“Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma…” – ELŞAD MUSAYEV / TAM HİSSƏ

21

“İndi müsbətə doğru hər hansı bir dəyişim varsa, buna dəstək vermək lazımdır”

Son günlər Biləsuvar, İmişli rayonlarının icra başçıları və onların müavinləri ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində də əməliyyat aparılaraq, nazirliyin 10-dək əməkdaşının həbs edilməsi gündəmin əsas mövzularındandır. Ancaq icra başçılarının, məmurların korrupsiya cinayəti başında yaxalanmasına müxalifət partiyalarının rəhbərlərinin fərqli baxışları var. Görəsən, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev nə düşünür? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə E. Musayevlə söhbətləşdik.

– Bu həbslərlə bağlı istər cəmiyyətin, istərsə də müxalifətin əksər hissəsində müsbət yanaşma var. Biz illərdir deyirdik ki, Azərbaycanda rüşvət, korrupsiya var və buna qarşı tədbir görülmür. İndi Dövlət Təhlükəsizlik Xidməti vasitəsilə rüşvətxorlara, korrusionerlərə qarşı bir səlib yürüşü başlayıb. Bunlar həm cəmiyyətdə normal qarşılanır, eyni zamanda müxalifət özü də normal qarşlayır. Görünən odur ki, bu proses davam edəcək. Lap əvvəllər xırda rüşvətxorlarla bağlı hansısa mübarizə gedirdi. İndi artıq bu “planka” yuxarı qalxıb, icra başçılarına, nazir müavinlərinə, nazirlərə keçir və digərlərinə keçəcək. Ona görə, bu prosesə müsbət yanaşmaq lazımdır.

– Bəzi sosial şəbəkə izləyiciləri icra başçılarının və bir sıra məmurların həbs edilməsi ilə ölkədə korruspiyanın aradan qalxacağına inanmadığını, bunun üçün sistemin dəyişməli olduğunu yazırlar. Bu haqda Siz necə düşünürsünüz?

– Ölkədə rüşvət, korrupsiya ilə mübarizə və vəziyyətin dəyişməsi ilə bağlı fərqli yanaşmalar var. Biz hesab edirik ki, rüşvət, korrupsiya ilə mübarizə aparılmalıdır, paralel olaraq ölkədə normal sistem dəyişməlidir. İndi  bu, müzakirə oluna bilər. Çünki hələlik hakimiyyətin apardığı odur ki, kadr siyasətində müəyyən dəyişimlər var, eyni zamanda bu rüşvət və korrupsiyanın üstünə düşülür. Bu məsələ ayrıca müzakirə oluna bilər ki, hakimiyyətin istəyi nədir, korrupsiayaya qarşı mübarizə aparmaq istəyir, yoxsa sistemi dəyişmək istəyir? Bizim düşüncəmiz odur ki, ölkədə normal, demokratik, ciddi konstitusion islahatlar, sistem dəyişikliyi aparılsın. Bunu zaman göstərəcək. Amma hər halda indinin özündə bu proses gedir. Çünki icra başçılarından sonra Mədəniyyət Nazirliyində həbslər oldu. Bu da onu göstərir ki, sakit görünən bir nazirlikdə cddi korrupsiya faktları varsa, digər nazirliklərdə, qurumlarda da bu faktlar yetərincədir. Burada bir məsələyə toxunmaq istəyirəm, deməli, Əbülfəz Qarayev indiyə qədər nazirdir, müxtəlif nazirliklərin adları dəyişsə də, o, nazir olaraq qalıb. İndinin özündə həbslər var, Əblüfəz Qarayev yerində durur. Yəni özünə hörmət edən istənilən bir qurum rəhbəri, nazir dərhal istefaya getməliydi. Çünki, o mümkün deyil ki, nazirə ən yaxın olan adamlar rüşvətə, korrupsiyaya bulaşsın, hansısa neqativ əməllərin içində olsun, nazirin bundan xəbəri olmasın. Ona görə, hesab edirəm ki, nazir Əbülfəz Qarayevin barəsində sərt tədbir görülməlidir və o da hər şeydən əvvəl özündə bir mənəvi güc tapıb ilk növbədə, istefa verməlidir, istefa vermirsə, prezident dərhal onu istefaya göndərməlidir.

– Qeyd etdiniz ki, hakimiyyətin sistem dəyişikliyinə gedəcəyini zamanla görəcəyik. İndiki halda, bunu görmək  olmur ki, hakimiyyət sistem dəyişikliyinə getmək istəyir, yoxsa bu islahatlar imitasiyadır?

– Onu hələ dəqiq demək olmaz. Çünki dəyişim təzə başlayır və məlum olur ki, indiyə qədər hakimiyyətin öz içindən çox ciddi surətdə ölkədə bu dəyişimin, islahatların əleyhinə olan qüvvələr olub və komandanda bu işi  görən adamların əksəriyyəti təyin olunan adamlardır. Çox açıq şəkildə görünür ki, hakimiyyət daxilində ölkədə vəziyyətin dəyişməsi ilə bağlı hələlik ciddi fikir ayrılıqları var. Və indinin özündə yeni addımlar atılırsa, atılan addımlara dəstək vermək lazımdır. Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma indi müsbətə doğru hər hansı bir dəyişim varsa, buna dəstək vermək lazımdır. Eyni zamanda çatışmayan nə varsa, bunlar deyilməlidir.

– Sizcə, ölkənin müsbətə doğru dəyişikliyini istəməyən hansı qüvvələrdir?

– Köhnə komanda. Hakimiyyətin içində bir “şahin” komanda olub ki, bu, iqtidarla-müxalifət arasında münasibətləri həmişə gərginləşdirib, iqtidarla cəmiyyət arasında münasibəti dəyişdirib. Demək olar ki, Azərbaycanın demokratik yolda irəlilməsinin qarşısını alan bir komanda olub və təbii ki, hələlik hakimiyyətin içində bunlar var. Ona görə, bu sahədə indiyə qədər işlər rəvan getməyib.

– Bu islahatlar başlayandan bəri təxminən 5 icra başçısı, bir neçə də məmur həbs olunub. Bunu islahat hesab etmək olar?

– Yox, həbsi islahat hesab etmək olmaz. Bu, ayrı məsələlərdir. O həbslərin özü rüşvət və korrupsiya ilə mübarizədə müsbət əməllərdir. Mən onu da demişəm ki, rüşvət, korrusiyaya qarşı mübarizə ilə məsələ bitmir. Həbs olunan adamlar indiyə qədər külli miqdarda vəsait yığıblar, işdən çıxan bu adamlar ölkənin külli miqdarda vəsaitini dağıdıblar. Mən seçkiyə getmişdim, orada dəyişikliyə baxdım, keçmiş vergilər naziri Fazil Məmmədovun qaynı var idi, Binəqədinin icra başçısı olub, o adamların oradakı mülklərinin heç olmasa 50 milyonluq qiyməti var idi. Bunlar haradan alıblar? Eləcə də başqaları olsun. Kim həbsə düşür, həbsdən çıxır, yaxud kim işdən çıxır, fərq etməz, məsələn Səlim Müslümov, yaxud Zakir Qaralaov, Etibar Pirverdiyev, nəqliyyat naziri Ziya Məmmədov çıxdı getdi, elə şey yoxdur, qanunsuz yolla ölkənin varını-dövlətini dağıdan adamların hamısının vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Bunun üçün hüquqi prosedurlar həyata keçirilməli, məhkəmə qərar verməlidir və dövlət nəfinə o admların oğurladıqları pullar müsadirə olunmalıdır.

– Deputat  Qüdrət Həsəquliyev deyir ki, icra başçılarının korrupsiya ilə məşğul olmaması üçün onlara 10 min manat maaş verilməlidir. Necə düşünürsünüz, icra başçılarına yüksək maaş verilsə, dövlətin, xalqın var-dövlətini talamaqdan əl çəkəcəklər?

– Bu, bir yanaşmadır. Misal üçün, Belarusiyada nə Azərbaycandakı, nə də Rusiyadakı qədər rüşvət yoxdur. Çünki sərt hakimiyyət, nəzarət var. Sovet dövründə, Stalin dövründə belə rüşvət, korrupsiya var idi? Yox idi. Təbii ki, istənilən bir sahədə, tutaq ki, vergilər sahəsində işçinin maaşını artırırsansa, nəzarət olursa da, o, həm də aldığı əməkhaqqını itirməkdən qorxmalıdır. Yəni bu yanaşmanın bir hissəsidir. Biz hesab edirik ki, Azərbaycan vilayətlərə bölünüb idarə olunmalıdır, ya da dünya təcrübəsində yerli idarətmə var, buna uyğun həyata keçirilməlidir və icra hakimiyyətlərinə çar səlahiyyətlərini vermək lazım deyil. Bir rayonun icra hakimiyyətində 6-7 nəfər işləməlidir. Çünki yerli bələdiyyələr, özünü idarəetmələr var. Bu icra hakimiyyətlərinin vəzifəsi də o yerli özünü idarəetmənin fəaliyyətinin qanunliyinə nəzarət olmalıdır. Azərbaycanda icra hakimiyyətlərinə yuxarıdan təyinat olur, heç  kəsə hesabat vermirlər, heç bir ictimai nəzarət yoxdur və bu adamlar yerlərdə balaca bir “padşah”a çevriliblər. Ona görə də Azərbaycanda hakimiyyət bölgüsü olmasa, yəni azad məhkəmə, parlament, icra hakimiyyəti, media olmasa, bunlar davam edəcək. Kimsə müəyyən müddət çəkinə bilər. Amma hər hansı biri nəzarətsiz olsun, yenə də davam edəcək. Ona görə, təbii ki, sistem islahatı getməlidir.

– Elşad bəy, rayonlarda icra başçıları həbs olunur, ancaq qanunsuz fəaliyyətlə məşğul olan polis rəislərinin, hakimlərin, yaxud prokurorların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumat yoxdur. Rayonu təkcə yeyib-dağıdan icra başçılardı?

– Mən sizinlə razıyam ki, icra başçıları həbs olunur,  polis, yaxud hakim, prokurorların həbsi ilə bağlı məlumat yoxdu. Amma onu da nəzərə alaq ki, bu prosesin özü təzə başlayıb. Yəni indiyə qədər hamı dağıdıb. Bu ölkəni hamı sümürüb gedib. Ona görə, bizim büdcəmiz 15 milyarddır. Bu proses təzə başlayıb. İndi bu prosesi başlayan adamların hansı planı, proqramı var, ortaya çıxacaq, görünəcək. Yəni bu işləri aparan Dövlət Təhlükəsizlik Xidmətidir. Açığı deyim ki, fəaliyyətlərinə yüksək qiymət vermək olar. Çox peşəkarlıqla prosesi aparırlar. Çəkilişləri, digər işləri peşəkarlıqladır, amma mən sizinlə razıyam ki, rayonu təkcə sökən, dağdan icra başçısı deyil, o birilər də paralel olaraq hərəsi öz miqyasında sökür, dağıdır. Təkcə o deyil ki, Azərbaycanın bütün sahələrində elədir. Misal üçün DYP 10 illərdir rüşvət, korrupsiya mənbəyidir. Adamları bir vəzifədən digərinə qaldırırlar. O gün oxuyuram, mediada yazılır ki, təzə birini vəzifəyə qoyublar, deyir, Bakı şəhərində minə yaxın evi var. Bir polkovnik-leytenant minə yaxın evi haradan alır? Minə yaxın ev zarafat deyil. Ona görə, onlarda da yoxlama olmalıdır.

– Ölkədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və bu  yöndə fəaliyyət göstərən digər idarələr var. Ancaq bu məsələlərdə həmin idarələrin rolu görünmür. Ancaq DTX korrupsiyaya bulaşmış məmuların ifşa olunmasına köklənib. Korruspiyaya qarşı Mübarizə Baş İdarəsinin və bu  yöndə fəaliyyət göstərən digər idarələrin fəaliyəti görsənmirsə, bəs, onlar nə üçündür?

– Görünən odur ki, indiyə qədər bunlar formal xarakter daşıyıb. Yəni Korrupsiyaya qarşı mübarizə idarələri adı altında fəaliyyət göstərib, amma formal xarakter daşıyıb. İndinin özündə də  görünən odur ki, hakimiyyətin birinci adamı, yəni ölkənn prezidenti konkret bu sahə ilə bağlı göstəriş verib. Yəni onun icazəsi, göstərişi olmadan bu prosesi aparmaq olmaz. Burada bir məsələyə toxunaq ki, illərdir Azərbaycanı idarə edən bir hakim partiya var- Yeni Azərbaycan Partiyası və həbs olunanların, rüşvətxorların, korrusionerlərin hamısı o partiyadadır. Bu partiyanın yerli şöbələri var, hamısı da icra hakimiyyətlərində işləyir. Bunlar niyə bir məlumat vermirdi, etiraz etmirdi? Bunların mərkəzi aparatda oturanlar var, illərlə hamıya ağıl verirdilər. Onlar ən azı mənəvi məsuliyyət daşıyırlar. Bu adamlar da özlərində təpər tapmalıdır ki, qısa müddətdə bunların içindən bu qədər rüşvətxor, korrupsioner çıxıbsa, bunlardan da bir istefa verib, çıxıb gedəni olsun. Necə olur Tağı Əhmədov rüşvət faktını etiraf edib, adam deyir ki, mən Akif Çovdarova 3 milyon rüşvət vermişəm, bundan sonra, bu adamı gətirib Yasamal rayon təşkilatının sədri qoyublar? Bu partiyada kimlər olmadı ki? Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə, rüşvətə görə “rabitə işi”ndə həbs olunub. Bu məsələ də var.

– YAP-ın bu qədər üzvünün korrupsiya cinayəti törətməsi, həbs olunması hakim partiyanın yenilənməsi, ümumiyyətlə, yeni bir iqtidar partiyasının gündəmə gətirilməsinə əsas verirmi?

– YAP-ın içindən bu qədər rüşvəxor, korrupsionerin çıxması və bunların da həbs olunması onu göstərir ki, bu hücum təkcə rüşvətxor, icra başçlarına, məmurlara qarşı deyil, eyni zamanda köhnəlimş YAP zehniyyətinə də bir hücum kimi qiymətlərndirilməlidir. Açıq görünür ki, bu partiya köhnə qaydada, primitiv düşüncə sahibi olan, rüşvət, korrupsiya ilə məşğul adamlardır, ölkənin yeni qaydada idarə olunması üçün heç bir təşəbbüsdə bulunmur və bunların nümayəndələri də rüşvəxor, korrupsioner çıxıb, ölkənin bu vəziyyətə düşməsində də onların çox böyük məsuliyyəti var.

– Elşad bəy, indiyə kimi mətbuatda  korrupsia ilə məşğul olan bir çox nazirliklərin, komitələrin adı hallanıb, həmişə gündəmdə olublar. Necə düşünürsünüz, Mədəniyyə Nazirliyindən sonra adı daha çox hallanan nazirliklərə və komitələrə də növbə gəlib çatacaq?

– İlkin olaraq, onu deyim ki, burada medianın da çox böyük qüsuru var. Media ümumiyyətlə, indiyə qədər mədəniyyət naziri Əbülfəz Qarayevlə bağlı demək olar ki, mənfi heç nə yazmayıb. Bizdə bir şey var, filankəs filankəsin qohumudur, filan nəsildən gəlib. Dəxli yoxdur, istər yaxşı, yaxud pis nəsildən gəlsin rüşvətxorun, cinayətkarın, korrupionerin nəsli, yeri vətəni olmur. Amma Əbülfəz Qarayev məsələsi onu göstərdi ki, əgər Mədəniyyət Nazirliyində bu qədər gəlişmələr olubsa, əlbəttə, digər nazirliklərdə, komitələrdə çox böyük rüşvət, korrupsiya faktları açmaq mümkündür və o gözlənilir. Gömrük Komitəsi illərdir hansı hoqqalardan çıxır. Gömrük Komitəsi illərdir rüşvət, korrupsiyanın içində boğulub, millətə nə qədər zülm edib. Oradakı gəlişmələri hesablasaq, orada milyardlarla vəsait ortaya çıxacaq və bunlar çıxarılıb ortaya qoyulmalıdır. İstər vergidə, nəqliyyatda, gömrükdə olsun, ortaya çıxarılmalıdır. İllərdir Ziya Məmmədov, Cavid Qurbanov ikiliyi yol çəkib. İndi Azərbaycanda bir dəb düşüb, tez-tez təşkilatın adını da dəyişirlər. Bir təşkilatın imici mənfi olan kimi, onun tez adını dəyişirlər. Misal üçün “Azəryolservis” var, burada nə qədər vəsait yeyilib. Niyə onun adını dəyişirlər? Buna görə, istənilən sahədə yoxlama aparılsa, hamısında rüşvət, korrupsiya var. Sadəcə, buna qarşı tədbir görmək lazımdır. Mən sizinlə razıyam ki, iki qaydada bunun qarşısını almaq olar, ya sistem dəyişir, adam normal əməkhaqqı alır, yaxud sistem dəyişilməsə belə, indki halda işləyən adamlara normal əməkhaqqı verilir, amma ona yenə də ictimai nəzarət olunur. İctimai nəzarət olmasa, yerlərdə digər strukturlar işləməsə, adamlar əməllərini davam etdirəcəklər.

– Həbs olunan icra başçılarının, məmurların mənimsədiyi pullar büdcəyə necə, Cinayət Məcəllsinin hansı maddəsi ilə qaytarıla bilər?

– Məhkəmə hökm verəcək və hökmə uyğun vəsait büdəcəyə qaytarılmalıdr. Sübut olunur ki, bu pullar oğurlanıb. Məhkəmə də hökm verir ki, dövlətin nəfinə bu pullar, yaxud əmlakı müsadirə olunsun.  Bizim nazirlərin eləsi var ki, onun Londonda, başqa yerlərdə əmlakları var. Kim bilmir ki? Azərbaycanda istənilən hüquq-mühafizə orqanı araşdırma aparıb, onu tapacaq və məhkəmənin hökmünə əsasən də o dövlət nəfinə müsadirə olunmalıdır.

Şamo EMİN, Hurriyyet.org