Milli Məclis seçkiləri Azərbaycana nələr vəd edir?

6

Əslində bu seçki məmur-oliqarxiya düşüncə tərzinin tərəfdarları ilə demokratiyanın yanında yer alanların arasında gedən rəqabətdir

Ötən il dekabr ayının 2-də Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxundu. Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarıldı və 99 lehinə səslə qəbul edildi.

Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bu rəsmi xəbərdən sonra ölkə ictimaiyyətində haqlı suallar doğurdu. Nədən Milli Məclis özünü buraxılmış elan etdi? Onları buna vadar edən amillər nədən ibarət idi? Uzun illər eyni adamların Milli Məclisdə təmsil olunması deputatları nədən rəncidə etdi?

Feodalizmlə çağdaşlığın çarpışması

Kimsəyə sirr deyil ki, keçmiş Sovetlər Birliyinin durğunluq illərinin mirası olan və elə  həmin dönəmdə yetişmiş kadrlar dövlət bağımsızlığı illərində yenidən səfərbər olaraq hakimiyyətə gəldilər. 1993-cü ildən bu günə kimi ölkəni feoalizm qanunları ilə idarə etmək siyasətini yürütdülər. Buna siyasətdə “məmur-oliqarxiya” idarəetmə sistemi deyilir. Hakimiyyətin bütün eşalonlarında, icraedici, qanunverici və ədliyyə sistemi demək olar ki, ötən 27 ildə bu zümrənin nəzarətində olub. Faktiki olaraq, hakimiyyət  “QOCALAR EVİ”nə çevrilmişdi. Onlar hətta iddia edirdilər ki: “Azərbaycanda kadr qıtlığı hökm sürür”. Yəni bu qoca məmur-oliqarxları əvəz edə biləcək və yeni nəsli təmsil edə biləcək kadrlar yoxdurlar. Ona görə də ölkə prezidenti məcburi addımlar atmağa başladı.

2018-ci il aprel ayının sonlarından etibarən hakimiyyətdə xüsusi olaraq gəncləşdirmə proseslərinə başlanıldı. Bu, əslində məmur-oliraxiya idarəetmə sisteminin menecer-texnokrat kadrlarla əvəzlənməsi ilə müşahidə olundu. Bunun nə qədər müsbət addım olduğunu isə zamanla cəmiyyətdə hər kəs duymağa başladı. Artıq yeni nəsil nazirlər və komitə sədrləri idarəetmə sisteminə yeni nəfəs gətirməyə başladılar. Bu əsasən aşağıdakı kimi dəyərləndirildi:
1. Yeni nazirlər və komitə sədrləri nepotizmdən uzaqdırlar,
2. Traybalizm yeni idarəetmə sistemindən tədricən silinməyə başladı,
3. Dövlət büdcəsinin talan edilməsinin qarşısı alındı,
4. Yeni idarəetmə fəlsəfəsi cəmiyyətin ümid yerinə çevrildi,
5. Məmur-oliqrxiya tipli idarəetmənin dəhşətlərinə son qoyuldu.
Bütün bunlarla yanaşı, onu da qeyd etməliyik ki, proseslərin sağlam məcrada inkişaf yolu azından bir neçə il çəkəcək. Ona görə ki, cəmiyyət yeni idarəetmə sisteminin nə qədər başarılı olacağı ümidi ilə hələ də seyrçi mövqedədir. Sosial problemlərin həlli, yeni iş yerlərinin açılması, istehsal vasitələrinin artımı, insanların öz güzəranını necə və hansı prinsiplər əsasında kökləyəcəyi kimi suallar ortadadır. Ancaq, o da bəllidir ki, azından “buz tərpənib”. İslahatların sadəcə kadr dəyişiklikləri ilə tükənmədiyini də nəzərə alsaq, insanlar daha çox struktur dəyişikliklərinə ümid edirlər.Çünki çağdaş dünya düzənində bundan uğurlu yol yoxdur. Bu, daha çox yerli özünüidarəetmə kimi daha demokratik bir düzənin cəmiyyətin həyat normasına çevrilməsinə təkan verə bilər.

Feodal düşüncə tərzi ilə idarəetmə sisteminin tərəfdarları isə, mümkün qədər fürsət tapdıqca, islahatların boğazından salanaraq, onu geri çəkməyə çalışacaqlar. Bunu onların son iki ildə tətbiq etdikləri “gözəgörünməz” siyasi texnologiyaları dış və iç siyasətimizə necə tətbiq etdikləri göstərir. Müvəqqəti də olsa prosesləri nəzarətə almaq üçün bu anti-dövlət təbliğat maşını, inanırıq ki, gec-tez iflasa uğrayacaqdır. Təbii olaraq, aparılan reformlar müsbət nəticələr verəcəksə.

Növbədənkənar Milli Məclis seçkiləri demokratizmə təkan ola biləcəkmi?

İstefaya göndərilən sabiq deputatların siyahısı gerçəkdən heyrət doğururdu. 125 nəfərlik deputatdan 42 nəfərinin yaşı 65 və 65-dən yuxarı idi. Bu siyahıda 83 yaşlı Zeynəb Xanlarova, ondan azacıq fərqlə yaşı az olan Ağacan Abıyev (82), Fəttah Heydərov (81) və Yaqub Mahmudov (80) Milli Məclisdə təmsil olunurdular. Həmin siyahıda təqaüdçülər qrupunu Ziyad Səmədzadə (79 yaş), Elxan Süleymanov (79 yaş), Arif Rəhimzadə (78 yaş), Xanhüseyn Kazımlı (77 yaş), Eldar İbrahimov (74 yaş), Rafiq Məmmədhəsənov (74 yaş), Hüseynbala Mirələmov (74 yaş), Valeh Ələsgərov (73 yaş), Mixail Zabelin (73 yaş), Əliağa Hüseynov (73 yaş), Madər Musayev (72 yaş), Əhliman Əmiraslanov (72 yaş), Fəzail Ağamalı (72 yaş), Flora Qasımova (72 yaş), Hadi Rəcəbli (72 yaş), Tahir Süleymanov (71 yaş), Yevda Abramov (71 yaş), Mahir Aslanov (70 yaş), İsa Həbibbəyli (70 yaş), Şəmsəddin Hacıyev (69 yaş), Mirkazım Kazımov (69 yaş), Tahir Rzayev (69 yaş), Elman Məmmədov (69 yaş), Rasim Musabəyov (68 yaş), Bəxtiyar Sadıqov (68 yaş), Fəzail İbrahimli (68 yaş), Araz Əlizadə (68 yaş), Eldar Quliyev (68 yaş), Cavanşir Paşazadə (66 yaş), Asim Mollazadə (66 yaş), Elmira Axundova (66 yaş), Aqil Abbas (66 yaş), Əli Məsimli (66 yaş), Gövhər Baxşəliyeva (65 yaş), Sabir Hacıyev (65 yaş), Rafael Hüseynov (65 yaş) və Mirzəcan Xəlilov (65 yaş) təmsil edirdilər. Ona görə də Azərbaycanda tələb olunan qanunvericilik sistemi demək olar ki, passiv durumda idi.
Min dəfələrlə təəssüflər olsun ki, 9 fevral 2020-ci il taixində keçiriləcək növbəti Milli Məclis seçkilərinə köhnə qvardiyanın bir sıra üzvlərindən 82 yaşlı Fəttah Heydərov, 80 yaşlı Ziyad Səmədzadə, 75 yaşlı Eldar İbrahimov, 74 yaşlı Mixail Zabelin, 73 yaşlı Fəzail Ağamalı, 73 yaşlı Hadi Rəcəbli, 71 yaşlı İsa Həbibbəyli, 69 yaşlı Fəzail İbrahimli, 69 yaşlı Rasim Musabəyov, 67 yaşlı Asim Mollazadə, 67 yaşlı Əli Məsimli və digərləri namizədliklərini yenidən irəli sürüblər. İndi onlar bizə qarşı səslərini hər şeydən uca tutaraq belə deyə bilərlər: “Biz də bu ölkənin vətəndaşıyıq. Seçmək və seçilmək hüquqlarımız vardır”.

Ancaq onu da unutmaq olmaz ki, hər bir prosesin sosial, ictimai, siyasi yönləri ilə yanaşı, bir də mənəvi tərəfi vardır. Sizlər dəfələrlə  Milli Məclisin deputatı seçilmisiniz. Bu gün hamınız təqaüd yaşındasınız. Bununla yanaşı, deputat kimi ayda 8 min manat maaş almısınız. Qanunla təqaüddə olan sabiq deputatlar aylıq maaşlarının 80 faizi həcmində dövlətdən maaş alırsınız. Ayda bu qədər para ilə ömrünüz sonuna kimi komfortlu həyat sürə bilərsiniz.
Apardığımız müşahidələrə görə, növbədənkənar parlament seçkilərinə çox sayda yeni nəsli təmsil edən namizədlər vardır. Digər yandan isə, yerli icra hakimiyyətləri,  eləcə də polis və digər güc strukturları hələ ki, seçki təbliğatlarına müdaxilə etmirlər. Belə bir yanaşım tərzi Azərbaycan üçün ilk dəfə müşahidə olunan hallardan biridir. Əslində bu seçki məmur-oliqarxiya düşüncə tərzinin tərəfdarları ilə demokratiyanın yanında yer alanların arasında gedən rəqabətdir. Namizədliyini irəli sürmüş gənclik maddi imkansızlıq ucbatından ən azından sosial şəbəkələr və digər təbliğat yolları ilə özlərini tanıtmağa, eləcə də fikir və mülahizələrini sərbəst şəkildə ifadə etməyə, həm də seçicilərlə rahat şəkildə ünsiyyət bağlamaq üçün müxtəlif texnologiyalardan rahat şəkildə istifadə edirlər. Seçicilərin namizədlərə olan ilgisi fikrimizcə hələ ki, passivdir. Ona görə ki, baş verən yeni reformlar hələ də çoxları tərəfindən həzm olunmur. Bu yöndə isə, əksər gənc namizədlər reformların fəlsəfi, sosial, ictimai xarekterini açmaq üçün passiv mövqe nümayiş etdirirlər. Fikrimizcə, hər birimiz üçün yeni olan qüsurlar da zamanla aradan qaldırılacaqdır. Bu dəfəki seçkilərdə ötənlərdən fərqli oliqrxiyanın cibinə bağlı namizədlər demək olar ki, görünmürlər. Bunun özü müsbət hadisə hesab olunur.

Deputatlığa namizədlərin proqramları və platformalarındakı bəsitlik

İstər müxalifətdə, istərsə də iqtidarda olan namizədlərin bir çoxlarının seçki prosesi ilə bağlı irəli sürdükləri konsepsiyaların çoxu demək olar ki, çox bəsitdir. Seçicilərlə görüşlərdə açıqladıqları proqramlar çağdaş standartlardan xeyli uzaqdır. Onlar sanki 19-cü yüzilin baxışları ilə cəmiyyətlə təmas qururlar. Milli Məclisin deputatı olmaq və çağdaş Azərbaycan dövlətçiliyinin hansı standartlar səviyyəsində inkişaf etməsi, bu yöndə qanunvericlik bazasının nə kimi konsepsiyalarla əhatələnməsi ideyası onların çıxışlarında yox dərəcəsindədir. Bununla yanaşı, fəal seçicilər köhnə deputatlara qarşı demək olar ki, olduqca aqressiv davranırlar. Bunun da səbəbi həmin şəxslərin bir neçə dəfə eyni dairədən deputat seçilməsinə baxmayaraq, seçicilərinə əhəmiyyət verməməsidir. Bunun adi bir örnəyi bizim yaşadığımız Nəsimi rayonunun 23-cü seçki dairəsidir. Respublika Sarayının, Ağır Cinayətlərə Dair Məhkəmənin, Nizami küçəsi, Dövlət Dəmir Yollları İdarəsinin ətrafında yaşayan seçicilərin ən çox narazı qaldığı və bir neçə dəfə bu ərazidən millət vəkili seçilmiş 80 yaşlı Ziyad Səmədzadədir. Onu bircə dəfə də olsun seçicilərlə görüşən, seçildikdən sonra isə seçicilərin şikayət və təkliflərini qəbul edən birisi olaraq görməyiblər. Ona görə də bu dairəsinin seçiciləri bir ağızdan deyilər ki: “Biz 23-cü seçki dairəsindən prezident İlham Əliyevə dəstək verən ən gənc namizədi müdafiə edəcəyik”.
Azərbaycan dövlət bağımsızlığının 30 illiyinə qədəm qoyur. Ötən 30 ildə yeni nəsillər yetişib. Onlar faktiki olaraq, imperiya petropoliyasının süzgəcindən keçərək bu həyatı yaşamayıblar. Bağımsız bir dövlətin vətəndaşı kimi tamamilə yeni düşüncəyə sahib olan nəsli təmsil edirlər. Ona görə də, qəbul olunan qanunlar dövlətimizin bağımsız siyasətinin hədəflərinə xidmət etməlidir. Milli Məclisin özünü buraxmasının fəlsəfəsi bundan ibarətdir. Kadr islahatlarının aparılması, yeni idarəetmə sisteminin gündəmə gətirilməsi məhz bu amala bağlıdır. Feodalizm təfəkkür tərzi ilə idarəetmə anlayışı 20-ci yüzilin ilk çağında gömülsə də, genetik baxımdan bu ideyanın daşıyıcılarının Azərbaycanda hakimiyyətdə qalmasına qətiyyən yol vermək olmaz. Milli Məclislə bağlı keçirilən seçkilər də bu mahiyyətlə dəyərləndirilməlidir. Bəsit düşüncələri ilə öz iddialarını və hikklərini ortaya qoyanlar inanmaq istərdik ki, bu seçkilərdə fiaskoya uğrasınlar.

Ənvər BÖRÜSOY