Məhsul bol, alan yox Fermerlər nisyə mal satmaq istəmirlər

13

Uzun illərdir üzümçülüklə məşğul olan Şəkinin Cəyirli kənd sakinləri, əsasən, şərab növləri üçün istifadə edilən üzümləri yetişdirirlər. Bu il bol məhsul əldə edən fermerlərin sevinci qursağında qalıb. Məhsul satmaq üçün döydükləri bütün qapılar üzlərinə bağlanıb. “ARB Xəbər” komandası məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Vüsal Quliyev – Fermer: “Biz üzümümüzü sata bilmirik. Keçən il satmışıq, bu il sata bilmirik. Zavodlara gedirik deyirlər öz üzümümüz var, özümüz qəbul edirik. Şəki zavodu var, ora da müraciət edirik baxan yoxdu”.

Rəqilə Misirova – Fermer: “Əziyyət çəkib məhsul yetişdiririk, amma verməyə yer tapmırıq. Yüksək qiymətlərə dərman alırıq, xərci çoxdu. Neçə ildir bu vəziyyətdəyik. Heç olmasa, bizim xərcimizə görə navalımızı 40 qəpikdən götürsünlər. Gəlib baxsınlar və görsünlər ki, onların dediyi qiymət xərci necə qarşılıyır”.

Üzümü qəbul etməyə hazır olan zavodlar isə çox aşağı qiymət təklif edir. Bu isə fermerlərə qəti şəkildə sərf etmir. Belə ki, təklif olunan qiymətlər üzümün yetişdirilməsi üçün çəkilən xərci belə ödəmir.

Vüsal Quliyev – Fermer: “Nisyə götürürlər. Göyçay zavodu ötən il üzümümüzü 30 qəpikdən götürüb, indi isə 22 qəpiyə istəyir, həm də nisyə”.

Qüdrət Nəbiyev – Fermer: “Zavodlar bizlə işləmir. Əvvəllər yaxşı olub, 3 il müddətinə biz Göyçay zavoduyla müqavilə bağlamışdıq. Bütün təsərrüfatların öz müqaviləsi vardı. Bu gün isə bunu qəbul edən məntəqələr yoxdu. Aidiyyəti qurumlardan kömək istəyirik. Ucuz qiymətə götürəndə fermer müflisləşir”.

Məsələ ilə bağlı “ASK Şəki şərab” MMC-dən bildirildi ki, hazırda zavodun üzüm almaq üçün vəsaiti yoxdur. Pandemiya səbəbindən ixrac prosesi ləngiyən və satış həyata keçirə bilməyən zavodlar nəticədə fermerlərlə işləyə bilmirlər.

Vidadi Həsənov – “ASK Şəki şərab” MMC-nin direktoru: “Bizim zavodun illik 3000 ton üzümgötürmə gücü var. Bu gün biz 500 ton götürə bilirik. Çünki şərab materialları üst-üstə toplanıb. Bu xəstəliklə əlaqədar satışlarımız cox aşağı düşüb”.

Zavoddan, həmçinin bildirildi ki, dövlət müəssisəsi olduğundan fermerlərə pulu nağd şəkildə verə bilmirlər. Bunun üçün fermerlər mütləq şəkildə bank hesabı açdırmalı və ödəniş köçürmə yolu ilə həyata keçirilməlidir. Digər tərəfdən fermerlər sortları ayırmadan qarışıq verdikləri üçün bu da zavoda sərf etmir.

Vidadi Həsənov – “ASK Şəki şərab” MMC-nin direktoru: “Onların üzüm bağlarında süfrə sortlarıyla, texniki sortu qarışıqdı. Bir də görürsən ki, hər cərgədə bir üzüm var. Texniki sortlar olsa da fərqli növləri qarışdırmaq mümkün olmadığından problem yaranır. Onlarsa qarışıq yığmaq istədiyindən bu da keyfiyyətli şərab istehsal etməyimiz üçün yararlı deyil. Bugünün tələbi texniki sortların ayrı-ayrılıqda yığılmasıdır. Çünki biz bu gün sort şərablarının istehsalına üstünlük veririk ki, bu da onlara çətinlik yaradır”.

Analoji halı digər rayonlarda üzüm yetişdirən fermerlər də yaşayır. Ancaq mütəxəssislər tezliklə ixrac prosesinin başlanacağını və problemin aradan qalxacağına ümid edir.