“MƏNƏ SMS GƏLİB Kİ, SƏNİN ADINA MAŞIN VAR, AMMA…” – 190 manat ala bilməyən vətəndaşlar etiraz edir

2 May, 2020, 16:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 3,67
Loading...

Xüsusi karantin dövründə dövlət tərəfindən 600 min işsiz vətəndaşa 190 manat birdəfəlik ödəmənin verildiyi bildirilsə də, bu yardıma ehtiyacı olan xeyli insan bundan yararlana bilmədi və çox çətin durumda yaşayırlar. Ümumiyyətlə, birdəfəlik ödəmənin verilməsi ilə bağlı çoxlu sayda problemlər ortaya çıxıb. Belə ki, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birdəfəlik ödəmə üçün müraciət edən və imtina cavabı alan vətəndaşlar nazirliyin göndərdiyi cavab SMS-lərindən narazılıq edirlər.

ƏƏSMN-dən şikayətçi olan Baxışov Rəfail bildirib ki, ona 190 manat birdəfəlik ödəmə düşür, amma ala bilməyib: “Mənə SMS gəlib ki, sənin adında maşın var. Gic-gic mesajlar gəlir ki, filan nömrəli maşını qeydiyyatdan keçirməlisiniz. Mənim heç nədən xəbərim yoxdur, pul verməyin yerinə, götürüb mesajlar göndərirlər”.

Ələkbərova Sevda Məhəmməd qızı  da qeyd edib ki, ona 190 manat düşməlidir: “Bir uşağımla tək yaşayıram, amma verilmir. 15 yaşında uşağım var. Mənə verilmir ki, 2 il bundan qabaq adımda etibarnamə olub. O əmimoğlunun etibarnaməsidir. Mənim şəxsi maşınım yoxdur. Mənə SMS gəlib ki, sizdə etibarnamə olub. Ona görə də pulu vermirlər. Bu harada görülüb? Mən bir uşaqla necə dolanmalıyam? İş də yoxdur. Mən möhtərəm prezidentimizə, Birinci vitse-prezident Mehriban xanıma müraciət edirəm ki, mən cavan qadın bu dəqiqə necə dolanmalıyam, uşağımı  necə dolandırmalıyam? Hər yandan borc etmişəm ki, mənə 190 manat pul veriləcək. Mən aparıb onu ödəyəcəm. Yaxşı, mən indi neynəməliyəm? Biz bu dövlətin vətəndaşı deyilik? Ac qalmalıyıq, uşağımıza yemək verməməliyik?”

Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqova Ruhanə Əmir qızı da ona gələn  imtina cavabından narazılığını bildirib: “Mənə gələn SMS də qeyd olunub ki, yoldaşımın haqqında təhrif olunmuş məlumat vermişəm. Ona görə, mənə imtina yazılıb. Ancaq mən heç heç bir məlumatı təhrif etməmişəm, yoldaşımın şəxsiyyət vəsiqəsində olan məlumatı qeyd etmişəm. Yoldaşıma da imtina gəlib ki, sizin adınıza pay torpağı var. Biz o pay torpağından heç qazanmırıq. Çünki su yoxdur. Ondan başqa, heç yoldaşımın sağlıq durumu da işləməyə imkan vermir, xəstədir. İkimizə də imtina gəlib. İki övadımız var, biz nə yeməliyik? Heç bunu düşünən varmı?”

Naxçıvcan sakini Məmmədov Zakir də ƏSSMN-dən şikayətçi olduğunu deyib: “190 manat almaq üçün müraciət etdim, tanımadığım bir adamın adına mənə mesaj gəlib. Cəlalov Elşad Arif oğlunun adına mesaj gəlib. Halbuki, mənim öz adım Məmmədov  Zakir Vilayət oğludur. Bu, nə dərəcədə doğrudur Sahil Babayev?”.

Vətəndaşın adına səhv SMS gəlməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Hurriyyet.org-a dedi ki, müraciət edən şəxs əlaqə nömrəsinin bir rəqəmini səhv yazırsa, onda başqa bir adama cavab SMS-i gedir: “Belə halda, SMS gələn vətəndaşlara 142 çağrı mərkəzinə və yaxud rayon məşğulluq mərkəzlərinə zəng edib məlumat verməyi tövsiyyə edirik”.

Adına avtomobil olmadığı halda, 190 manat  birdəfəlik ödəməni ala bilməyən şikayətçilərlə bağlı isə F. Talıblı bildirdi ki, Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi birdəfəlik ödəmə ilə bağlı hüquqi yaranmayan şəxslərə göndərdiyi SMS-lərdəki məzmun təsadüfi mətn olmur: “Onun arxasında müxtəlif dövlət qurumlarının informasiya ehtiyatlarından əldə edilən məlumatlar durur. Yəni biz o məlumatlara istinad edərək, bu SMS göndərilir və bu, avtomatik həyata keçirilir. Bu halda, vətəndaşın adına əgər Daxili İşlər Nazirliyinin informasiya sistemində avtomobil yoxdursa, bu SMS-in göndərilməsi mümkünsüdür”.

 “Vətəndaş adına avtomobil yoxdur deyir, siz də deyirsiniz hansısa mənbəyə istinadən bu, aydın olur. Bunu necə aydınalaşdıraq” dedikdə isə F. Talıblı qeyd etdi ki, qaydalara uyğun olaraq əgər ər və ya arvaddan birinin mülkiyyətində nəqliyyat vasitəsi varsa, birdəfəlik ödəmə verilməsindən imtina edilir.

Şəki sakininin şikayətinə gəlincə, F. Talıblı söylədi ki,  ola bilsin yoldaşının vəsiqəsinin fin nömrəsini yanlış yazıb: “Biz fin nömrə üzərindən araşdırırıq. Çox güman ki, o da müraciət edərəkən yoldaşının fin  nömrəsini yanlış yazıb. Çox deyil, amma bir neçə elə hal da var ki, müracət edərkən həyat yoldaşının fin nömərsini səhv yazıb və araşdırma aparılarkən yenə sistem üzərindən tam başqa bir adam olduğu üzə çıxıb”.

“Bəs, o adamlar nə edə bilər” dedikdə F. Talıblı nəzərə  çatdırdı ki, artıq müraciətlərin müddəti bitib.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93