“Lukaşenkoya qarşı başlayan mübarizə tədricən Putinin əleyhinə yönəlməyə başlayıb”

40

Xaqani Cəfərli: “Müxalifət liderlərinin yoxluğu, koronavirusa yoluxmaq təhlükəsi Belarus xalqının ədalət, ləyaqət və azadlıq uğrunda mübarizəsinə təsir edə bilmir”

“Sentyabrın 13-də Belarusda Aleksandr Lukaşenkonun saxtakarlıq və zorakılıq yolu ilə hakimiyyəti qəsb etməsinə etiraz olaraq növbəti müqavimət aksiyası keçirilib. Müşahidəçilər yalnız paytaxt Minskdə 150 mindən artıq insanın etiraz aksiyasına qoşulduğunu bildirirlər”. “Hürriyyət” xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, bütün ölkə boyu, hətta kiçik şəhərlərdə belə, keçirilən bu etiraz aksiyaların müstəsnalığı müxalifət liderlərinin yoxluğu və COVID-19 virusuna yoluxmada artımların müşahidə olunması şəraitində baş verməsidir: “Müxalifət liderlərinin əksəriyyəti ölkədən çıxarılıb, digərləri isə həbs edilib. On milyondan az əhalisi olan Belarusda koronavirusa yoluxanların sayı 74 mini ötüb. Təkcə sentyabrın 13-də 200-ə yaxın yeni yoluxma qeydə alınıb. Ancaq müxalifət liderlərinin yoxluğu, koronavirusa yoluxmaq təhlükəsi Belarus xalqının ədalət, ləyaqət və azadlıq uğrunda mübarizəsinə təsir edə bilmir”. Politoloq hesab edir ki, prezident seçkilərini saxtalaşdıraraq özünü qalib elan edən, indi isə zor gücünə hakimiyyəti əlində saxlayan Aleksandr Lukaşenkonun hakimiyyətdə olduğu 26 il postsovet məkanında avtoritarizmin güclənməsinə xidmət etdiyi halda, 9 avqust seçkilərindən sonra hakimiyyəti zor gücünə əlində saxlamaq cəhdi postsovet məkanında demokratikləşmə prosesinə xidmət etməyə başlayıb: “Lukaşenkonun zor gücünə hakimiyyəti əlidə saxlamaq cəhdi bütün tərəqqipərvər bəşəriyyətin diqqətini postsovet məkanında hökm sürən avtoritarizmə yönəldib. Eyni zamanda, 30 il əvvəl keçmiş SSRİ-də kommunist rejiminə qarşı kütləvi və vahid etiraz hərəkatının bənzəri indi postsovet məkanında avtorizmə qarşı yaranmaqdadır. Bu qənaətim bir çoxlarına baş verən prosesin şişirdilməsi kimi gələ bilər. Belarusdakı etiraz hərəkatının simvoluna çevrilmiş ağ-qırmızı-ağ rəngli bayrağı inzibati həbs təhlükəsinə baxmayaraq, Rusiyada dalğalandıranların sayı günü-gündən artır. Hətta artıq qeyri-siyasi tədbir və aksiyalarda da Belarus etirazlarının simvoluna rast gəlinir. Belə hadisələr keçmiş SSRİ-də anti-kommunist hərəkatının yüksəliş mərhələsində müşahidə olunurdu”.

Xaqani Cəfərli qeyd edib ki, Lukaşenkonun hakimiyyəti qəsb etməsinə qarşı başlayan mübarizə tədricən Putinin əleyhinə də yönəlməyə başlayıb: “Portuqaliyanın paytaxtı Lissabonda Rusiya səfirliyinin binası önündə Lukaşenkonun hakimiyyəti qəsb etməsinə Putinin verdiyi dəstəyə qarşı keçirilən aksiyada “Putin Belarusdan əlini çək”, “Bizim və sizin azadlığınız uğrunda”, “Belarus xalqının azadlıq uğrunda mübarizəsin dəstələyən rusiyalılara təşəkkür edirik” kimi şüarlar qaldırılsa da, aksiyaçıların birinin əlindəki Rusiya müxalifətinin lideri Aleksey Navalnın portreti və sui-qəsdin araşdırılması tələbinin qeyd olunması çox diqqət çəkib. Lissabonda, Rusiya səfirliyinin binası önündə Belarus diasporunun keçirdiyi aksiyanın sonunda çay masası qurulub. Aksiya iştirakçıları Lukaşenkonu nəzərdə tutaraq “Saşa çay iç, Putin qonaq edir” şüarın səsləndiriblər. Bu isə açıq-aşkar Rusiya müxalifətinin lideri Aleksey Navalnın Putinin sifarişi əsasında sui-qəsdə məruz qaldığına işarədir. Polşalı politoloq Adam Mixnik 1996-cı ildə Lukaaşenko haqqında demişdi ki, Lukaşenki Moskvann marionetkası deyil, sovet “kukla”sıdır. İndi bu sovet “kukla”sı tədricən bütün postsovet məkanındakı avtoritarizmin simvoluna çevrilərək, antikommunist hərəkatından 30 il sonra postsovet məkanında avtoritarizm əleyhinə vahid hərəkatın yaranmasına səbəb olmaqla demokratikiyanın yeni dalğasının başlanmasına “xidmət” edir”.

Vazeh BƏHRAMOĞLU