəmiyyətin korrupsiyaya qarşı mübarizənin daha sürətlə aparılması, daha kəskin addımların atılması kimi gözləntiləri var”

Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Əliməmməd Nuriyevin fikrincə, komissiyanın yaradılmasına zərurət vardı: “Belə qurumlar dünyanın bir çox ölkələrində formalaşdırılıb. İndiki şəraitdə onun fəaliyyətində səmərəliliyin artırılmasına ciddi ehtiyac var. Dünyada bu qurumlar korrupsiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən, həmçinin bu mübarizə üzrə siyasəti müəyyənləşdirən, zərurət yarandıqda bilavasitə korrupsiya hüquqpozmalarına qarşı mübarizə tədbirlərini icra edən orqan kimi çıxış edir. Azərbaycanda da komissiya məhz bu məqsədlə yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət planlarının icrasını həyata keçirmək, vəzifəli şəxslərdən maliyyə xarakterli bəyannamələri qəbul etmək, onlar üzərində nəzarət də komissiyanın səlahiyyətindədir”.

Təşkilat rəhbəri bildirir ki, komissiyanın indiyə qədərki fəaliyyəti dövründə bir sıra mühüm işlər görülüb, korrupsiyaya qarşı mübarizəyə dair 5 dövlət proqramı qəbul və icra olunub: “Lakin vətəndaş cəmiyyətinin, bütövlükdə cəmiyyətin korrupsiyaya qarşı mübarizənin daha sürətlə aparılması, daha kəskin addımların atılması kimi gözləntiləri var. Buna görə də bəzən komissiyaya ehtiyac olmadığına dair fikirlər yaranır. Lakin düşünürəm ki, komissiyanın fəaliyyəti daha təkmil və səmərəli formada davam etdirilməlidir. Fəaliyyət cənab Prezidentin müəyyənləşdirdiyi yeni çağırışlara uyğunlaşdırılmalı, yeni vəzifə və tədbirlər qarşıya qoyulmalıdır. Komissiyanın yeni sədri Samir Nuriyevin ilk iclasdakı çıxışından aydın olur ki, yeniliklər olacaq. O, korrupsiyaya qarşı mübarizənin sistemli, kompleks və innovativ xarakter daşımalı olduğunu bildirdi. Bu o deməkdir ki, korrupsiyaya qarşı mübarizədə innovativ üsullardan istifadə olunacaq ki, hazırda buna çox ciddi ehtiyac var”.

Ə.Nuriyev komissiyanın ilk iclasında korrupsiyaya qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planının işlənməsi məsələsinin gündəmə gətirilməsini də müsbət amil kimi qiymətləndirir: “Bundan əlavə, iclasda ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Bu, çox mühüm məsələdir. Cənab Prezident dəfələrlə vurğulayıb ki, dövlət qurumlarının fəaliyyəti üzərində ictimai nəzarət olmalıdır, bu nəzarət imkanları genişləndirilməlidir. Bu baxımdan, korrupsiyaya qarşı mübarizəyə nəzarət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının fəaliyyət imkanları genişləndirilməli, onlara həm dövlət, həm də özəl sektorun dəstəyi təmin olunmalıdır. Düşünürəm ki, bu sahədə dövlət-özəl sektor-vətəndaş cəmiyyəti üçbucağının birgə fəaliyyəti nəticəsində korrupsiyaya qarşı mübarizədə daha effektiv nəticə əldə edə biləcəyik. İstənilən ölkədə korrupsiyaya qarşı mübarizə o zaman səmərəli olur ki, bu üçbucağın bütün tərəfləri arasında sıx əlaqə olur. Biz bu əlaqəni təmin etməklə Azərbaycanın korrupsiya səviyyəsinə dair beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına da nail ola bilərik. Bu baxımdan, komissiyanın tərkibində vətəndaş cəmiyyətinin nümayəndələrini də görmək istərdik. Ümid edirəm ki, belə təmsilçilik təmin olunacaq. Eyni zamanda komissiyanın iclasları daha müntəzəm keçiriləcək, vətəndaş cəmiyyətinin də orada iştirakı təmin olunacaq”.

https://hurriyyet.org/wp-content/uploads/2020/04/mrv.jpg

Mirvari Qəhrəmanlı: “Komissiyanın fəaliyyətində radikal dəyişiklik olmalı, səmərəlilik və vətəndaş cəmiyyəti ilə aktiv əməkdaşlıq bərpa edilməlidir”

Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının sədri Mirvari Qəhrəmanlı bildirir ki, 2014-cü ilədək Korrupsiyaya qarşı mübarizə Komissiyası vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edirdi: “Hesabatlar açıqlanır, QHT-lər bu tədbirlərə dəvət olunurdu. Amma 2014-cü ildən sonra bu əməkdaşlıq tam dayandırıldı. Son illərdə isə komissiyanın fəaliyyəti demək olar ki, tamamən dayandırılıb. Korrupsiyaya qarşı mübarizə kimi geniş əhali kütləsinin diqqətində olan bir sahədə çalışan komissiyanın fəaliyyətini heç kim görmürsə, onun mövcudluğu heç bir əhəmiyyət kəsb etmir. Son vaxtlar həyata keçirilən həbslər göstərir ki, ölkədə korrupsiyanın səviyyəsi artır. Bu, komissiyanın fəaliyyətinin formal xarakter daşıdığını göstərir”.

Xanım hüquq-müdafiəçisi hesab edir ki, komissiyanın fəaliyyətində radikal dəyişiklik olmalı, səmərəlilik və vətəndaş cəmiyyəti ilə aktiv əməkdaşlıq bərpa edilməlidir: “Faktiki olaraq, bu gün biz komissiyanın fəaliyyətinin təkmilləşdirilməsindən deyil, fəaliyyətə başlamasından danışmalıyıq. Yəni bu qurum fəaliyyətə başlamalıdır. Onun tərkibində vətəndaş cəmiyyətinin iştirakı təmin olunmalıdır. Əslində komissiyanın tərkibində təmsilçilik forması tamamən dəyişməlidir. Əks halda, onun mövcudluğu heç nəyi dəyişməyəcək, fəaliyyətindən isə korrupsiyaya qarşı mübarizə sahəsində hansısa səmərə əldə olunmayacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”