Krım tatarı Ukrayna XİN başçısının birinci müavini təyin edildi

2
Krım tatarı Əminə Caparova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edilib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Facebook”da bildirib.
“Komanda güclü bir oyunçu ilə tamamlandı. Əminə Caparova xalq diplomatiyası, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım məsələləri ilə məşğul olacaq. Ancaq birinci müavin olaraq əlbəttə ki, onun vəzifələri daha çox olacaq”, – deyə Ukrayna XİN başçısı qeyd edib.
Nazir vurğulayıb ki, Ə. Caparova Ukraynanın xarici siyasətində Krım tatarlarının əsas təmsilçisi olacaq.
Qeyd edək ki, Krım tatarı Ə. Caparova ukraynalı fəal və jurnalistdir. O, 2015-2019-cu illərdə İnformasiya Siyasəti Nazirliyində, habelə 2011–2015-ci illərdə Krım Tatar televiziya kanalı olan “ATR”-də və “Azadlıq” radiosunda çalışıb.