“Lukaşenko Rusiyadan dəstək ala bildi, Kremlin məqsədi…” – Professor

8

Aleksandr Lukaşenkonun son ümid yeri Rusiya idi, düşünürdü ki, Vladimir Putindən siyasi dəstək ala bilər. Bu səbəbdən ilk səfərini Rusiyaya etdi və Putinlə Soçidə 4 saat müzakirələr apardı.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov prezident seçkilərindən sonra ölkə daxilində ciddi müqavimətlə qarşılaşan Belarus Prezidenti Lukaşenkonun Rusiya səfərini şərh edərkən deyib.

Professorun fikrincə, iki prezident eyni ideologiya və siyasi xəttin nümayəndələri olduğu üçün Lukaşenko Rusiyadan dəstək ala bilib. İndi Kremlin məqsədi Belarusu Rusiyaya qoşmaq, onunla öz himayəsində olan ərazi kimi rəftar etməkdir: “Rusiyadan bir dəstə hərbçi Belarusa gedib, orada yerləşiblər və böyük ehtimalla çıxmaq haqqında da düşünmürlər.

Putin-Lukaşenko görüşü 4 saat çəkib. Düzdür, görüşün sonunda rəsmi açıqlama və ya saziş imzalanması haqda məlumat yayılmayıb. Əsində indi Lukaşnkonun buna ehtiyacı da yoxdur, Putin də görür ki, belə incə məqamda hansısa sazişin imzalanmasının zərəri daha çox olar. Amma qeyri-rəsmi şəkildə hansısa razılaşmalar ola bilər. Bu ehtimal realdır”.

Professor qeyd edib ki, Lukaşenkonun hakimiyyəti saxlayıb-saxlaya bilməyəcəyi hələlik bilinmir: “Əgər xalq qalib gəlsə, Lukaşenko getməli olacaq. Yox, əgər o, xalqa qalib gəlsə iqtidarı Putinə verəcək. Yəni hər iki halda uduzan Lukaşenko olacaq.

Lukaşenkonun xalqa qarşı hansı vasitələrdən istifadə ediləcəyi də maraqlıdır. Demək olar ki, hər aksiyada 300-400 nəfər insan həbs edilir, amma prosesin qarşısını almaq olmur. Üstəlik Belarusda zavod və fabriklər də işləmir. Problem çətindir və Lukaşenkoya görə vəziyyət pisləşir”.

Əli Abbasov düşünür ki, artıq Rusiya Belarusa müdaxilə edib, bu ölkədə qoşunları var: “Həm də Lukaşenkoya istiqamət verir. Rusiya mediası Belarus xalqına qarşı çıxış edir. Bunlar təsadüfi deyil”.