Salam, xoş gəlmisiniz.

Məcburi köçkünün ittihamlarına “Qaçqınkom”dan CAVAB - YENİLƏNİB

2018-04-20 12:22:34

Məcburi köçkünün ittihamlarına “Qaçqınkom”dan CAVAB - YENİLƏNİB

“O, həmin evi Horadiz şəhərində qeydiyyatda olmayan hərbiçi ailəsinə kirayə verib”

“Hürriyyət” qəzetinin ötən saylarının birində dərc olunan ““Qaçqınkom” qaçqınların kəfən puluna da göz dikdi” sərlövhəli yazı Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin narazılığına səbəb olub. Bu haqda qurumun mətbuat xidmətindən redaksiyamıza daxil olan məktubda bildirilir. Həmin məktubu olduğu kimi dərc edirik:

“Hurriyyet.org saytında "Qaçqınkom qaçqınların kəfən puluna da göz dikdi” başlıqlı yazı ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aşağıdakı mövqeyi diqqətinizə təqdim edirik.

Bildiririk ki, Quliyev İbrahim Cəmil oğlu Füzuli rayonu Horadiz şəhər sakinidir. Onun Füzuli rayonu Horadiz şəhəri 20 yanvar küçəsində özünə məxsus evi tam bərpa olunub və istifadəsinə verilibdir. Lakin Quliyev İbrahim Cəmil oğlu hal-hazırda həmin evdə yaşamır və o, həmin evi Horadiz şəhərində qeydiyyatda olmayan hərbiçi ailəsinə kirayə olaraq veribdir.

Quliyev İbrahim Cəmil oğluna ailə üzvlərindən bir ailənin Horadiz şəhərində bərpa edilmiş evinə köçüb yaşamaları bildirilmiş, həmin evə yerləşməyən digər ailə üzvlərinə isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış kompleksindən 4 otaqlı mənzil müəyyən edilmişdir. Həmin mənzil bir neçə ay boş saxlanılmış və onlar ora köçməkdən tam imtina etdikləri üçün mənzil ehtiyacı olan digər bir ailəyə verilmişdir.

Həmçinin onu da qeyd etmək istəyirik ki, Quliyev İbrahim Cəmil oğlu Horadiz şəhərinin atəş altında olmasını əsas gətirərək orada yaşamayacağını israrla bildirmişdir.

Məlumat üçün onu da bildiririk ki, hazırda Horadiz qəsəbəsində 5000 min məcburi köçkün yaşayır. Eyni zamanda Cəbrayıl rayonu istiqamətində təmas xətti ilə Horadiz qəsəbəsi arasında Füzuli rayonunun işğaldan azad edilmiş 3 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinləri orada yaşayırlar. Bu gün Füzuli rayonunun işğal altındakı digər kəndlərindən olan sakinlər də gəlib Horadiz qəsəbəsində yaşayırlar.

Ancaq Quliyev İbrahim Cəmil oğlu öz doğma torpağında yaşamaqdan və Dövlətqaçqınkom tərəfindən verilmiş mənzildən imtina etmiş və çirkin niyyətlərinə nail olmaq üçün Komitənin əleyhinə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli fikirlər səsləndirir”.

Banu OĞUZ, Hurriyyet.org

P.S. “Qaçqınkom”un məcburi köçkün İbrahim Quliyevin şikayət məktubuna verdiyi cavabı olduğu kimi təqdim etdik.

Göründüyü kimi, qurum İbrahim Quliyevi “böhtançı” adlandırır.

Şikayətçinin məktubuna əsaslanaraq, “Qaçqınkom”a bir neçə sual ünvanlamaq istərdik.

Füzuli rayonunun Horadiz şəhərində dağıdılmış evlərin bərpa və təmir edilərək sahiblərinə təhvil verildiyi yazılır, “Qaçqınkom”un cavab məktubunda. Şikayətçi İbrahim Quliyev də öz müraciətində bunu qeyd edib.

Vətəndaşın məktubundan bir çıxarışı təqdim edirik:

“Füzuli rayonunun Horadiz qəsəbəsində 3 otaqlı kommunal mənzilləri, 5 otaqlı böyük həyət evləri bərpa və təmir edilən ailələr də həmin binalarda ailə üzvlərinin sayına görə mənzillərlə təmin edildilər. Özü də Horadiz qəsəbəsinin sakinlərinə yalnız Müşfiqabadda deyil, 7-ci mikrorayon ərazisində, Mehdiabadda da mənzillər verilib”.

O halda “Qaçqınkom”dan vətəndaşın bu iddiasına müraciət bildirməyi xahiş edirik.

Horadiz şəhərində evləri bərpa və təmir olunan vətəndaşları ailələri ilə birgə doğma yurd-yuvalarına köçürmək əvəzinə, ailə üzvlərinin sayına görə Bakıda mənzillərlə təmin etmənizi necə izah edərsiniz?

“Qaşqınkom” vətəndaşın şikayət məktubuna cavab olaraq yazır ki, “Quliyev İbrahim Cəmil oğluna ailə üzvlərindən bir ailənin Horadiz şəhərində bərpa edilmiş evinə köçüb yaşamaları bildirilmiş, həmin evə yerləşməyən digər ailə üzvlərinə isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış kompleksindən 4 otaqlı mənzil müəyyən edilmişdir”.

Vətəndaş isə öz müraciətində 10 nəfərdən ibarət üç ailənin darısqal, şəraitsiz yataqxana otağında yaşadığını iddia edir: “Biz 1993-cü ildən məlum səbəblərdən doğma yurd-yuvamızdan didərgin düşüb, bütün əmlakımızı itirib Bakıda məskunlaşmalı olmuşuq. Elə həmin ildən də Bakı Dövlət Universitetinin 8 saylı yataqxanasında qalırıq. Həyat yoldaşım, mən və iki oğlum - hər ikisi ailəlidir, hər ikisinin iki övladı var - qəzalı şəraitdə olan yataqxananın bir darısqal otağında yaşayırıq. Əslində buna yaşamaq deməyə də dilim gəlmir, çünki biz orada yaşamırıq, zülm çəkirik”.

Belə olduğu halda, nədən “Qaçqınkom” yalnız iki ailənin adını çəkir? Tutaq ki, bir ailə Horadiz şəhərindəki mənzilə köçdü (Bu, çox guman ki, İbrahim Quliyevlə xanımı olacaq, çünki şikasyətçinin bildirdiyinə görə, Horadiz şəhərində onlara təqdim olunan mənzil bir otaqlıdır, sahəsi də cəmi 17 kv. metrdir. Bu cür darısqal mənzildə isə yalnız iki nəfərdən ibarət ailə nisbətən rahat yaşaya bilər),  bəs 8 nəfərdən ibarət digər iki ailə onlara təklif olunan 4 otaqlı mənzilə necə sığışsın?

Ümid edirik ki, “Qaçqınkom”un bu suala verdiyi cavab da əlavə suallara meydan açmayacaq.

“Artıq qeyd etdiyim kimi, yerlimiz olan əksər qonşularımızın Füzuli rayonunun Horadiz qəsəbəsindəki mənzilləri və şəxsi evləri bərpa və təmir olunaraq özlərinə təhvil verilib. Buna baxmayaraq, hamısı ailə üzvlərinin sayına görə mənzillərlə təmin edilib. Mənim isə Horadiz qəsəbəsində 17 kv. metr sahəsi olan bir otaqlı mənzilim var. Necə olur ki, 5 otaqlı evi olanlara Bakıda mənzil verilir, mənə isə deyilir ki, Horadiz qəsəbəsində evin var, get orada yaşa? Mən də cavbında deyirəm ki, nə vaxt ki, Ali Baş Komandan müharibənin bitdiyini elan edəcək, sərhədlər çəkilib sülh sazişi imzalanacaq, Horadiz qəsəbəsində mənzillərlə, evlərlə təmin edilənlər oraya qayıdacaq, mən də onlarla birgə qayıdacağam doğma yurduma”.

Bu da şikayətçinin məktubundan çıxarışdır. “Qaçqınkom”un yazılanlara münasibət bildirəcəyinə ümid edirik.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93