Salam, xoş gəlmisiniz.

"Mənim üçün "köhnələr" yalnız Ramiz Mehdiyev, Əli Həsənov deyil..." - ASLAN İSMAYILOV

2020-02-26 12:09:00

Tanınmış hüquqşünas Aslan İsmayılov ölkədə baş verən son proseslərlə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb.

- İcra başçılarının həbsinə müxtəlif yanaşmalar var. Həbsləri islahatların tərkib hissəsi olaraq korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin təzahürü sayanlarla yanaşı, bunun sadəcə cəmiyyətdəki gərginliyi müəyyən qədər azaltmaq üçün imitasiya xarakterli tədbirlər silsiləsindən olduğunu hesab edənlər də var. Siz baş verənlər barədə nə düşünürsünüz?

- Hesab etmirəm ki, icra başçılarının həbsi sadəcə gərginliyi azaltmağa hesablanan addım olsun. Fikrimcə, hakimiyyət daxilində islahatçı komanda köhnə idarəetmənin artıq iqtidarın özü üçün təhlükəyə çevrildiyini düşünüb, müsbətə doğru dəyişikliklər barədə qərar verib. Təxminən iki ay əvvəl Ağstafanın icra başçısı kabinetində həbs edildi. Onunla eyni vaxtda Yevlaxın keçmiş icra başçısını da tutmuşdular. Artıq onda mesaj verilmişdi ki, qaydalar dəyişib və məmurlar ənənəvi idarəetmədən əl çəkməlidirlər.

- Əgər xüsusi-xidmət orqanları Ağstafadan sonra Neftçalaya getməli olublarsa, o zaman düşünmək olarmı ki, mesaj hədəfə çatmayıb? Yoxsa, "gözü çıxmış qardaşdan" ibrət götürülməməsinin başqa səbəbləri var?

- Sadəcə islahatları qəbul etməyən, şərti adı "köhnələr" olan komanda imkan vermir. Əslində bu hadisələr 2018-ci ildə keçirilən prezident seçkilərindən dərhal sonra baş verməliydi. Lakin "köhnələr" imkan vermədi. Ona görə də proseslər bir qədər ləngidi. İndi də müqavimət var. Ancaq hesab edirəm ki, islahatçılar adlandırdığım qrup istəklərində israrlı və qəti olmasalar məğlubiyyətə uğrayacaqlar. Artıq hər buraxılmış gün onların əleyhinə işləyir. Sadə insanlar islahatları sözdə yox, real həyatda hiss etməlidirlər.

- Sizcə, bu həbslərin davamı olacaq?

- Yenə də deyirəm, hakimiyyətdə islahatçı komanda dəyişikliklərin həyata keçirilməsinə israr edir. Amma qarşı tərəf hələ də çox güclüdür. Rayon icra başçılarının mütləq əksəriyyəti köhnə komandanın nümayəndələridir. Güclü müqavimət var. Bununla belə, hesab edirəm ki, yeni həbslər ola bilər. Proseslər hələ qarşıdadır. Əgər cəmiyyətdə də müəyyən hərəkətlilik olsa, dəyişikliklər daha da sürətlənə bilər. Cəmiyyət isə sadəcə qonaq kimi hər şeyi sadəcə seyr etməkdə davam edir. Xüsusilə baş verənləri anlayan ziyalı adlandırılan insanlar.
Doğrudur, müəyyən inamsızlıq var. Növbədənkənar parlament seçkiləri bu inamsızlığı aradan qaldırmaq üçün gözəl fürsət idi. Amma təəssüf ki, bu fürsət əldən verildi. Fikirləşirəm ki, islahat komandası seçkini istədiyi kimi həyata keçirə bilmədi. Buna səbəb seçkilərin keçirilməsinə az vaxtın olması ilə bərabər yeni komandanın təcrübəsizliyi də özünü göstərdi. Köhnə tərkibin əhəmiyyətli hissəsi yenidən deputat oldu. Əslində, isə belə olmamalıydı. Bu seçkilərdə uduzan yenilər, udan isə köhnələr oldu.

- Yeri gəlmişkən, MSK 4 dairədə, 100-dən artıq məntəqədə nəticələri ləğv edib. Amma ləğv edilən dairə və məntəqələrin komissiya üzvləri barəsində heç bir cəza tədbiri görülməyib...

- Çünki bunda da maraqlı olan qüvvələr var. Milli Məclisin buraxılanda bəyan edildi ki, bu addım islahatların tərkib hissəsidir. Əgər köhnə tərkibin demək olar ki, böyük əksəriyyəti saxlanılacaqdısa, bu necə islahat sayıla bilər? "Köhnələr"ə bağlı olan icra hakimiyyəti orqanları seçkiləri ənənəvi qaydada keçirdilər. İslahat komandasına daxil olan bir çox namizədlər kənarda qaldı, əksinə yeni komandanın nüfuzunu zədələyən bir çox köhnələr yenidən seçildi. Hətta 4 dairənin ləğvinə müqavimət göstərdilər. Halbuki, dairələrin ən azı 20-30-da nəticələr ləğv edilməli idi. Lakin görünən odur ki, bunu edə bilmirlər. Burada bir məqamı da qeyd etməliyəm. Bir çox dairələrdə namizədlər vaxtında və lazımi şəkildə qanun pozuntularını MSK-ya təqdim edə bilmədilər. Sosial şəbəkədə yaradılan hay-haray isə ləğv üçün qanuni əsas sayıla bilməz. Nəzərə alın ki, ləğv edilməli köhnə namizədlər də ləğv üçün qanuni əsaslar tələb edirdilər. Bu gün mənim üçün ən vacib olanlardan biri də saxtakarlıq etmiş məntəqə, dairə komissiya üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsidir. Saxtakarlıq edənlər isə sanki qorunur. Baxın, sosial şəbəkələrdə nə qədər videolar paylaşılıb. Amma nəzərə alınmır.

- Sizcə, proseslər hansı axarla davam edəcək?

- Fikrimcə, müqavimət olacaq. Amma buna baxmayaraq elan edilən dəyişikliklərin icrasında israr nümayiş etdirməli, icra başçıların əksəriyyəti tutduğu vəzifədən azad olunmalı, seçkidə qanun pozuntularına yol verənlər cəzalandırılmalı, məhkəmə-hüquq sahəsində ciddi dəyişikliklər olunmalıdır. Əgər dirəniş olsa və təbii ki, cəmiyyət də proseslərə biganə yanaşmasa bu baş verə bilər. Əks təqdirdə hər şey əvvəlki kimi qalacaq. Yenə də müxtəlif oyunlar, intriqalarla zəngin olan idarəetmə forması qalacaq.

- Aslan bəy, islahat məsələsində hakimiyyəti qeyri-səmimilikdə ittiham edənlər, ən azı bu kampaniyaya şübhə ilə yanaşanlar var. Siz isə bu barədə əminliklə danışırsınız. Bu qədər əminlik sizin iqtidarla təmaslarınız barədə iddiaların əsassız olmadığı qənaətini yaradır.

- Mən dəfələrlə bəyan etmişəm və bir daha deyirəm ki, siyasi iddiam yoxdur. Vəzifə, mənsəb, var-dövlət davası etmirəm. Əslində, məni hakimiyyətə satılmaqda ittiham edənlərin də mütləq əksəriyyəti bunu bilir. Sadəcə, həqiqətləri söylədiyimə və bu zaman hansısa siyasi qüvvənin, yaxud qruplaşmanın maraqlarına toxunduğuma görə hədəfə gəlirəm. Məni hakimiyyətdəki islahatçı komandaya bağlayanlar var. Əslində isə heç bir qrupa, komandaya bağlı deyiləm və ümumiyyətlə, belə proseslərin iştirakçısı olmaqdan uzağam. Mənim fəaliyyətimi izləyənlər görür ki, islahatçı komandaya yaxın olduğu bildirilən məmurları da tənqid edirəm. Mənim üçün "köhnələr" yalnız Ramiz Mehdiyev, Əli Həsənov və onların ətrafı deyil. Bura Oqtay Şirəliyev, Fikrət Məmmədov, ümumiyyətlə, vəzifəsinin öhdəsindən gələ bilməyən, korrupsiyaya bulaşmış bütün məmurlar daxildir.

- Hazırda sizi əsasən müxalifət düşərgəsinə aid fəallar tənqid edir...

- Mən tənqidə həmişə açıq olmuşam, özümü də hamıdan ağıllı saymıram. Bir var tənqid, bir də var təhqir. Bu gün haqqımda baş verənlər ən əxlaqsız formada ifadə olunan təhqirlərdir. Eyni cür Əli Həsənovun trolları tərəfindən təhqir olunurdum. Bu gün mən 3 dəfə məhkum olunmuş, vəkillik peşəsindən məhrum edilmiş, yeganə qazanc yerim olan VİZA hüquq firması bağlanmış şəxsəm. Mən daha çox hakimiyyətin hədəfində olmuşam, bu illərdir ki, davam edir. Bu gün isə müxalifətin hədəfindəyəm. Mənə də ən ağrılı olan bu gün vaxtilə müdafiə etdiklərimin məni ən əxlaqsız formada təhqir edənlər satqın adlandıranlardır. Əminəm ki, illər keçəndən sonra çoxları peşman olacaqlar. Vaxt hər şeyi göstərəcək. Ancaq heç nəyə, heç kimə baxmadan mən 30 illik fəaliyyətimi yenə olduğu kimi davam edəcəm. Ölkədə müsbət işlər görüləndə qeyd edəcəm və mənfi işləri isə tənqid edəcəm və burada mənim üçün islahatçı, yaxud qeyriləri olmayacaq. Heç kim murdar əməlləri ilə məni yolumdan döndərə bilməz.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93