Salam, xoş gəlmisiniz.

Əlillərə qarşı ayrı-seçkilik davam edir

2020-03-25 17:48:00

Əlillərə qarşı ayrı-seçkilik davam edir

BMT konvensiyası, yerli qanunvericilik əlillər barəsində ayrı-seçkiliyi qadağan etsə də, toplumsal, iqtisadi, siyasi, sosial yaşamın bütün sahələrində sözügedən kateqoriyadan olan insanların heç bir hüququ tanınmır. Son çağların koronavirus epidemiyası onsuz da “evdə qalan” əlilləri ac qoymaq təhlükəsində qoyub. Axı,  evdə qalmaqla yaşam üçün gərəkli qidalar qəbul edilməlidir ki, sağ qala biləsən. Aztəminatlı əlillərin göz dikdikləri aylıq 130-200 manat arası pul təminatı da Novruz bayramına kimi yeyilib, üstündən də su içilib, oda atılıb , yelə verilib və torpağa basdırılıb. Əlil müavinətinin , demək olar, hamısı kommunal xidmətlərin qarşılanmasına xərclənir. Özü də əlillərə tətbiq edilməsi qadağan edilməli olan limit bu insanları  çıxılmaz duruma salıb.  

Gerçəkdə əlillərə müəyyən ödənişsiz limit tətbiq edilməsinə baxılmalıdır.  Əlillərin sosial müdafiəsinə cavabdeh olan ƏƏSMN yanında DSMF-in sosial təminat xidmətçiləri isə dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəməklə məşğuldur. Sözügedən xidmətin əlillərin mənzil -məişət problemlərini alver predmetinə çevirmələri gündəmdə qalmaqda davam edir. ƏƏSMN, yanındakı DSMF əlillərin sosial müdafiəsi sahəsində tədbirlər görməkdənsə, dövlətin və onun başçısının  bu sahə ilə bağlı hüquqi aktlarını öz ciblərinə uyğunlaşdırıb,  müavinətləri yemək yolunu seçiblər.

Azərbaycan Respublikası Prezidentininin 26 dekabr 2001 -ci il tarixli 613 saylı “ Kommunal , nəqliyyat və digər   xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanı ilə Qarabağ əlilləri və onlara bərabər tutulanlara 2002-ci ildən ayrılan 26 manatlıq  ( digər əlillərə 4-6 manat ) , Prezidentin 29 dekabr 2000-ci  tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında “ Sərəncamı ilə Qarabağ və 20 Yanvar əlillərinə 2001-ci ildən  ayrılan 10-14 manatlıq aylıq müavinət nəinki bu 18-19 ildə indeksasiya olunub,  əksinə, yerli-dibli verilməyib. Hətta “Əmək pensiyaları haqqında” qanunun  19.1.4  maddəsinə əsasən 1-ci dərəcəli əlillərə qulluq üçün  pensiyalarına əlavə olunmalı olan cüzi 10-11 manatlıq aylıq əlavə də hesablanmayıb. Onu da vurğulayaq ki, 01.04.2019-cu il tarixində bu maddə ləğv olunub və aylıq 50 manata qaldırılmaqla 1-ci dərəcəli əlilə qulluq edənə Prezident təqaüdü kimi verilir. Sual doğur, bəs ötən ilin aprelinədək DSMF-in sosial təminat xidmətçilərinin yediyi “əlilə qulluq” pulu niyə ödənilmir?  Özü də Konstitusiyanın 149-cu maddəsinin VII bəndinə  görə, vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran qanunların geriyə qüvvəsi olduğundan, 1-ci dərəcəli əlillərə qulluq üçün verilməyən müavinətin aylıq  50 manat hesabı ilə ödənilməsi həyata keçirilməlidir. Gerçək isə budur ki , əlillər kommunal xidmət haqlarının “limit hücumu” qarşısında sosial müdafiədən,  qulluqdan, təminatdan, xidmətdən də məhrumdurlar. Bir yandan da bu sosial bəla -virus epidemiyası !

Əlillərin unudulması ƏƏSMN -dən,  yanındakı DSMF-dən qaynaqlanır. Fikir verin, Prezident sosial layihələrdən danışanda artıq müharibə əlillərinin adını çəkmir, yalnız şəhid ailələrinin mənzillə 2 il ərzində tam təmin olunacağını vurğulayır. Elə 2 il qabaq yenidən prezident səlahiyyətlərinin icrasına başlayanda ilk olaraq 03.05.2019 tarixli sərəncamı ilə şəhid ailələrinə sığorta ödənişi verilməsinin təmin edilməsini qərara aldı və. .. müharibə əlilləri hələ də yadına düşmür. Yadına salmalı olan ƏƏSMN yetkililəri isə, əksinə, vurğuladığımız kimi, əlillər üçün nəzərdə tutulan müavinətləri, mənzilləri də mənimsəyirlər. Təsəvvür edin,  Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən əlil -şəhid ailələri 2018 -ci ilə kimi mənzillə təmin olunmalı idilər. 2018-ci il başa çatdı və ... Prezidentin sözügedən sərəncamında 19 yanvar 2019 tarixli dəyişiklik edilərək mənzil təminatı 10 il geriyə -2028-ci ilə geri çəkildi. İndi isə Prezident bu il növbəyə duran şəxsin ən çoxu 2022-ci ildə mənzil yiyəsi olacağını deyir,  DSMF-in sosial təminat xidmətçiləri isə 2014-cü ilə kimi növbədə olanların 2028-də mənzil təminatı məsələsinə baxılacağını  yazmaqdan doymur. Hətta 4 il qabaq dövlətin adından çıxarılan məhkəmə qərarının da 12 il sonra 2028-ci ildə icra olunacağını borclu DSMF -in direktor müavini Əminə Seyidzadə diqqətə çatdırmaqdan bezmir.  Belə çıxır, dövlətə, onun başçısına qarşı sosial təxribat həyata keçirilir?  Mənzil təminatından söz düşmüşkən, nəyə görə, Bakıda yaşayan əlil-şəhid ailələrinə yalnız Abşerondan, Qaradağdan mənzillər alınır?  Metronun “Koroğlu “ və digər stansiyalarının yanındakı hazır evlərdə yaşamağa əlil-şəhid ailələri layiq deyil?

Məğrur BƏDƏLSOY

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93