Salam, xoş gəlmisiniz.

Meriya Milli Şuranın mitinqinə niyə icazə vermədi? - Namizəd Səfərov: “Konstitusiyanı ayaqları altına alıb tapdalayırlar”

2019-09-28 10:52:03

Meriya Milli Şuranın mitinqinə niyə icazə vermədi? - Namizəd Səfərov: “Konstitusiyanı ayaqları altına alıb tapdalayırlar”

“10 ildir ki, Azərbaycan hakimiyyəti vətəndaşlarla “kağız dili”ndə danışır”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın keçirmək istədiyi mitinqə izazə verdi. Lakin Milli Şuranın mitinqin keçirilməsi üçün 28 May metro stansiyasının qarşısındakı, Tofiq Bəhramov adına stadionun girişindəki və Nərimanov parkının qarşısındakı meydanları təklif etməsinə rəğmən, BŞİH Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verdi.

AXCP sədri Əli Kərimli isə “Lökbatanda mitinq keçirmək təklifini əslində, mitinqə “yox” demək kimi qiymətləndiririk”,- deyə öz “feysbuk” səhifəsində yazıb.

Həqiqətən də, əslində, BŞİH-nin Lökbatanda mitinq keçirmək təklifi elə “yox” deməkdir. Çünki insanların şəhər kənarında keçiriləcək mitinqə getməyəcəyi bəri başdan bəllidir. Bu isə BŞİH-nin insanların sərbəst torplaşmaq hüququna hörmət etməməsidir. Halbuki, Konstitusiyanın 24-cü maddəsinin 1-ci bəndinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 49-cu maddəsinin 1-ci bəndinə görə isə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

“Sərbəst Toplaşmaq” haqqında qanunun 1-ci maddəsinin 1-ci bəndində də vurğulanır ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.

Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin 1-ci bəndində isə vurğulanır ki, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. Lakin, göründüyü kimi, heç bir qanunvericilik nəzərə alınmadan insanların sərbəst toplaşmaq azadlığına maneələr yaradılır.

Xatıladaq ki, bu il yanvrın 19-da Milli Şuranın keçirdiyi mitindən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə icazə verilməyib.

Onu da qeyd edək ki, müxalifətçilərin ənənəvi olaraq mitinqlərini keçirdiyi Yasamal rayonundakı “Məhsul” stadionu da təmirə bağlanıb.

“Belə bir hüquq bu hakimiyyət tərəfindən sadəcə olaraq mənimsənilib”

Картинки по запросу Namizəd Səfərov

BŞİH-nin Milli Şuraya mitinq keçirməsi üçün Lökbatan qəsəbəsini təklif etməsi ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, 10 ilə yaxındır Azərbaycan hakimiyyəti Azərbaycan vətəndaşlarının qanunlarla, Konstitusiya ilə nəzərdə tutulmuş kütləvi aksiyalar, yığıncaqlar keçirmək, öz tələblərini ifadə etmək hüquqlarını kobud surətdə məhdudlaşdırır: “Qanunda nəzərdə tutulur ki, etiraz aksiyası və yaxud digər aksiya keçirmək istəyən qrup, partiyalar bu barədə hakimiyyət orqanlarına, müvafiq halda Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib, etiraz aksiyası keçirmək istədikləri yerlərin adlarını qeyd etməli və keçirilən günün vaxtı, tələbləri, orada səsləndiriləcək şüarlar barəsində məlumat verməli və Bakı Şəhər İcra Hakimiyyətindən etiraz aksiyası, mitinq, küçə yürüşü zamanı təhlükəsizliyin təmin edilməsini xahiş etməlidir. Qanunda nəzərdə tutulmur ki, icra hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırıb, onlara hər hansı bir aksiyanın keçirilməsini məqsədəmüvafiq hesab etməmək, şəhərdən kəndə göndərmək və yaxud vaxtını dəyişmək hüququ yoxdur. Belə bir hüquq bu hakimiyyət tərəfindən sadəcə olaraq mənimsənilib. Onlar özlərinə rəva görürlər ki, vətəndaşların, təşkilatların, müvafiq halda Milli Şuranın müraciətlərinə bu qədər qanuna zidd cavablar verirlər”.

“Vətəndaşların ərizə və müraciətlərinə cavab verilməsi, baxılması bərbad şəkildədir”

Səfərov qeyd etdi ki, son bir neçə ayda dəfələrlə Milli Şura şəhərdə müxtəlif ünvanlar göstərməklə, etiraz aksiyası keçirmək üçün müraciətlər edib: “Bu müraciətlərin demək olar ki, hamısına “məqsədəmüvafiq deyildir” deyə rədd cavabı verilib. Sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyəti yenidən qanunvericiliyi pozub. Mitinq keçirilməsinə ən azı 3 gün qalmış vətəndaşların müraciətlərinə baxılmalıdır, qaydalar var, o qaydaların normaları var. Bunlar üçün qayda, norma, qanun artıq kağız parçası olub, Konstitusiyanı ayaqları altına alıb tapdalayırlar, eləcə də digər qanun normalarına əməl etmirlər. Heç bir məsuliyyət daşımırlar. Bunlardan soruşan yoxdur ki, Konstitusiya başda olmaqla, siz bu qanunları niyə pozursunuz? Məqsədiniz nədir? Bunlar vətəndaşlarla “kağız dili”ndə danışırlar. Milli Şuranın nümayəndələrini çağırıb, öz iş otaqlarında bunu müzakirə edə bilərdilər. 10 ildir ki, Azərbaycan hakimiyyəti vətəndaşlarla “kağız dili”ndə danışır. Ərizə verirsən, aylar keçir, ona bir cümlə ilə rədd cavabı verirlər, “mümkün deyil”. Ümumiyyətlə, bu gün Azərbaycanda vətəndaşların ərizə və müraciətlərinə cavab verilməsi, baxılması bərbad bir şəkildədir”.

““Gedin “Ermənistanda keçirin”, yaza bilərlər”

“Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 28 sentyabrda Bakı şəhərində bir neçə yerdə mitinq keçirmək üçün icazə müraciətinə gör, nə cavab verir. Sizi Bakı şəhərindən 10 km kənarda olan bir qəsəbəyə yollayır ki, gedin, orada mitinq keçirin. Bu, nə deməkdir? Bilmirəm özlərini, yaxud cəmiyyəti ələ salırlar?! Onlar bu qayda ilə yaza bilərdilər, “gedin Kürdəmirdə filan gölün, bataqlığın yanında icazə verirəm”. Gedin “Ermənistanda keçirin”, yaza bilərlər. Gedin “Gəncədə keçirin”, yaza bilərlər. Bu, özbaşınalıqdır. Yəqin oxçularımızın da çoxu xatırlayır, “Qafqaz əsiri” filmi var. Orada gəmini oğurlayanlarla gəminin oğurlanmasını təşkil edənlər arasında ticarət gedir, deyir, “7 qoyun verəcəksən, nə bilim nələr, axırda deyir ki, bir dənə də “putyovka” verəcəksən”. Bu da fikirləşir, deyir, Sibir. Yəni bu, o deməkdir ki, vermirəm. İndi Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın o müraciətinə verdiyi bu cavab birmənalı şəkildə “mən sizin sərbəst toplaşmaq azadlığınızı təmin etmirəm” deməkdir”, - deyə hüquqşünas əlavə etdi.

“O qanunu mən yox, sənin indiki Milli Məclisin qəbul edib”

N. Səfərovun sözlərinə görə, Azərbaycan Avropa Şurasına qəbul olunarkən öhdəlik götürüb ki, beynəlxalq qanunlara əməl edəcək: “Hətta bizim bütün qanunvericiliyə belə bir bənd əlavə olunub ki, Azərbaycan qanunları ilə beynəlxalq qanunlar üst-üstə düşmədikdə, ziddiyət təşkil etdikdə beynəlxalq qanunlar üstünlük təşkil edir. Konstitusiyada da, digər bütün qanunlarda da qayda belədir. Yəni biz əgər könüllü surətdə Avropa Şurasının üzvlüyünü qəbul etmişiksə, onun bütün qanun normalarına əməl etməliyik. Çox təəssüf ki, nəinki o normalara, heç daxili normalara da əməl olunmur. Heç uzağa getmək lazım deyil, vətəndaşların sərbəst toplaşması haqqında qanun var. Baxın, o qanunda nəzərdə tutulan halların heç olmasa bu ölkədə birinə əməl olunurmu? Aparırsan, yazılı surətdə təqdim edirsən ki, axı, sənin qanununda belə yazılıb. O qanunu mən yox, sənin indiki Milli Məclisin qəbul edib. Lazım deyildi, qəbul etməməydiniz, biz sizi məcbur etməmişik ki. Gəlib, Milli Məclisin qarşısında durub tələb etməmişik ki, belə bir qanun qəbul edin. Onsuz da heç bir tələbə baxmırsınız, vətəndaşların tələblərini qulaqardına vurursunuz. Qəbul etmisiniz, zəhmət çəkin, əməl edin. Və yaxud Avropa qanunlarına əməl edin. Biz Milli Şura olaraq təkcə bu qanunlara əməl olunmasını hakimiyyətdən tələb etmirik, dəfələrlə bu barədə bəyanatlar vermişik, beynəlxalq institutların nəzərinə çatdırmışıq ki, Azərbaycanda qanunvericiliyə əməl olunması bərbad vəziyyətdədir, hakimiyyət orqanları vətəndaşların Konstitusion hüquqlarını kobud surətdə pozurlar. Hakimiyyət məqsədli şəkildə ölkədə törətdiyi əməllərin qarşının alnması üçün hər cür addım atır və öz hakimiyyət dövrünü uzatmaqla məşğuldur”.

“Lökbatana gedən iki yolu da kəsəcəklər”

“Cəmiyyətdə təkcə elə Milli Şura və yaxud Xalq Cəbhəsi Partiyası deyil ki, belə kütləvi tədbirlərin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Mən özüm şəxsən bir qrup hüquqşünasla, hətta təklikdə bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək Milli Məclis qarşısında öz etirazımı keçirmək üçün imkan yaradılmasını xahiş etmişəm. Yəni xəbərdarlıq etmişəm ki, mən filan ayın filan günündə tək və yaxud bir neçə hüquqşünasın iştirakı ilə etiraz aksiyası keçirmək fikrindəyəm. Yenə də mənə eyni cavabları veriblər ki, keçirilməsi “məqsədəmüvafiq deyil, olmaz”. Dəfələrlə Müsavat Partiyası və digər partiyalar da eyni xahişlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər və hər dəfə də onlardan imtina məktubu alıblar. Bu gün Milli Şuraya verilən cavabın da özü imtinadır. Yəni mən sənin Bakı şəhərində keçirmək istədiyin mitinqi Lökbatana yollayıramsa, bu, imtinadır. Lökbatana gedən iki yolu da kəsəcəklər, qəsdən orada tıxacaq yaradacaqlar və biz, vətəndaşlar ora getmək istəsək də, imkan verməyəcəklər. Artıq 26 ildir ki, ölkədə vətəndaşların söz azadlığı, öz fikirlərini sərbəst surətdə ifadə etmək, sərbsət torplaşmaq azadlıqları belə kobud bir formada pozulur. Çox təəssüf ki, beynəlxlaq təşkilatlar buna biganə yanaşırlar. Biz dəfələrlə Azərbaycana gəlmiş nümayəndə heyətləri ilə görüşümüzdə bu məsələyə son qoyulmasını tələb etmişik. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının, Avropa ölkələrinin səfirlikləri ilə də görüşərkən onların bu məsələri diqqətinə çatdırmışıq. Onların özləri də təəccüblərini gizlədə bilmirlər. Azərbaycan hakimiyyətinin öz xalqının hüquqlarını bu qədər kobud surətdə pozmasını heç cür başa düşə bilmirlər. Baxmayaraq ki, bu məsələləri hakimiyyət orqanlarının, şəxsən prezidentin diqqətinə çatdırıblar, irəliyə doğru heç bir addım atılmır”,-deyə hüquqşünas vurğuladı.

“Onlar deyir, biz yalnız çatdıra bilirik”

“Onlar niyə biganə yanaşırlar” sualına N. Səfərov belə cavab verdi: “Onlar deyirlər, “biz biganə yanaşmırıq”. Əslində, ölkənin daxilində baş vermiş bütün siyasi hadisələrə cavabdeh hakimiyyətdir. Kimsə xarici dövlətlərin, beynəlxlaq təşkilatların və yaxud qurumların üzərinə vəzifə qoya bilməz. Avropa Şurası, yaxud hansısa bir xarici ölkə qoşun götürüb, bu hakimiyyətin üzərinə gələ bilməz ki, “sən öz ölkəndə vətəndaşların hüquqlarını təmin et”. Onlar ən son halda hakimiyyətin nümayəndələri, prezidentlə görüşdə bu məsələləri onların nəzərinə çatdıra bilərlər və çatdırırlar da. Son zamanlar Avropa Şurasının bir neçə vəzifəli şəxsi Azərbaycanda səfərdə olub və Prezident Administrasiyasında, prezidentlə görüşüb və müxalifət nümayəndələri ilə də görüşdə dəfələrlə deyiblər ki, bu halların hamısını hakimiyyətin, prezidentin nəzərinə çatdırmışıq. Onlar deyir, “biz yalnız çatdıra bilirik”. Bunlar isə düşünüb heç bir addım atmırlar. Əvvəlki qaydada vətəndaşların sərbəst toplaşmaq hüquqlarını təmin etmirlər”.

“Həm Ermənistan hakimiyyəti, həm də erməni xalqı Rusiyaya qarşı öz sözünü deyə bilir”

Səfərovun fikrincə, nəinki qonşu Gürcüstan, hətta Ermənsitan ictimaiyyəti də istədiyi vaxt toplaşır: “Heç hakimiyyət orqanlarına xəbər vermədən öz sərbəst toplaşmaq hüquqlarını həyata keçirirlər. Son zamanlar Rusiya Federasiyasında da vətəndaşlar bir neçə dəfə, hətta hakimiyyətin razılığını almadan etiraz mitinqləri keçiriblər. Bizim ölkədə vəziyyət doğurdan da müqayisə olunmayacaq dərəcədədir. Tez-tez deyirlər ki, guya, Ermənistan hakimiyyəti Rusiyanın vassalıdır. Ancaq reallıqda onların həm hakimiyyəti, həm də xalqı Rusiyaya qarşı öz sözünü deyə bilir. Öz hüquq və azadlıqlarını Rusiyanın göstərişi ilə məhdudlaşdırılmasına imkan vermirlər. Bu gün Azərbaycan yeganə xaraba ölkədir ki, həm hakimiyyəti, dövləti Rusiyanın qapazı altındadır. Onlar nə deyirlərsə, onu həyata keçirirlər. Bu gün Azərbaycan hakimyyətinin Rusiyanın razılığı olmadan heç şikayətə getmək hüququ da yoxdur. Heç ölkəni tərk etmək hüququ da yoxdur. Orada yuxarıda nə deyirlərsə, ona əməl olunur. Həm Rusiyada, həm Ermənistanda, həm də Gürcüstanda vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşmaq hüquqlarına Azərbaycandan qat-qat yüksək səviyyədə əməl olunur. Bilirsiniz ki, bu yaxınlarda Ermənsitanın keçmiş prezidenti Köçəryanı həbs ediblər. Mən bilirəm ki, onun azad olunması üçün Rusiya hakimiyyət orqanları, bəlkə də şəxsən Putin özü dəfələrlə istəyib ki, Paşinyana bu və ya başqa təsirlər göstərsin, lakin onlar buna əməl etməyiblər. Ancaq belə bir hadisənin Azərbaycanda mən mümkün olmadığını mən qəti bilirəm. Əgər Rusiya bizə bir sms də göndərsəydi, onların əmrlərini yerinə yetirməyə hazırdırlar. Bu faktla Ermənistan hakimiyyəti bütün dünyaya göstərir sərbəst, heç kimdən asılı olmayaraq dövlət siyasəti həyata keçirir. Onlar da başa düşürlər ki, Rusiya kimi böyük bir dövlətin iradəsi ziddinə sərt addımlar atmaq mümkün deyil. Əgər Qafqazda yaşayıb, Rusiya ilə hesablaşmasan, hakimiyyəti saxlaya bilməzsən, lakin bu qədər yox. Amma onlar öz iradələrini yeridirlər. Dünya ictimaiyyətinə göstərirlər ki, heç də Rusiyanın bütün göstərişlərinə əməl etmək fikrində deyillər. Özlərinin dövlət mənafelərini istənilən şeydən üstün tuturlar. Bizdə isə bunların heç birindən əlamət yoxdur”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93