Salam, xoş gəlmisiniz.

Kuklaların rəqsi

2020-01-14 14:57:00

Kuklaların rəqsi

Təsadüfi deyil ki, bu gün respublikamızda fəaliyyət göstərən beş kukla teatrlarından biri də Qaxda fəaliyyət göstərir. Teatrın tarixinə nəzər salarkən görürük ki, bu teatr 1971-ci ildə Qax rayon, Səməd Vurğun adına Mədəniyyət evində İsako Zeynalaşvilinin rəhbərliyi ilə dərnək olaraq fəaliyyətə başlayıb. 1976-cı ildə Xalq Kukla Teatrı kimi fəaliyyətini davam etdirib. 1992-ci ildən isə Dövlət Kukla Teatrı statusunu alıb. Bu gün mübağiləsiz olaraq qeyd etmək lazımdır ki, Qaxda fəaliyyət göstərən Dövlət Kukla teatrının kollektivi Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına və təbliğinə böyük əzimkarlıqla çalışır. Yarandığı gündən teatrın repertuarı hər zaman zənginləşdirilərək bir-birindən maraqlı, orjinal səhnə əsərləri tamaşaya hazırlanır. 1992-ci ildən bu günə kimi isə teatr 52 tamaşaya səhnə həyatı bəxş etməklə körpə fidanlarımızın rəğbətini qazanıb.

Bu gün Qax mədəniyyətinin tarixi barədə söhbət açarkən araşdırmaçı Mahir Əfəndinin fikirləri diqqəti cəlb edir: “Azərbaycan Xalq Cümhuriyyəti və ondan sonrakı Sovet hakimiyyəti illərində əhalinin istirahətinin təşkili məqsədi ilə kütləvi-siyasi, mədəni-maarif işlərinin müxtəlif formalarını daha geniş əhatə edən böyük klub müəssisələri-mədəniyyət evləri və saraylar təşkil olundu. Bu mədəniyyət müəssisələrində xalq yaradıcılığının bütün növləri xalq teatrı, orkestrlər, xereoqrafiya, mahnı və rəqs ansanbılları yaradılmağa başlanıldı. Respublikanın hər yerində olduğu kimi bu dövrdə Qaxda da mədəniyyət evləri və klubları həmkarlar təşkilatının yerli komitələri tərəfindən yaradılırdı. Kolxozlar yaradıldıqdan sonra isə mədəniyyət evlərinin yaradılması və ona vəsaitin ayrılması bilavasitə kolxozlara həvalə olunurdu. Fəaliyyət göstərən hər bir mədəniyyət evinin işinə seçkili ictimai idarə heyətləri və ya şuralarda gündəlik nəzarət edilirdi. 1930-cu illərin əvvəllərində İlisuda həvəskarlar tərəfindən ilk teatr tamaşaları göstərilməyə başlanıldı. Bucaq məhləli Yamil (Azər Axşamın babası) ilk dəfə qız rolunda çıxış etmiş və onun adı indi də “qız Yamil” kimi yad edilir. İlk tamaşaların əsas təşkilatçısı və rejissoru isə professor Yəhya Kərimovun əmisi  Şeytan uşağından ləqəbli Arif müəllim idi”.

Fəaliyyəti müddətində Qax Dövlət Kukla Teatrına Rahib Abdusalam oğlu Məmmədov (1992-1996), Osman Abdulla oğlu Abdullayev (1996-1997), Natiq Zahid oğlu Abbasov (1997-1998) və Nazim Davud oğlu Mahmudov (1998-ci ildən bu günədək) rəhbərlik ediblər. Həmçinin 1992-1996-cı illərdə  İsako Nikolayeviç Zeynalaşvili və 2006-cı ildən bu günədək isə Yusif  Fikrət  oğlu  Abdurahmanov rejissor olaraq fəaliyyət göstərirlər.  Eləcə də Nazim Davud oğlu Mahmudov Respublikanın əməkdar mədəniyyət işçisi və Yusif  Fikrət  oğlu  Abdurahmanov Respublikanın əməkdar artist fəxri adına layiq görülməklə bu taetrda çalışırlar.

Qeyd etmək lazımdır ki, Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudov 1963-cü ildə Qax rayonu İlisu kəndində anadan olub. 1981-1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunu bitirib. 1990-1998 ci illərdə İsmayıl Dağıstanlının xatirə ev muzeyinin direktoru vəzifəsində işləyib. 1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru kimi fəaliyyətini davam etdirir. 7 mart 2014-cü ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Respublikanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.

Teatrın baş rejissoru vəzifəsində fəaliyyət göstərən Yusif  Fikrət  oglu  Abdurahmanov isə 25 sentyabr 1968-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. 1975-1985-ci illərdə Almalı kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ildə Krupskaya adına Bakı Mədəni Maarif Texnikomunun “Kütləvi tədbirlər rejissoru” fakultəsinə qəbul olunub. 1986-1988-ci illərdə hərbi xidməti başa vurduqdan sonra, təhsilini davam etdirib. 1989-cu ildə texnikomu bitirdikdən sonra elə həmin ildən də Qax rayon Mədəniyyət evində fəaliyyət göstərən Xalq Kukla Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 2006-cı ildə Qax Dövlət Kukla Teatrına baş rejissor vəzifəsinə təyin olunub. Səmərəli fəaliyyəti nəzərə alınaraq 25 iyun 2013-cü ildə Respublika Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2013-cü ildə Respublika Mədəniyyət Nazirliyinin sifarişi ilə Gəncə Dövlət Kukla teatrına ezam olunaraq Osman Abdullayevin “Ag atlı oğlan” pyesinə səhnə quruluşu verib. Həmçinin 2014-cü ildə Bakı Dövlət Kukla Teatrına dəvət olunaraq Kəmalə Ağazadənin “Məlik Məmməd” pyesinə də səhnə quruluşu verib. 2018-ci ildə isə ölkə başçısının məlum sərəncamı ilə “Respublikanın Əməkdar artisti” fəxri adına və Prezident Mükafatına layiq görülüb.

Bu gün Qax Dövlət Kukla Teatrının repertuarında olan K. Ağayevanın “Məlik Məmməd”, A. Ağaqızının “Tənbəl Əhməd”, N. Kazımovun “Ələddinin sehirli çırağı”, T. Kərimovun “Quyruqsuz Ulağın sərgüzəştləri”, A. S. Puşkinin “Qızıl Balıq”, O.  Abdullayevin “Qoğal”, “Vəfalı dostlar”, “Nərbala”, “Diş əhvalatı”, Ü. Hacıbəylinin “O olmasın, bu olsun”, Rus xalq nağılı əsasında “Turp”, R. Əlizadənin “Tık-tıkxanım”, M. F. Axundzadənin “Hacı Qara”, A. Əlizadənin “Toya gecikən tülkü”, R. Kiplinqin “Başlı başına gəzən pişik”, “Mauqli”, Ə. Səmədlinin “Cırtdan”,  N. Gəncəvinin “Xeyir və Şər”, Ə. Əhmədovanın “Tikanlı yalanlar”, A. Lindqrenin “Karlson”, Rumın xalq nağılı əsasında “Günəş və qar adamlar” pyesləri maraqla baxılan səhnə quruluşlarındandır. Yeni mövsümdə isə Rus xalq nağılı əsasında “Turp” (rejissor Yusif Abdurahmanov), Xanımana Əlibəylinin “Dovşanın ad günü” (rejissor Yusf Abdurahmanov), Şarl Peronun “Yatmış gözəl” (rejissor Yusf Abdurahmanov), Pavel Morozovun “Yırtıcı dovşan” (rejissor Araz Mehrablı) pyeslərinin hazırlanması nəzərdə tutulur.

Qax Dövlət Kukla Teatrının səhnəsində Ş. və H. Latipovların “Kral və əks-səda” (2010-cu il, rej. İ. Zeynalaşvili), Ə. Orucun “Zınqrovlu pişik” (2011-ci il, rej. E. Rəhim-zadə), M. F. Axundzadənin “Hacı Qara” (2012-ci il, rej. Y. Abdurahmanov), “Molla Nəsrəddin” lətifələri (2012-ci il, rej. Y. Abdurahmanov), Ş. Peronun “Qırmızı papaq” (2014-cü il, rej. E. Rəhim-zadə) və R. Kiplinqin “Mauqli” (2019-cu il, rej. Y. Abdurahmanov) pyesləri səhnəyə Dövlət sifarişi ilə hazırlanıb.

Qax Dövlət Kukla Teatrı 1993-cü ildə Bakı şəhərində keçirilən “Mono tamaşalar” festivalinda Ə. Səmədlinin “Mənim kuklam” pyesi ilə çıxış edib. 2003-cü ildə K. Ağazadənin “Məlik Məmməd” pyesinin tamaşası ilə Bakı şəhərində keçirilən “Uşaq tamaşaları festivalı”da iştirak edərək priz və diploma layiq görülüb. 2005-ci ildə isə T. Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” pyesinin tamaşası ilə Türkiyənin İzmir şəhərində keçirilən “Kölgə və kukla tamaşaları” festivalında iştirak edərək qranpriyə layiq görülüblər. Bu teatrın səhnəsində 2009-cu ildə ilk dəfə olaraq kukla taetrları arasında klassikaya müraciət edilərək Ü. Hacıbəylinin “O olmasın bu olsun” operettasına səhnə quruluşu verilib. 2010-cu ildə A. S. Puşkinin “Balıqçı və balıq” nağılının motivləri əsasında O. Abdullayevin “Qızıl balıq” və rus xalq nağılının motivləri əsasında “Turp” (pantomim) pyeslərinin tamaşaları ilə Qax rayonunda keçirilən “II uşaq tamaşaları həftəsi” adlı festivalda iştirak edərək hər iki tamaşa festivalın ən yaxşı tamaşaları seçilib. 2010-cu ildə “Qoğal” rus xalq nağılının motivləri əsasında O. Abdullayevin qələmə aldığı “Qoğal” pyesinin mono tamaşası ilə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Teatr çamadanda” festivalında iştirak edərək diplomla təltif edilib. 2012-ci ildə Dövlət sifarişi ilə M. F. Axundzadənin “Hacı Qara” pyesinin tamaşası hazırlanaraq Mingəçevir şəhərində keçirilən  M. F. Axundzadənin yubileyi ilə əlaqədar festivalda iştirak edərək xüsusi priz və diploma layiq görülüblər. Yaradıcı kollektiv 2014-cü ildə “Turp” (pantomim) pyesinin tamaşası ilə Rusiyanın Astraxan şəhərində keçirilən Beynəlxalq Kukla Tamaşaları Festivalında iştirak edərək teatrın baş rejissoru Yusif  Abdurahmanov ən yüksək naminasiyada “Ən yaxşı rejissor” adına layiq görülərək xüsusi diplomla təltif olunub. 2016-cı ildə Ukraynanın İvano Frankovski şəhərinin 375 ili ilə əlaqədar keçirilən Teatr Festivalda “Turp” (pantomim) tamaşası ilə iştirak edərək hədiyyə və diploma layiq görülüblər.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında məlum sərəncamı ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Dövlət Kukla Teatrına 100 (yüz) min manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu tarixi sərəncamdan sonra teatrın yerləşdiyi inzibatı binanın iş və qrim otaqları əsaslı şəkildə təmir olunaraq  yeni mebel avadanlıqları ilə təchiz edilib. Bütün otaqların tavanları dəyişdirilərək divarları suvanıb və rənglənərək eləcə də taxta döşəmə vurulub. Qapılar yeniləri ilə əvəz edilib. Vahid mərkəzdən idarə olunan istilik sistemi quraşdırılıb. O cümlədən işıq sexi tamamilə yenidən qurularaq səhnə işıqları və səs sistemləri ən müasir avadanlıqlarla təchiz olunub.     

Anar Burcəliyev, teatrşünas

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru