“Maska, sosial məsafə deyib TV-də, mətbuat konfranslarında tələblər qoymağa nə var ki?” – MİRVARİ QƏHRƏMANLI

7

“Bağlarınız, villalarınız sizin yaşlılarınızın vəziyyətini ağırlaşdırmır”

“Operativ qərargah virusa tutulanların sayının artmasında əhalini günahkar sayır, yenidən karantin qaydalarını sərtləşdirmək istəyir. Əhali günahkardır ki?” Hurriyyet.org xəbər verir ki, bu sualı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı verib.

Qəhrəmanlı qeyd edib ki, üç aydır 65+ ciddi qadağa qoyuldu: “Əksərinin ev şəraiti sizin  eviniz kimi (qərargah üzvülərinin və əksər məmurların) əla deyil. Havasızlıq, psixoloji təzyiqlər onların sağlamlığına ciddi təsir etdi və edir də. Bağlarınız, villalarınız sizin yaşlılarınızın vəziyyətini ağırlaşdırmır. Əksinə bu təbəqə virus anlamından psixoloji olaraq uzaqdır”.

“Qınadığınız, hədələdiyiniz  insanların əksəri o günəmuzd iş axtaranlardır”

M.Qəhrəmanlı vurğulayıb ki, verdiyiniz 190 manat sosial problemi həll etmir: “Ortalığa çıxan real vəziyyət sübut etdi ki, ölkədə işsizlik heç də siz deyən kimi 4% deyil, daha çoxdur. Hazırda küçələrdə müşahidə etdiyiniz, qınadığınız, hədələdiyiniz  insanların əksəri o günəmuzd iş axtaranlardır. Sizin maska zavodunuzun buraxdığı malları gündə 2-3 dəfə dəyişmək üçün tələb olunan vəsait onların qazandığına uyğun gəlmir. Təklif edirəm ki, volonterlər vasitəsilə ictimai yerlərdə həmin insanlara pulsuz maska paylayın. Hər halda, düşünürəm ki, 4 milyard manatı yəqin xərcləyib qurtarmamısınız”.

M. Qəhrəmanlı sual edir ki, ictimai nəqliyyatdakı sıxlıqdan xəbəriniz var: “Maska, sosial məsafə deyib TV-də, mətbuat konfranslarında  tələblər qoymağa nə var ki? Hardan biləsiniz ki, özünüz, ailə üzvüləriniz ictimai nəqliyyatdan istifadə edir ki?”

“İmkan verin insanlar öz rayonlarına getsinlər”

Qəhrəmanlı onu da nəzərə çatdırıb ki, Bakıya giriş bağlıdır, uzun müddət ev şəraitində qalmış uşaqlara, insanlara təmiz hava lazımdır (Bakının havası çirkli olsa da): “İmkan verin insanlar öz rayonlarına getsinlər. Psixoloji təzyiqi də məhdudlaşdırın. İnsan ömrünü qısaltmayın. İndi bütün dünya pandameyanın iqtisadiyyatlarına vurduğu ziyanın aradan qaldırılması haqqında düşünür. OPEK+ nəticəsində gözlənilən işsizlik, onun aradan qaldırılması yolları haqqında da düşünün. Bu isə ən vacibdir”.

“Zavodunuza da deyin ki, maskaların ipini qəsdlə zəif bəndləməsin, taxan kimi qırılır”,-deyə NHMT sədri əlavə edib.

 Şamo EMİN, Hurriyyet.org