“Mərkəzi Bankı debata dəvət edirəm” – ƏKRƏM HƏSƏNOV

7 May, 2020, 17:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

““AGBank”ın taleyini görən ağlı başında olan heç bir bank Prezidentin çağırışına baxmayaraq, biznes krediti verməyə meylli olmayacaq”

“Mərkəzi Bankın sədrinin Mir Şahin Ağayevə verdiyi dünənki müsahibəsi bağlanan iki banka (“Atabank” və “Amrahbank”) və müvəqqəti inzibatçı təyin olunmuş digər iki banka (“AGBank” və “NBC Bank”) həsr olunmuşdu. Ümumən Elman Rüstəmovun nəhayət ki, ictimaiyyəti maraqlandıran suallara cavab vermək cəhdi təqdirəlayiqdir. Hətta yenə də dilimizdə olmayan “situasiya”, “sistema”, “mexanizma” və s. sözlərdən istifadə etməsinə baxmayaraq. Eyni zamanda bu müsahibə o deməkdir ki, ictimai rəyin təsiri güclənir və məmurlar mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrə reaksiya verməyə məcbur olur. Elman müəllim müsahibəsi əsnasında bir neçə dəfə bunu etiraf etdi, hətta dolayısı ilə mövzu ilə bağlı fikir bildirən ekspertlərlə qiyabi polemikaya da girməyə çalışdı. Nəzərə alaraq ki, hazırda həmin ekpertlərdən bu mövzuda ən fəalı məhz mənəm, deməli, baş bankirin sözlərinin bir qismi mənim ünvanıma səsləndirilib”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər hüquqşünas Əkrəm Həsənova məxsusdur.

“Problemlərinin səbəblərini demirsinizsə, “AGBank”da niyə müvəqqəti inzibatçı təyin etmisiz?”

Ə. Həsənov Mərkəzi Bankın hər hansı məmuru ilə açıq debat imkanı olmadığı üçün (amma mən buna hər zaman hazıram və hətta onları istənilən formatda debata dəvət edirəm) sözügedən müsahibəyə münasibətini sosial şəbəkə hesabında bildirib: “Elman müəllim son 10 gün ərzində dediklərimi qismən təsdiq etdi. Sözügedən 4 bank arasında “AGBank”ın vəziyyəti tam fərqlidir. Əvvəla, o qeyd etdi ki, digər 3 bankdan fərqli olaraq, “AGBank” “cib” bankı deyil: sırf sahiblərinin biznesinə xidmət etmir. Hətta etiraf etdi ki, digər 3 bankdan fərqli olaraq, “AGBank”ın heç bir müştərisi pulunu götürə bilmədiyi ilə bağlı bankdan şikayət etməyib. Cənab Rüstəmov bu bankların problemlərinin səbəbləri haqda danışarkən belə, “AGBank” barədə heç nə demədi. Ona görə də ilk sual belədir: bankdan narazı qalan müştəri yoxdursa, onun problemlərinin səbəblərini belə demirsinizsə, bəs onda “AGBank”da niyə müvəqqəti inzibatçı təyin etmisiz?”

““AGBank” bağlansa, sahibkarlar 90 milyon manat itirəcək”

Ə. Həsənovun sözlərinə görə, Elman müəllim daha çox rəqəmlərə istinad edib: “Amma bu əsnada da digər 3 bank haqqında tam məlumat versə də, “AGBank” barədə natamam danışdı. Yəqin ona görə ki, bu bankın rəqəmlərini açıqlasa, naqolay suallar çıxacaq. Belə ki, məsələn, deyildi ki, təkcə bağlanmış “Atabank” və “Amrahbank”da birgə fiziki şəxslərin 400 milyon manatlıq əmanəti və cəmi 18 milyon manat məbləğində hüquqi şəxslərin (bunlar da əsasən bank sahiblərinə aid olan biznesdir) vəsaiti qalıb. Bildiyim qədər, “NBC Bank”da da hüquqi şəxslərin cəmi 4 milyon manat vəsaiti qalıb. Başqa sözlə, bu bankların bağlanması ilə itirən əsasən fiziki şəxslər ola bilər, amma onların da pulunu Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanət kimi tam kompensasiya edəcək. Hüquqi şəxslərin isə pulu çox azdır. Lakin “AGBank”da, bildiyim qədər, fiziki şəxslərin əmanəti 140 milyon manat, hüquqi şəxslərin vəsaiti isə 90 milyon manatdır. Deməli, bu bank bağlansa, sahibkarlar 90 milyon manat itirəcək. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Məhz müqayisənin naqolay olduğu üçün Elman müəllim bu rəqəmi açıqlamadı”.

Ə.Həsənov nəzərə çatdırıb ki, digər 3 bankdan fərqli olaraq, “AGBank” korporativ bankdır: “Yəni əsas müştəriləri sahibkarlardır. Belə ki, 240 milyon manatlıq kredit portfelinin 85 faizi biznes kreditlərindən və yalnız 15 faizi istehlak kreditlərindən ibarətdir. Elman müəllim dedi ki, ötən il Cənab Prezidentin problemli kreditlərlə bağlı verdiyi Fərmandan banklar bəhrələndi. Lakin demədi ki, həmin Fərmandan yalnız istehlak krediti vermiş banklar bəhrələndi. Çünki Fərman istehlak kreditlərinə aid idi. Biznes krediti verənlərin, o cümlədən “AGBank”ın problemli kreditlərinə təsiri çox az oldu. Başqa sözlə, dövlət biznes krediti verən banklara kömək etmədi. Təsadüfi deyil ki, banklarımız dövlət başçısının çağırışlarına baxmayaraq, biznes deyil, istehlak krediti verməyə meyllidir. Çünki artıq bilirlər: bəd ayaqda dövlət sosial narazılığın qarşısını almaq üçün məhz istehlak kreditlərinin ödənilməsinə yardım edəcək”.

 “Elman müəllim  “məcmu kapital” əvəzinə, “kapital” terminindən istifadə etməklə ictimaiyyəti çaşdırır”

Ə. Həsənov bildirib ki, baş bankirin bu 4 banka əsas iradı mənfi kapitalları ilə bağlıdır: “Əslində, bankın məcmu kapitalının nə olduğunu bilməyən kəs fikirləşə bilər ki, “düzdür də, kapitalı mənfi olan bank axı, necə fəaliyyət göstərə bilər”? Amma reallıqda söhbət Mərkəzi Bankın metodikası ilə hesablanan məcmu kapitaldan gedir. Elman müəllim nədənsə “məcmu kapital” əvəzinə “kapital” terminindən istifadə etməklə ictimaiyyəti çaşdırır. Elə gəlin, məsələyə “AGBank”ın misalında aydınlıq gətirək. Deməli, bankın səhmdarları ona 50 milyon manat yerləşdirib. Fiziki şəxslər orada 140 milyon hüquqi şəxslər isə 90 milyon manat yerləşdirib. Deməli, bankın öz pulu (kapitalı) 50 milyon müştərilərinin pulu isə 230 milyon manatdır. Birlikdə bankın 280 milyon manat vəsaiti olmalıdır. Bankın kredit portfeli 240 milyon manatdır (85% biznes kreditləri, 15% istehlak kreditləri). Qalan 40 milyon manat isə digər aktivlərdədir: bina, avtomobil və s. Elman müəllim dedi ki, bankın kredit portfelinin 54 faizi problemlidir. Buna görə də Mərkəzi Bank həmin portfel üzrə ehtiyat yaratmağı tələb edir. Ehtiyat məcmu kapitaldan çıxılmalıdır. Məhz buna görə də Mərkəzi Bank deyir ki, “AGBank”ın məcmu kapitalı mənfi 195 milyon manatdır (50 milyon səhmdarların pulu və 145 milyon müştərilərin pulu). Yəni bu məbləğdə yaradılmalı olan ehtiyatı mənfi kapital hesab edir. Amma reallıqda bu, sadəcə mühasibat yazılışından başqa bir şey deyil və bankın real vəziyyətindən uzaqdır. Çünki “AGBank”ın verdiyi kreditlərin girov təminatının qiyməti 200 milyon manatdan çoxdur, amma Mərkəzi Bankın məcmu kapital hesablama metodikası bunu nəzərə almır (dərinə getmək istəmirəm: əslində qismən nəzərə alır, amma problemli kreditinin müddəti 3 ili ötürsə, artıq nəzərə almır, halbuki məhkəmə çəkişmələri 3 ildən çox çəkir). Yəni bank borcalanlara qarşı məhkəmə işlərini udduqdan və girovu satdıqdan sonra 200 mlilyon manatdan çox pulunu qayataracaq. Bununla da bank nəinki müştərilərinin vəsaitini, hətta səhmdarlarının da pulunu artıqlaması ilə qaytaracaq və məcmu kapitalı tələb olunan 50 milyon manatdan da çox olacaq”.

“Mərkəzi Bank “AGBank”a kredit verərək problemi çözə bilər”

Həsənov qeyd edib ki, bütün bunlara vaxtın tələb olunması sırf məhkəmə proseslərinin borc alan sahibkarlar tərəfindən uzadılması, məhkəmələrdəki (habelə icra və probasiya orqanlarında) korrupsiya və s. amillərlə bağlıdır: “Belə vəziyyətdə Mərkəzi Bank sadəcə “AGBank”a kredit verərək problemi çözə bilər (bu baxımdan baş bankirin dövlətin banklara kömək etmək vəzifəsi yoxdur deməsi qeyri-ciddirir: dövlət pulun müstəsna emitenti kimi likvidlik problemi ilə üzləşmiş bankı kreditləşdirməlidir). “AGBank” məhkəmə işlərini uda-uda Mərkəzi Bankın da borcunu qaytaracaq. Mərkəzi Bankın bunu etməməsi isə banklara yalnız bir mesaj verir: Prezidentin çağırışının əleyhinə olaraq biznes kreditləri verməyin, əks halda “AGBank”ın gününə düşəcəksiz”.

“Bundan sonra, ağlı başında olan hansı bank biznes krediti verər ki?”

“Bir neçə gün əvvəl bankların bağlanması və ləğvi ilə bağlı status yazmışdım (https://www.facebook.com/akram.hasanov.5/posts/10221329503483673?notif_id=1588573281380761&notif_t=feedback_reaction_generic). Təkrarlamaq istəmirəm. Sadəcə, indi təsəvvür edin ki, “AGBank” da bağlandı. Leşyeyənlər tökülüşəcək banka. Sizcə, Əmanətlərin Sığortalanması Fondu onun kreditlərini savadlı və dürüst şəkildə qaytara biləcəkmi? Təcrübə göstərir ki, xeyr! Əksinə, yaxşı girov təminatı olan bu kredit portfelindən əsər-əlamət də qalmayacaq. Deməli, fiziki şəxslərin əmanətlərini (140 milyon) dövlət qaytarsa da, sahibkarların 90 milyon vəsaiti batacaq. Ən əsası isə bundan sonra ağlı başında olan hansı bank biznes krediti verər ki?”,-deyə hüquqşünas əlavə edib.

“Məramım Azərbaycanda müstəqil, şəffaf, xidmət səviyyəsi yüksək olan və əsasən sahibkarlarla işləyən korporativ banka dəstək verməkdir”

Ə.Həsənov onu da deyib ki, onun “AGBank”ın müdafiəsi ilə bağlı mövqeyinin əsas səbəbi məhz odur ki, bu bank əksər banklardan fərqli olaraq müstəqil (qeyri-oliqarxik) korporativ bankdır, yəni sahibkarlarla işləyir: “Müştəriləri hətta oliqarxik banklardan kredit götürdükdə (çünki sonuncuların pulu çoxdur) belə, “AGBank”da xidmət olunmağa davam edir. Çünki xidmət səviyyəsi yüksəkdir. Düz 1 il əvvəl banklarımızın şəffaflıq reytinqini dərc etmişdim (https://www.facebook.com/akram.hasanov.5/posts/10217919848204422). “AGBank” 6-cı yerdə idi (yəni əksər banklardan fərqli olaraq vəziyyəti barədə səmimi məlumat açıqlayıb). Digər 3 bank isə sonuncu (üçüncü) onluqda. Başqa sözlə, məramım sırf Azərbaycanda müstəqil, şəffaf, xidmət səviyyəsi yüksək olan və əsasən sahibkarlarla işləyən korporativ banka dəstək verməkdir. Çünki əks halda bank sektoru inhisarlaşacaq, xidmət səviyyəsi daha da düşəcək və böhran dərinləşəcək. Əks halda, ölkədə sahibkarlarla işləyən sərbəst bank qalmayacaq. Hamısı leşyeyənlərin qurbanı olacaq..”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93