Salam, xoş gəlmisiniz.

“Kreml istər İtaliya, istərsə də bütün Avropada öz nüfuzunu artırmağa çalışır” - ŞAHİN CƏFƏRLİ

2020-03-26 14:06:00

“Kreml istər İtaliya, istərsə də bütün Avropada öz nüfuzunu artırmağa çalışır” - ŞAHİN CƏFƏRLİ

“İtaliyada Rusiya ilə yaxınlaşmaq tərəfdarı olan partiyaların mövqeləri çox güclüdür”

“İtaliyanın La Stampa qəzeti yazır ki, Rusiyanın göndərdiyi yardımların 80 faizi virusla mübarizədə ehtiyac olmayan şeylərdir. Aydındır ki, Moskvanın bu addımı propaqanda xarakterli və siyasi məqsədli aksiya idi”. Hurriyyet.org xəbər verir ki, bu  sözlər politoloq Şahin Cəfərliyə məxsusdur.

Ş.Cəfərlinin fikrincə, Kreml İtaliyanın çarəsizliyindən və Avropa Birliyi daxilində koronavirusla mübarizə ilə bağlı yaranmış çaşqınlıq və dezorqanizasiyadan yararlanaraq istər İtaliya, istərsə də bütün Avropada öz nüfuzunu artırmağa çalışır: “Məqsəd budur ki, Qərb sisteminin və ənənəvi institutlarının böyük fəlakət qarşısında ilk anlardakı acizliyinin fonunda Putin Rusiyasının nə qədər nizamlı, hazırlıqlı, mütəşəkkil hərəkət etdiyi və başqa xalqlara da yardım edəcək səviyyədə qüdrətə, humanizmə sahib olduğu bütün dünyaya nümayiş etdirilsin. Eyni zamanda Moskva çalışır ki, İtaliya toplumunda Rusiyaya olan simpatiyanı daha da artıraraq AB çərçivəsində qəbul olunmuş sanksiyaların ləğvi yönündə bu ölkədə səslənən tələblərin və italyan hökumətlərinin bu istiqamətdə AB daxilindəki lobbi fəaliyyətinin dozası daha da yüksəlsin. Sanksiyaları ləğv etmək mümkün olmasa belə, həm İtaliya ilə Brüssel arasındakı narazılıqlar körüklənsin, həm də italyanlar arasında avroskeptisizm daha da güclənsin”.

Cəfərli hesab edir ki, Rusiya ordusuna məxsus hərbi avtomobil karvanının NATO / ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin yollarında sərbəst hərəkətinin təbliğati effekti də Moskva üçün önəmlidir.

“Avropadakı, hətta ABŞ-dakı bütün antisistem qüvvələri Putin Rusiyasını alternativ qütb kimi görürlər”

Ş Cəfərlinin sözlərinə görə, İtaliyada Rusiya ilə yaxınlaşmaq tərəfdarı olan partiyaların mövqeləri çox güclüdür: “Bu baxımdan, hazırda hökumətdə təmsil olunan populist “Beş Ulduz Hərəkatı”nı və son vaxtlara qədər bu partiya ilə koalisiya ortağı olan millətçi Liqa Partiyasını qeyd etmək lazımdır. Liqa şimal vilayətlərinin İtaliyadan ayrılaraq paytaxtı Milan olan Padaniya adlı müstəqil dövlət qurmasını hədəfləyən siyasi partiya kimi yaradılıb. Sonradan separatizm mövqeyini arxa plana keçirsə də, Liqa AB ilə dərin inteqrasiyanın və avrozonada təmsil olunmağın əleyhdarıdır. Bu partiyanın əlində olan bələdiyyələr Krımı Rusiya ərazisi kimi tanıyıb. “5 Ulduz” bu qədər radikal olmasa da, onlar da AB-yə isti baxmayan siyasi qüvvədir. Ümumən Avropadakı, hətta ABŞ-dakı bütün antisistem qüvvələri - millətçi və populist partiyalar, qruplar, fərdlər Putin Rusiyasını alternativ qütb kimi görürlər”.

Cəfərli onu da qeyd edib ki, koronavirus Rusiya ərazisində də geniş yayılıb və dünənə qədər bunu etiraf etməyən, özünü sındırmayan Kreml dünəndən bəri ciddi tədbirlər görməyə məcbur olub.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93