Logistik münasibətlər çərçivəsində Azərbaycanın dünya iqtisasiyyatına inteqrasiyası – II YAZI

6

Müasir dövrün tələblərinə uyğun iqtisadi siyasət həyata keçirən Azərbaycan dəyişən tələblərə uyğun olaraq ixrac fəaliyyətini təşkil edir və fəaliyyət istiqamətlərini təkmilləşdirir. Bu hal onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan qarşı qoyduğu məqsədə, yəni qeyri-neft sektorunun xarici ticarət fəaliyyətinin əsas aparıcı qüvvəsinə çevrilməsinə nail olacaq. Bu həm son illərin statistik göstəricilərindən, həm də reallaşdırılan iqtisadi siyasətdən açıq – aydın görünür.

Azərbaycanın dünya təsərrüfat sistemində inkişafının proqnoz modelləri

Son dövrlərdə dünya təsərrüfat sistemində baş verən iqtisadi prosesləri və dünyada qabaqcıl yerdə duran ölkələrin təcrübəsini araşdıraraq belə bir nəticəyə gələ bilərik ki, müasir dövrümüzdə Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə sürətli inteqrasiyası siyasətinin ən mühüm prinsipləri kimi aşağıdakıları göstərə bilərik:

– Azərbaycan iqtisadiyyatının açıqlığına imkan verən tədbirlər görülməlidir;

– Ölkədə iqtisadi subyektlərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi mexanizminin beynəlxalq səviyyədə qəbul edilən hüquq normalarına və dünya təcrübəsinə uyğunluğu gözlənilməlidir;

– Azərbaycan iqtisadiyyatı və mövcud xarici ticarət əlaqələri ölkənin iqtisadi potensialına, daxili bazarın tələbinə və beynəlxalq əmək bölgüsü üzrə məxsus olduğu üstün cəhətlərinə əsasən uyğun təkmilləşdirilməlidir;

– Xarici iqtisadi əlaqələrin müasir formalarının reallaşdırılmasıməqsədilə münbit mühit formalaşdırılmalıdır;

– Xarici iqtisadi əlaqələr siyasi, psixoloji-etnik və digər faktorlardan asılı olmayaraq faydalılıq və əhəmiyyətliliyə görə qurulmalıdır;

– Azərbaycanın milli maraqlarınauyğun olan beynəlxalq və regional iqtisadi qurumlara və birliklərə üzv olmalı və sıx əməkdaşlıq qurmalıdır;

– Ölkənin xarici iqtisadi əlaqələri əsasən strateji hədəfləri və elmi-texniki tərəqqinin nailiyyətlərini əhatə edir və resurslardan effektiv şəkildə istifadə olunması ilə nəticələnir;

– Ölkənin iqtisadi təhlükəsizliyi aparılan iqtisadi siyasətdə mütəmadi olaraq nəzərdə tutulmalıdır.

Təhlillər də göstərir ki, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə effektiv inteqrasiyasına Azərbaycanda mövcud potensial mövcuddur və müvafiq potensialdan məqsədyönlü şəkildə istifadə edilməsidövlətin həll etməli olduğu çoxsaylıgündəmdə olan sosial-iqtisadi məsələlərin yoluna qoyulmasında əhəmiyyətli təsirə malikdir. Həmçinin perspektiv dövrdə Azərbaycanınbeynəlxalq iqtisadi sistemin inkişaf etmiş ölkələri arasında yer almasını şərtləndirən amillərdəndir. Artıq Azərbaycanla BP şirkəti arasında əsrin müqaviləsinin uzadılması üzrə razılaşma da əldə edilmişdir. Mütəxəssislərin fikrinə görə “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi dəyər ölçülərini xeyli artırdı, regional və beynəlxalq perspektivini yüksəltdi, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə və milli inkişafına ciddi təsir göstərdi. Azərbaycanda iqtisadi sahələrdə illər üzrə əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar münasibətlərdə də vacib əhəmiyyət daşıyır. Belə ki, beynəlxalq ticarət və iqtisadi əlaqələrdə məhsuldarlığın göstəricilərindən biri də beynəlxalq təşkilatların ölkə haqqındakı proqnozlarıdır. Bu proqnozlar beynəlxalq tərəfdaşların və investorların ölkəyə münasibətinə təsir göstərir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə proqnozları

Proqnozdan görünür ki, Azərbaycanda ÜDM-in artımı növbəti iki ildə 2 faizdən çox olmaqla müşahidə ediləcək. Eləcə də neft sektoru və qeyri – neft sektorunda da artım qeydə alınacaqdır. Ən vacib göstəricilərdən biri olan illik inflyasiya göstəricisi isə bir rəqəmli həddə proqnozlaşdırılır. Təbii ki, bu proqnoz Beynəlxalq Valyuta Fondu kimi mötəbər bir qurumun məlumatlarına əsasən formalaşdırılmış, Azərbaycanın strateji inkişafını əhatə edən Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində də bu məlumatlardan istifadə edilmişdir. Həm strateji hədəflərə nail olunması üçün həyata keçirilən arasıkəsilməz tədbirlər, həm də beynəlxalq təşkilatların pozitiv proqnozları Azərbaycanın dünya iqtisadi sistemində qabaqcıl mövqelərdə olacağından xəbər verir. Qeyd etmək lazımdır ki, proqnozların reallıqda öz əksini tapması qarşıya qoyulan məqsədlərin mərhələli şəkildə dünyada baş verən proseslərin təhlilinə əsaslanmaqla həyata keçirilməsindən asılıdır. Azərbaycanın dünya təsərrüfatı sisteminə inteqrasiyasının üstünlükləri və əsas şərtləri aşağıdakılardan təşkil olunmuşdur:

1. Azərbaycanın məxsus olduğu münasib coğrafi-nəqliyyat mövqeyi, burada inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (hava, su, dəmiryolu və avtomobil yolları, neft və qaz kəmərləri) vardır ki, bu da xariclə intensiv əlaqələr yaratmaq imkanını asanlaşdırır. Əsasən ixracda boru nəqliyyatı vasitəsilə daşınan yüklərin maddi dəyəri digər vasitələrlə yükdaşımaların dəyərindən müqayisə olunmaz dərəcədə yüksəkdir. Bu amilin aradan qaldırılması qeyd etdiyimiz kimi qeyri-neft sektorunun və emal sənayesinin sürətli inkişafı ilə mümkün olacaq.

2. Azərbaycan zəngin təbii -iqtisadi potensiala malikdir.

3. Azərbaycanda yeni innovativ iqtisadi imkanlara malik sənaye mərkəzləri, texnoparklar, istehsal sferaları və infrastruktur obyektləri mövcuddur.

4. Azərbaycanın güclü elmi potensial və ixtisaslı kadr ehtiyatı vardır. Hal –hazırda bu bazanın əsasında biznes inkubasiya mərkəzləri yaradılır.

5. Ölkədə azad və rəqabətli bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə iqtisadi islahatların intensivləşdirilməsi müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ilə müşaiyət olunur.

6. Azərbaycanda xarici investorların maliyyə resurslarının cəlb edilməsi, ölkənin xarici iqtisadi əlaqələrinin liberallaşdırılması fəaliyyəti və əlaqələrin inkişafı haqqında hüquqi-normativ aktların qəbul edilməsi, eləcə də onların reallaşdırılması nəticəsində Azərbaycanın dünya iqtisadi sistemində enerji daşıyıcılarının etibarlı təminatçısı rolundan, çoxşaxəli iqtisadi sahələrdə aparıcı mövqeyə yiyələnmiş dövlət kimi tanınmasını proqnozlaşdırmaq mümkündür.

7. Ölkədəki biznes mühitinin xarici əhəmiyyətli iqtisadi mərkəzlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində təkmilləşdirilməsi həyata keçirilməlidir.

Dünya iqtisadi sisteminə effektiv inteqrasiya düsturu

Dünya iqtisadi sisteminə effektiv şəkildə inteqrasiya edən Azərbaycan kimi qlobal maliyyə-kredit qurumları ilə əlaqələrini daha da dərinləşdirir. İqtisadi göstəricilərin mütəmadi olaraq şəffaf şəkildə açıqlanması onların proqnoz göstəricilərin əldə edilməsinə imkan yaradır. Bu baxımdan ölkəmizin növbəti illərdə iqtisadi inkişaf göstəriciləri üzrə proqnozlar verən təşkilatlar daha çox müsbət tendensiyanın olacağını ifadə edirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu ilə yanaşı Dünya Bankı da Azərbaycanda iqtisadi irəliləyişin olacağını əldə edilən göstəricilərə əsasən əminliklə vurğulayır.

Dünya Bankının Qlobal İqtisadi Perspektivlər adlı hesabatında 2018 – ci ildə Azərbaycan iqtisadiyyatında 0,9 faiz artım olacağı proqnoz edilir. Lakin 2017 – ci ilin iyun ayında dərc etdirilən hesabatda isə 2018 – ci il üzrə Azərbaycanda ÜDM artımı 0,3 faiz proqnozlaşdırılırdı. 2019 – cu il üçün isə bu göstəricinin 0,2 faiz olacağı bildirilirdi. Lakin analoji hesabatın son variantında Azərbaycanda ÜDM – in 2019 – cu ildə 1,5 faiz, eləcə də 2020 – ci ildə isə 2,6 faiz olacağı verilən proqnozlar arasındadır. Həmçinin hesabatda Azərbaycanın qeyri neft sektorunda təkmilləşdirilmənin baş verdiyi, o cümlədən investisiya qoyuluşlarında artımın müşahidə olunduğu vurğulanır. Bundan başqa Dünya Bankı 2018 – ci ildə dünya iqtisadiyyatının da 2,9 faizdən 3,1 faizə qədər artacağını bildirir. Dünya iqtisadi sistemində inkişaf xüsusiyyətləri ilə bir çox ölkələri geridə qoyan Azərbaycan əsas makroiqtisadi göstəricilər üzrə qabaqcıl yerlərdədir. Bu statistik göstəricilərdən aydın görünür. Həmçinin Azərbaycanın növbəti illər üçün daha böyük iqtisadi göstəricilər əldə edəcəyini proqnozlaşdırmağa imkan yaradır.

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar olan Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının Azərbaycanda növbəti illər üzrə proqnozları ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıqda və daxili iqtisadi fəaliyyətdə dayanıqlılığını bildirir. İstər dünya iqtisadiyyatında enerji resurslarının etibarlı ixracatçısı, istərsə də yeni turizm bazarı kimi tanınan Azərbaycan beynəlxalq hesabatlarda da üstün mövqeləri ilə seçilir. Ölkəmizin Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində bir çox ölkələri üstələyərək 35-ci yerdə yerləşməsi ölkəmizin iqtisadi və digər sahələrdə uğurlarının nəticəsidir. Bu göstəriciyə əsasən, Azərbaycan dünya iqtisadi sistemində daxil olan ölkələrin hər 4-dən 3-nü üstələməyə müvəffəq olmuşdur.

Hesabatda qeyd edilir ki, Azərbaycanın bu dəfəki indeksi 4,7 bənd təşkil etmiş və MDB üzvləri arasında üstün mövqedə qərarlaşmışdır. Hətta dünyanın ən inkişaf etmiş, G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur. Hazırda neft və neft məhsulları müxtəlif istiqamətlər üzrə İtaliya, ABŞ, Çin, İngiltərə, İspaniya, Almaniyada daxil olmaqla dünyanın çoxsaylı ölkələrinə ixrac edilir. İri transmillişirkətlər tərəfindən Azərbaycanın enerji resurslarına maraq daimi olaraq artır. Azərbaycan bu gün həm regionun, həm də dünyanın ən sürətli inkişaf edən ölkəsi kimi tanınır. Burada müxtəlif müvafiq istehsal sahələri, inkişaf etməkdə olan xidmət sektoru, böyük elmi-texniki potensiala malik texnoparklar yaradılır. Həmçinin dünya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi və iqtisadi münasibətlərin intensivləşdirilməsi üçün Ələtdə Azad İqtisadi Zonanın yaradılması prosesi də sürətlə davam etdirilir. Ölkəmizin dünya enerji resursları bazarında əhəmiyyətini artıran faktorlardan biri də ilbəil artan qaz hasilatıdır. Perspektivdə TANAP – ın işə düşməsi ardınca isə TAP layihəsinin reallaşdırılması Azərbaycanın dünyanın iqtisadiyyatının ayrılmaz tərkib hissəsi kimi mövqeyini möhkəmləndirəcək.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.